5 oktyabr Beynəlxalq Müəllim Günüdür

"Bu gün tələbəyik, sabah müəllim"
Ulu öndərimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstitutu və on iki bölgə filialı yüksək ixtisaslı pedaqoji kadr hazırlığında əvəzsiz rola malikdir. İnstitutun filiallarından biri də Cəlilabad şəhərində yerləşir. İndiyədək bu filialı bakalavr təhsili üzrə yüzlərlə gənc bitirmiş və müəllim kimi fəaliyyətə başlamış, həmçinin çoxlu sayda müəllim burada ixtisasını artırmış, təkmilləşmə və yenidən hazırlıq kursları keçmişdir. Bu istiqamətlərdə fəaliyyətini daim yeniləşdirən təhsil ocağı ötən ay yeni dərs ilinə mütəşəkkil hazırlıqla qədəm qoymuş və Beynəlxalq Müəllim Gününü də uğurlarla qarşılamışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı gözəl cənub şəhərinin şimal hissəsində, yaşıllıqlar və gül-çiçək arasında yerləşən ikimərtəbəli binada ünvan tapmışdır. Filialın müasir tələblərə cavab verən, 24 auditoriyalı tədris korpusu, fənn kabinetləri, müasir kompyuter mərkəzi, kitabxana və oxu zalı, akt salonu, yeməkxana və bufeti, futbol, voleybol və basketbol meydançası, türk sistemi ilə qurulmuş qazanxanası var. Demək olar ki, filial paytaxtdakı universitet binalarından heç də geri qalmır. Azərbaycanda həyata keçirilən dünyəvi dövlət quruculuğu proseslərinin tərkib hissəsi olan təhsil sistemimizin yeniləşmə ab-havası burada da özünü göstərməkdədir.
Biz yeni dərs ilində filialda olarkən tənəffüsdən istifadə edərək tələbə adını qazanmış gənclərdən bir qrupu ilə söhbət edib ürək sözlərini dinlədik.
- Tələbə olduğum üçün sevincimin həddi-hüdudu yoxdur. Təsəvvür etməzdim ki, burada belə gözəl şərait var. Maddi-texniki baza zəngindir. Dövlətimizin yaratdığı bu imkandan səmərəli istifadə edərək yaxşı oxuyacaq, etimadı doğruldacağıq.
-Bu gün tələbə kimi filialın qapılarını açdıq. Dörd ildən sonra isə ali təhsilli müəllim kimi məktəblərə dərs deməyə gedəcəyik. Buna görə də yüksək bilik qazanmalı, tam hazırlıqlı olmalıyıq. Bizə bu imkan verilib, qalır lazımınca bəhrələnmək - o da bizlikdir.
- Mənə elə gəlir ki, harada - Bakıda və ya Cəlilabadda ali təhsil almağın fərqi yoxdur. Əsas odur ki, biliyinə, savadına görə döşünə döyə biləsən. Valideynlərimiz və müəllimlərimiz arxayın ola bilərlər: elə də edəcəyik.
Elə bu vaxt növbəti dərsin başlandığını bildirən zəng vuruldu və müsahiblərimiz tələsik auditoriyalara yollandılar. Heç imkan tapıb adlarını da qeyd edə bilmədik. Bizi müşayiət edən Xudayar müəllim bu hala gülümsünüb belə bir açıqlama verdi:
- Dərslər başlanan ilk andan tələbələrə daxili qayda-qanunu başa salmış və bildirmişik ki, məşğələlərə gecikmək olmaz, bu, müəllimə hörmətsizlik sayılır. Sizdən tələsik ayrılıb getmələrinin səbəbi budur.
Xudayar müəllim filialın yükünü daşıyanlardandır, - desək, yanılmarıq. Bu sahədəki xidmətlərinə görə ötən ilin sonunda "Tərəqqi" medalına layiq görülüb. Pedaqoji sahənin əsl cəfakeşi sayılır.
Filialın direktoru Vədud Məmmədov:
-Belə müəllimlərə, elmi-pedaqoji kadrlara arxalanırıq. Səmimi, işgüzar, dedi-qodusuz kollektivimiz var. Əlli nəfərlik professor-müəllim heyətimiz əlindən gələni edir ki, uğurlarımız günbəgün artsın. Onların arasında alimlər, doktorantlar, dissertantlar da az deyil. Müəllimlərin əksəriyyəti planlı şəkildə AMİ-də və respublikanın müvafiq elmi-pedaqoji institutlarında ixtisasartırma kurslarından keçmiş, fəal və interaktiv təlim metodlarını dərindən öyrənmiş, müvafiq sertifikatlar almışlar. Elə tələbələrimiz də buradakı ciddi,işgüzar ab-havanı tez tutur, nümunəvi olmağa çalışırlar.
Bir neçə il öncə institutumuza yeni rəhbərlik təyin olunandan sonra yerlərdə müəllim kadrlarının hazırlığına münasibət kökündən dəyişilib. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə düzgün istiqamət verilib. Müasir proqram materiallarının icrasını təmin edən zəruri maddi-texniki bazalar yaradılıb. Məhz institutumuzun rektoru, professor Aqiyə xanım Naxçıvanlının qayğıkeşliyi, tələbkarlığı sayəsində qarşıya qoyulan vəzifələrə görə məsuliyyət hissimiz birə-beş qat artıb. İnstitutun ölkədə nüfuzu xeyli yüksəlib.
Bizim filialın tədris korpusu 2006-cı ildə Dünya Bankı tərəfindən təmir olunmuş, su, kanalizasiya, enerji və istilik sistemləri yenidən qurulmuş, filial üçün ayrıca transformator qoyulmuş və yeni qazanxana tikilmişdir. Dünya Bankının hesabına inzibati otaqlara, auditoriyalara, kitabxana, kabinet və laboratoriyalara lazımi avadanlıqlar gətirilmişdir. Rəhbərliyin diqqət və qayğısını hər gün hiss edirik. Bu, bizi daha yaxşı çalışmağa ruhlandırır.
Vədud müəllim daha sonra dedi ki, cənub bölgəsində pedaqoji kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə bu filialın yaradılması ümummilli liderimiz, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu öndər bununla daha bir elm ocağının bünövrəsini qoyub, sönməyən məşəl yandırıb. Bakıya gedib oxumağa imkanı çatmayan gənclər üçün buranın tələbəsi olmaq xüsusilə əlverişlidir. Cəlilabad filialında neçə-neçə rayondan tələbələr uğurla təhsil alırlar. Hətta ətraf rayonlardan elə ailələr var ki, bir neçə övladı bu filialın məzunu və ya tələbəsidir. Məsələn, Masallı rayonunun Sığdaş kəndindən olan bir adi ailədən beş nəfər (dörd qız və bir oğlan) tələbə filialı müvəffəqiyyətlə bitirmişdir.
Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, əgər ulu öndərimiz AMİ-nin və filiallarının yaradılması haqqında fərman vermişdirsə, onların inkişaf etdirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə bağlıdır. "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007-2010-cu illər)" ilə bağlı imzalanmış və uğurla həyata keçirilən sərəncam buna parlaq nümunədir.
Hazırda Cəlilabad filialında 378 tələbə təhsil alır. İxtisasartırma təhsilini 2000-dən artıq, yenidənhazırlanma təhsilini 300-dən çox müəllim bitirmişdir. İbtidai təhsilin pedaqogikası, məktəbəqədər təhsilin pedaqogikası, Azərbaycan dili və ədəbiyyatı, tarix fakültələrində elmlər yüksək peşəkarlıqla, səbr və təmkinlə öyrədilir. Bütün tədris plan və proqramları, digər vəsaitlər Müəllimlər İnstitutu tərəfindən vaxtında hazırlanaraq göndərilir. Xüsusilə pedaqoji kadrların ixtisasının artırılması, yenidənhazırlanması və təkmilləşdirilməsi işi yenidən qurulmuşdur.
Cəlilabad filialının dislokasiyasına daxil olan Cəlilabad, Masallı, Biləsuvar və İmişli rayonlarında çalışan pedaqoji kadrların bir çoxu 12 kateqoriya üzrə ixtisasartırma keçmişdir.
Müsbət hal kimi qeyd olunmalıdır ki, rayon təhsil şöbələrinin, onların metodkabinetlərinin, məktəb direktorları və dayaq məntəqələrinin birgə səyləri və həyata keçirilən tədbirlər nəticəsində əvvəlki illərə nisbətən belə məntəqələrin və onlara cəlb olunan müəllimlərin sayı çoxalmışdır. Həmçinin yeni dərs ilindən başlayaraq daha yüzlərlə müəllim ixtisasartırmaya cəlb edilir.
Filialda Tələbə Elmi Cəmiyyəti yaradılmışdır və səmərəli fəaliyyəti ilə diqqət çəkir. Cəmiyyət əsasnəməyə uyğun iş planı üzrə işləyir. Bilikli, elmli gənclər burada birləşərək özlərini indidən çətin sınaqlara hazırlayırlar...
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı ilə tanışlıq bizdə belə bir qənaət yaratdı ki, "bu gün tələbəyik, sabah müəllim " deyən gənclərin yüksək ixtisas almaları üçün burada hər cür imkan və şərait mövcuddur.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında