Nəriman Nərimanov - 140

Azərbaycan xalqının unudulmaz oğlu
Görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı, dramaturq, publisist Nəriman Nərimanovun anadan olmasının 140 ili tamam olur. Xalqımız bu vətənpərvər şəxsiyyətin xatirəsini həmişə uca tutur, yubileylərini təntənə ilə qeyd edir, onun həyat yoluna və çoxşaxəli yaradıcılığına yenidən nəzər salır, ruhuna hörmət əlaməti olaraq müxtəlif tədbirlər keçirir.
N.Nərimanov ibtidai məktəb müəllimliyindən SSRİ Mərkəzi İcraiyyə Komitəsinin ilk 4 sədrindən biri vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Həm sağlığında, həm də vəfatından sonra onun irsi müxtəlif cəhətlərdən tədqiqat obyekti olmuş, görkəmli şəxsiyyətlər onun barəsində yüksək fikirlər söyləmişlər. Bu mənada ona həsr edilmiş ən böyük tədbir sağlığında, 1925-ci il fevralın 25-də keçirilmiş təntənəli yubiley mərasimidir. Tədbir onun 55 illik yubileyinə, ictimai və ədəbi fəaliyyətinin 30 illiyinə həsr edilmişdir. Mərasim SSRİ MİK nəzdində olan Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti tərəfindən keçirilmişdir. Ümumittifaq xarakteri daşıyan bu yubiley münasibətilə görkəmli dövlət xadimləri, alimlər, rus şərqşünasları, o cümlədən tanınmış ictimai xadim A.Lunaçarski tərəfindən məqalələr yazılmış, SSRİ Xalqları Mərkəzi Nəşriyyatı onun qısa tərcümeyi-halı ilə bərabər "Məqalə və məktubları" adlı kitabçanı, "Bahadır və Sona", "Pir" əsərlərini rus dilində nəşr etmişdir. 1926-cı ildə Moskvada onun iki cildlik əsərləri də rus dilində çap olunmuşdur. Bu, xalqımızın unudulmaz oğlu N.Nərimanovun keçmiş SSRİ miqyasında onun tarixi xidmətlərinə verilən yüksək qiymət idi. Onu da qeyd edim ki, Moskva Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun adını daşımışdır.
Nəriman Nərimanovun vəfatından sonra ölkədə baş verən məlum hadisələrlə bağlı olaraq o da bir növ unuduldu. 1935-ci ildə onun yalnız bədii əsərləri çap olunmuşdur.
N.Nərimanovun zəngin irsinin tədqiqinin ikinci və əsas mərhələsi keçən əsrin 50-ci illərindən başlandı. Sovetlər hakimiyyətinin təxminən 30 illik bir dövrü ərzində N.Nərimanovun nəinki həyat və fəaliyyəti tədqiqata cəlb edilmədi, hətta onun adı belə yasaq edildi. Nə orta, nə də ali məktəblərdə təhsil alan gənclərə onun barəsində heç bir məlumat verilmədi.
Şəxsiyyətə pərəstiş dövrünün qara pərdəsinin aradan qaldırılması N.Nərimanovun fəaliyyətinə də bir növ işıq saldı.
N.Nərimanovun həyatı və fəaliyyəti barədə ilk məlumat tədqiqatçı jurnalist Həsən Şahgəldiyevin 1956-cı ildə "Təbliğatçı" jurnalında dərc edilmiş bir məqaləsi ilə başlandı. O vaxtdan da N.Nərimanovla bağlı tədqiqatçıların ilkin dəstəsi meydana gəldi. Bu sahədə ilk tədqiqat mərhum Vəli Məmmədova məxsusdur.
Onun 1957-ci ildə nəşr etdirdiyi "Nəriman Nərimanov" adlı kiçik formatlı, lakin dərin məzmunlu kitabçası o dövrdə və sonralar bütün tədqiqatçılar üçün bir növ bələdçi oldu. Bu sətirlərin müəllifi 1957-ci ildə bu kitabın məziyyətlərinə aid bir məqalə ilə çıxış etmişdir. "Dəyərli tədqiqat əsəri" adlanan bu məqalə "Azərbaycan gəncləri" qəzetinin 20 noyabr 1957-ci il tarixli sayında çap edilmişdir. Bu məqalə müəllifin "Seçilmiş pedaqoji əsərləri"nin XIV cildinə daxil edilmişdir. (səh. 7-11). Bu gün çox təəssüflə qeyd etmək istəyirəm ki, V.Məmmədov yazdığı namizədlik dissertasiyasını müdafiə etmədi. Hər dəfə bu barədə söhbət düşəndə o deyərdi: "Nə qədər ki, Mikoyan ordadır, mən müdafiə edə bilmərəm. Çünki mən qəzetlərin birində onun daşnak libasında şəklini görmüşəm. Mən müdafiə etməli olsam, bu işin üstünü açmalıyam. Buna isə bu gün imkan yoxdur". Son hadisələr göstərdi ki, nəinki Mikoyan, hətta Şaumyan da daşnak imiş.
Sonralar Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, akademik Firidun Köçərli, mərhum professorlardan M.Qazıyev, M.Rəfili, akademik C.Quliyev, filologiya elmlər doktoru, əməkdar elm xadimi Müseyib Məmmədov, filologiya elmləri doktoru Teymur Əhmədov, keçmiş xarici işlər naziri Həsən Həsənov, fəlsəfə elmləri namizədi Firdovsiyyə Əhmədova və başqaları N.Nərimanovun həyat və yaradıcılığı, onun elmi-ədəbi, fəlsəfi, siyasi, tibbi və pedaqoji irsinin tədqiqi, təbliği və tədrisi sahəsində böyük, uğurlu işlər görmüşlər və bu nəcib iş bu gün də davam etdirilir. Bu gün ölkəmizdə Nərimanov irsinin böyük bir tədqiqatçı dəstəsi, nərimanşünaslar fəaliyyət göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, N.Nərimanov əmək fəaliyyətinə müəllim kimi başlamışdır. O, ilk təhsilini Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyası nəzdindəki ibtidai məktəbdə almışdır. 1882-ci ildə 12 yaşında ikən bu məktəbə daxil olmuş, 1885-ci ildə oranı bitirdikdən sonra seminariyanın Azərbaycan şöbəsinə daxil olmuşdur. 1890-cı ildə seminariyanı bitirmişdir. Yeri gəlmişkən, keçən ilin sentyabr ayında yaradılmasının 130 ili tamam olan bu şöbə fəaliyyət göstərdiyi təxminən 40 il ərzində 250-dən artıq əsl xalq müəllimi hazırlamışdır. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqogikasının görkəmli nümayəndələrinin pedaqoji ideyalarından və qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri! Elm və maarif məşəlini Zaqafqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandıran, elm, maarif, mədəniyyət və incəsənət carçıları! Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olmuş, müəllimlik sənətinin, öz peşəsinin vurğunu olmuş, xalqa bilik verməyi qarşılarına məqsəd qoymuş, özlərini xalq yolunda şam kimi əridən neçə-neçə cavanlar! Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyov, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib İlyasov, Əhməd Seyidov, Teymur Quliyev və onlarla başqaları. İrəlidəkilər seminariyanın sinif otaqlarına ilk qədəm qoyanlar, sonuncular şöbənin sonbeşikləri. Hər biri bir tarixi şəxsiyyət, hər biri sənətkar, hər biri bir ustad!
Çarizmin ucqarlarda xalq maarifi sahəsindəki mürtəce siyasəti ilə əlaqədar Azərbaycan şöbəsinin Azərbaycandan uzaqda, Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili XIX əsr müəllim kadrları hazırlığında mühüm mərhələ təşkil edir. Həmin məzunlar Azərbaycanda xalq maarifinin məşhur carçıları, dünyəvi təhsilin ən fəal intişar etdiriciləri oldular. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil almışlar.
Onlardan biri də, gələcəyin məşhur pedaqoqu, maarifçisi, görkəmli dövlət xadimi Nəriman Nərimanov idi. Seminariya təhsilini başa vuran gənc Nəriman Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd məktəbinə müəllim vəzifəsinə göndərilmişdir.
