Oktyabrın 5-də Azərbaycan Tibb Universitetinin (ATU) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, universitetin professor-müəllim və tələbə heyətinin üzvləri iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları foyedə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
ATU-nun akt zalında davam edən mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev yubiley münasibətilə universitetin müəllim-tələbə kollektivini təbrik etmişdir. O bildirmişdir ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Nazir buna görə bütün səhiyyə işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
ATU-nun yubileyinin Azərbaycanın bütün həkimlər ordusu üçün bayram olduğunu vurğulayan nazir, son illər ölkəmizin səhiyyə sistemində olduğu kimi, universitetdə də böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını, yeni tədris korpuslarının inşa olunduğunu vurğulamış, burada təhsilin müasir tələblər səviyyəsinə qaldırılması, bu ali məktəbin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün faydalı işlər görüldüyünü qeyd etmişdir.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin 80 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında sərəncamları oxunmuş, həmin mükafatlar sahiblərinə təqdim edilmişdir.
Universitetin bir qrup əməkdaşının Səhiyyə Nazirliyinin Fəxri fərmanlarına layiq görüldüyünü qeyd edən nazir Oqtay Şirəliyev bu mükafatları da sahiblərinə təqdim etmişdir.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov universitetin əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırmışdır.
Universitetin tarixinə ekskurs edən rektor ölkəmizin yeganə ali tibb təhsili müəssisəsi olan Azərbaycan Tibb Universitetinin Azərbaycan Xalq Komissarları Sovetinin 1930-cu il mayın 9-da verdiyi qərara əsasən təşkil edildiyini bildirmişdir. Buna qədər isə ölkəmizdə ali tibb təhsili 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin tibb fakültəsində tədris olunmuşdur.
Bildirilmişdir ki, 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə 490 nəfər qəbul edilmişdir. Həmin fakültənin ilk buraxılışı 1922-ci ildə olmuş, 30 nəfər məzuna həkim diplomu verilmişdir. Onların arasında cəmi 3 nəfər azərbaycanlı olduğu qeyd edilmişdir. Onlardan Ceyran Sultanova səhiyyə sahəsində fəaliyyət göstərərək respublikanın tanınmış həkimlərindən biri, Adilə Şahtaxtinskaya isə respublikamızda qadınlar arasında ilk elmlər doktoru dərəcəsi alan mama-ginekoloq olmuşdur. Fakültənin BDU-nun nəzdində fəaliyyət göstərdiyi müddətdə buranı 1500 həkimin bitirdiyi bildirilmişdir.
On bir il ərzində Bakı Dövlət Universitetinə digər sahələri təmsil edən alimlərlə yanaşı, həkimlərin də rəhbərlik etdiyi vurğulanmışdır.
Bildirilmişdir ki, 1930-cu ildən müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başlayan Azərbaycan Tibb Universiteti ölkədə tibb elminin və ali təhsilli tibb kadrları hazırlığının yeganə mərkəzidir. Azərbaycanda mütəşəkkil səhiyyə sisteminin yaranması, inkişafı və ixtisaslı kadrlarla təmin edilməsi bütünlüklə ATU-nun fəaliyyəti ilə bağlıdır.
Tibb Universitetinin və Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış bu ali təhsil ocağının ilk rektorlarını dərin hörmətlə xatırlayan akademik Ə.Əmiraslanov onların sırasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, məhz Əziz Əliyevin universitetə rəhbərlik etdiyi illərdə yüksək inkişaf göstəriciləri qeydə alınmış, onun maddi-texniki bazası xeyli möhkəmlənmişdir.
Bildirilmişdir ki, əsasının qoyulmasının 90 və müstəqil fəaliyyətə keçməsinin 80 illiyini qeyd edən ATU Azərbaycan tibb elminə böyük şöhrət gətirmiş M.Mirqasımov, M.Topçubaşov, C.Abdullayev, Z.Əliyeva, A.Qarayev, Z.Məmmədov, Ə.Qarayev, C.Hüseynov, F.Əfəndiyev, Ü.Musabəyli, Ə.Həsənov, K.Balakişiyev və başqaları kimi görkəmli tibb alimlərinin adı ilə qürur duyur, onların xatirəsini dərin hörmətlə yad edir.
Yarandığı vaxtdan bu günədək xalqımız üçün çox gərəkli olan bir missiyanın kollektiv tərəfindən şərəflə həyata keçirildiyini vurğulayan rektor, bütün Azərbaycan səhiyyəsi kimi, Tibb Universitetinin də ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin respublikamızın rəhbəri olduğu illərə təsadüf etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra 1998-ci və 2000-ci illərdə universitetdə olması, gələcək həkimlərə dəyərli məsləhətlər verməsi bu ali təhsil ocağının yeni tarixində mühüm mərhələlərdən birinə çevrilmişdir. Ulu öndərin səyi nəticəsində 1998-ci ildə ATU-nun on bir mərtəbəli tədris korpusu tikilib istifadəyə verilmişdir. Yeni binada 10 nəzəri kafedra, tibbi kitabxana, "Təbib" nəşriyyatı yerləşir. Binada 500 yerlik geniş akt zalı vardır. Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar müasir tələblərə cavab verən avdanlıqla təchiz edilmişdir.
Fərəhli haldır ki, son illərdə ATU-nun maddi-texniki bazası daha da möhkəmləndirilmiş, aparılan islahatlar tibb təhsilinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əsaslı dönüş yaratmış, universitetin öz klinikaları fəaliyyət göstərməyə başlamışdır.
Belə ki, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində ATU-nun ilk klinikası olan stomatoloji klinika fəaliyyətə başlamışdır. 2007-ci ildə isə Prezident İlham Əliyevin yaxından köməyi nəticəsində möhtəşəm onkoloji klinika təşkil olunmuşdur. Qeyd edilmişdir ki, hər iki klinika ən müasir avadanlıqla təchiz edilərək dünya standartlarına uyğun səviyyədə əhaliyə tibbi xidmət göstərir. Bu klinikaların nəzdində ATU-nun müvafiq kafedralarının professor-müəllim heyəti, əməkdaşları tədris-metodik, elmi, müalicə-diaqnostika işləri ilə məşğul olur, yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında fəal iştirak edirlər.
Dövlətimizin başçısının sərəncamları ilə 2007-ci və 2008-ci illərdə müvafiq olaraq çoxprofilli terapevtik, eləcə də cərrahiyyə klinikalarının yerləşəcəyi binaların təməli qoyulmuşdur. On dörd mərtəbəli terapevtik klinikanın tikintisi uğurla başa çatdırılmış və bu günlərdə Prezident İlham Əliyevin şəxsən iştirakı ilə istifadəyə verilmişdir. Cərrahiyyə klinikasının da tikintisinin yaxın vaxtlarda başa çatdırılacağı qeyd edilmişdir. Vurğulanmışdır ki, müasir tələblərə cavab verən belə klinikaların inşası nəticəsində tələbələr şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən xəstəxanalara getmək məcburiyyətində qalmayacaqlar.
Böyük tarixi ənənələrə malik olan Azərbaycan Tibb Universitetinin bu gün də məhsuldar dövrünü yaşadığını vurğulayan rektor bildirmişdir ki, ötən müddətdə səhiyyəmizə 65 mindən çox həkim və əczaçı kadr bəxş edən universitet xeyli böyümüşdür. İndi bu ali təhsil ocağına 7 fakültə, 3 klinika, 9 dekanlıq, 14 şöbə, 74 kafedra, 11 kurs, 6 tədris korpusu və digər elmi tədqiqat və tədris mərkəzləri daxildir.
Qeyd edilmişdir ki, bu klinika və laboratoriyalarda xəstəliklərin diaqnostikası və müalicəsinin yeni üsulları işlənib hazırlanır və tədqiq olunur.
ATU-nun geniş beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verən rektor bildirmişdir ki, universitet Türkiyənin, İranın, Rusiyanın və başqa ölkələrin tibb müəssisələri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq razılaşma, müqavilə və sazişlər əsasında bu ölkələrin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi aparır. Universitetin məzunlarının hazırda dünyanın 28 ölkəsində fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor əməkdaşların TASİS, TEMPUS və DAAD kimi beynəlxalq qrant layihələrində də uğurla iştirak etdiyini bildirmişdir.
Mərasimdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov zəngin pedaqoji və elmi ənənələrə malik ali təhsil ocağının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Təntənəli yubiley münasibətilə ATU-nun kollektivini təbrik edən təhsil naziri Misir Mərdanov hər bir Azərbaycan vətəndaşının sağlamlığının mühafizəsində bu ali təhsil ocağının məzunlarının əvəzsiz rol oynadığını vurğulamış, universitet əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış ağır, acınacaqlı vəziyyəti xatırladan təhsil naziri məhz ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti və Prezident İlham Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycanın bütün sahələrdə, eyni zamanda, səhiyyə sahəsində böyük nailiyyətlərə imza atdığını vurğulamışdır. Bütün bu uğurlara görə ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əydiyini deyən təhsil naziri sürətlə inkişaf edən Azərbaycanda tibbi xidmətin də müasir standartlar səviyyəsinə qaldırılması işində ATU-nun kollektivinə uğurlar diləmişdir.
Mərasimdə çıxış edən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Almaniyanın Axen Universitetinin Himayədarlar Şurasının sədri, Psixiatriya Assosiasiyasının prezidenti Frank Şnayder, Azərbaycan Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev və Azərbaycan Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov universitetin kollektivini yubiley münasibətilə təbrik etmiş, onlara ölkədə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.