1875-ci ildə kənd əhalisinin vəsaiti ilə təsis edilən Qızılhacılı məktəbi bütün Borçalı qəzasında azərbaycanlılara dünyəvi təhsil verən yeganə maarif ocağı idi. Qızılhacılı kəndinin ümumi geriliyi, əhalinin avam hissəsinin elmə və məktəbə laqeyd münasibəti Nərimanovun hələ seminariyada ikən yazmağa başladığı "Nadanlıq" əsəri üçün çoxlu material vermişdi. O, Qızılhacılı kəndində müəllim işləyərkən "Nadanlıq" əsərini yazıb qurtarmışdı.
N.Nərimanov özünün çoşğun fəaliyyəti, kənd əhalisinə olan qayğısı nəticəsində zəhmətkeşlərin dərin hörmətini qazanmışdı. Vaxtilə onun dərs dediyi həmin məktəbə sonralar Nərimanovun adı verilmişdir.
Qızılhacılı kənd məktəbində bir il müəllimlik edən Nərimanov 1891-ci ildə Bakı şəhərinə köçmüş və burada daha genişmiqyaslı ictimai-pedaqoji fəaliyyətə başlamışdı.
Bu zaman Qori seminariyası məzunlarının çoxu Bakıda xalq maarifi sahəsində çalışırdı. Onlar M.F.Axundov ənənələrini davam etdirərək, xalq arasında qabaqcıl elmi və mədəni fikri yayırdılar. Belə bir dövrdə Bakıya gələn N.Nərimanov yeni məktəb açmağa təşəbbüs göstərir. Lakin onun bu təsəbbüsü nəticə vermir və o, S.M.Qənizadənin köməyi ilə A.İ.Pobedonostsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilir. Həmin məktəb xüsusi məktəb olduğundan orada işləyən dövlət qulluqçusu hesab edilmirdi. Onlar dövlət məktəblərində çalışan müəllimlər üçün ayrılmış imtiyazlardan istifadə etmək hüququndan məhrum idilər. Maddi vəziyyətinin ağır keçməsinə baxmayaraq, Nərimanov bu məktəbdə 5 il fəaliyyət göstərmiş, azərbaycanlı balalarının təhsilə cəlb edilməsinə, şagirdlərin sayının artmasına çalışmışdır.
Bakı şəhəri pedaqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov Bakı Realnı Məktəbinin direktoru tərəfindən 1896-cı ilin əvvəllərində məktəbə Azərbaycan dili müəllimi və sinif mürrəbbisinin köməkçisi vəzifəsinə dəvət edilmişdir. Sonralar isə Bakı Oğlan Klassik Gimnaziyasında fəaliyyətini davam etdirmişdir.
N.Nərimanovun əməli pedaqoji fəaliyyəti həm də Bakı bazar günü məktəbi və axşam kursları ilə əlaqədardır. XIX əsrin sonlarında Bakı şəhərində qabaqcıl müəllimlər tərəfindən müxtəlif tədris müəssisələri nəzdində təşkil edilən bazar günü məktəbi və axşam kursları fəaliyyət göstərirdi. Bazar günü məktəbləri demokratik fikirli ziyalıların, maarifçilərin təsiri altında idi. Bazar günü məktəblərində və axşam kurslarında mütərəqqi ziyalılar - müəllimlər, həkimlər, yazıçılar pulsuz işləyir, yaşlı əhaliyə savad öyrədir, qabaqcıl ideyaları yayır, həmin məktəb və kursların xeyrinə teatr tamaşaları göstərirdilər.
Onların içərisində Bakı Klassik Gimnaziyasının Azərbaycan dili müəllimi və sinif mürəbbisi köməkçisi, gələcəyin məşhur maarifçisi N.Nərimanov, görkəmli yazıçı Ə.Haqverdiyev və başqaları da var idi. Bakı bazar günü məktəbi özünün müvəffəqiyyətləri ilə bütün Rusiya bazar günü məktəbləri içərisində fərqlənmiş, 1896-cı ildə Nijni-Novqorodda açılmış Ümumi Rusiya sərgisinin ikinci dərəcəli diplomu ilə təltif edilmişdir.
Hökumətin bu məktəbləri "sayıq nəzarət altında saxlamaq" siyasəti yürütməsinə baxmayaraq, N.Nərimanov və onun məslək dostları yaşlı əhalini savadlandırır, sosial-ictimai və pedaqoji fikirləri təbliğ edirdilər.
XIX əsrin sonlarında özünün ideya dostları olan S.M.Qənizadə, H.Mahmudbəyov, Ə.Cəfərzadə və başqaları ilə bərabər təşkil etdikləri ilk milli kütləvi kitabxana-qiraətxana (sonralar "Nərimanov qiraətxanası" adlanmışdır) şəhər zəhmətkeşlərinin və ziyalılarının böyük rəğbətini qazanmışdır. Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzeti, Tiflisdə erməni dilində nəşr olunan "Murc" ("Çəkic") jurnalının səhifələrində bu kitabxana-qiraətxana haqqında maraqlı məlumatlar diqqəti cəlb edir. Bu kitabxana-qiraətxanaya davam edən oxucuların ümumi sayını diqqətə çəkən jurnal yazırdı ki, "bu rəqəmlər bəlkə də bizim erməni qiraətxanalarının bir çoxunda yoxdur".
Bakıya gəldiyi ilk gündən qızğın ədəbi-bədii yaradıcılıqla məşğul olan N.Nərimanov əsrin sonlarına yaxın, bir-birinin ardınca özünün "Dilin bəlası" və ya "Şamdan bəy", "Bahadır və Sona", "Nadir şah" kimi məşhur əsərlərini nəşr etdirmişdir.
N.Nərimanovun çox mühüm xidmətlərindən biri də ana dilinin keşiyində ayıq-sayıq durması, onu qoruyub və inkişaf etdirməsi idi. Özünün xələfləri və müasirləri kimi Nərimanov da bu məqsədlə ana dilində dərslik yazaraq çap etdirmişdir. Ana dilinə aid dərslik yazmaq o zamanlar çox mühüm hadisə idi.
Ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərmanında XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid dərslik və dərs vəsaiti yazıb nəşr etdirənlərin cərgəsində N.Nərimanovun adını da vurğulamışdır. Həmin fərmanda deyilir: "Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərslik və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".
Bu baxımdan onun 1899-cu ildə yazdığı "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", "Türk dilini müəllimsiz öyrənməkdən ötrü ruslar üçün asan kitabça", "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça" adlı əsərləri diqqəti cəlb edir. Bu kitablarda, xüsusilə "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" adlı dərslikdən uzun müddət Azərbaycan məktəblərində istifadə edilmişdir.
N.Nərimanovun fəaliyyətində nəzəri cəlb edən məsələlərdən biri də onun öz dövrünün mütərəqqi pedaqoji tələblərini düzgün təyin edə bilməsidir. XIX əsrin sonunda Rusiyada olduğu kimi, Zaqafqaziyada və Azərbaycanda da böyük bir mütərəqqi hərəkat mövcud idi. Bü hərəkat ədəbiyyat, mətbuat ilə bərabər, əsasən məktəb və xalq maarifi sahəsində özünü daha çox göstərirdi. Geniş xalq kütləsi arasında bu hərəkatın genişlənməsi çar məmurlarını ciddi vahiməyə salmışdı. Rusiya Daxili İşlər Nazirliyi bütün quberniya və vilayətlərə məxfi məktublar göndərərək, bu hərəkatın məqsədinə, onun başçılarına aid məlumatlar toplayırdı. Polis departamentinin məxfi məktublarından birində deyilirdi: "Polis departamentinə daxil olan məlumatlarda son zamanlar tatar (Azərbaycan - H.Ə.) ədəbiyyatında tamamilə yeni təsir göründüyü göstərilir və bu yeni təsir hər şeydən əvvəl, yeni məktəb ideyası, ana dili təlimi ilə əlaqədardır". İrəvan və Bakı qubernatorlarının cavab məktublarında yenilik tərəfdarları siyahısında M.T.Sidqi, H.Zərdabi, S.M.Qənizadə, H.Mahmudbəyov ilə bərabər N.Nərimanovun da adı vardı (Gürcüstan MDA, f.12, s.7, iş №2457, v20).
Cavan vaxtında ömrünü Azərbaycan xalqının maariflənməsinə, onun tərəqqisi uğrunda mübarizəyə həsr edən Nərimanovun səhhəti pozulmağa başlayır və həkimlərin məsləhəti ilə 1902-ci il yanvarın 1-də gimnaziyadan çıxır. Bununla da, onun müəllimlik fəaliyyəti əsasən başa çatır. Lakin o, bilavasitə pedaqoji fəaliyyətlə məşğul olmasa da, mətbuatda dərc etdirdiyi silsilə məqalələrində və çoxlu çıxışlarında dövrünün bir sıra mühüm pedaqoji problemlərinin həllinə çalışmışdır.
1902-ci ildə imtahan verərək "kamal" attestatı alan Nərimanov Odessa şəhərindəki Novorossiyski Universitetinin tibb fakültəsinə daxil olmuş və 1908-ci ildə oranı bitirmişdir. O, Bakıda həkimliklə məşğul olmaqla yanaşı, xalqın ictimai şüurunun artmasına çalışır. Fəaliyyəti nəzarət altına alınan Nərimanov Tiflisə gedir və orada həkimlik işini davam etdirir. Lakin xalq arasında inqilab ideyaları yaydığına görə 1909-cu il martın 1-də Tiflisdə həbs edilir.
Tiflis Quberniya Jandarm İdarəsi daxili işlər nazirinə göndərdiyi məktubunda xahiş edirdi ki, "həkim Nərimanov yalnız ölkədə yaşayan İran təbəələrinə deyil, həmçinin rus təbəəsi olan iranlılara da son dərəcə zərərli təsir göstərdiyinə görə... beş il müddətinə Sibirin uzaq yerlərindən birinə sürgün edilsin...". Ancaq o, oktyabr ayında 2 il müddətinə Həştərxana sürgün edilir. N.Nərimanov siyasi məhbus kimi sürgün edilməsinə baxmayaraq, yerli əhali onu rəğbətlə qarşılamışdır. Nərimanovun Həştərxana gəlməsindən 5 gün sonra, oktyabrın 11-də yerli "Bürhani-tərəqqi" qəzetinin 98-ci nömrəsində dərc edilmiş "Doktor Nəriman bəy" adlı məqalədə deyilirdi:
"Əziz cənab Nəriman! Siz heç vaxt fikirləşməyin ki, qürbətdə və ixtiyarsızsınız. Yox, savadlı adam üçün qürbət yer yoxdur. Onun üçün hər yer vətəndir. Siz xalq üçün hər yerdə eyni ilə qiymətləndirilən ən dəyərli cəvahirsiniz. Bu qiymətli cəvahirlər vətəndə o qədər qiymətləndirilmir, nə qədər ki, başqa yerdə. İndi Həştərxan sakinləri Sizin gəlişinizə gərək sevinsinlər. Siz onlara böyük xeyir verəcəksiniz".
Nərimanov sürgündə olmasına baxmayaraq, oradakı xalq universiteti və "Şurayi-İslam" xeyriyyə cəmiyyətləri vasitəsilə mədəni-maarif işini yayır, yerli tatar teatrının yaradılmasında fəal iştirak edir. Yerli mətbuatda, o cümlədən "İdel", "Burhani-tərəqqi", "Astarxanski kray", "Prikaspiyski kray" adlı qəzetlərdə müxtəlif mövzularda məqalələrlə çıxış edir. O, bu dövrdə quberniya həkimlərinin ikinci qurultayında iştirak etmiş, tibbə aid bir sıra əsərlər yazmışdır. Xalq arasında böyük nüfuza malik olan Nərimanov 1912-ci ildə şəhər dumasına üzv seçilmişdir.
O, 5 illik sürgün həyatından sonra, 1913-cü ildə hökumətin rəsmi icazəsi ilə Bakıya qayıdır. Nərimanov Bakıya yola düşərkən, Həştərxan şəhərinin zəhmətkeşləri ona üzərində: "Əziz həkimimiz, fədakar ictimai xadimimiz Nəriman Nərimanova minnətdarlıq əlaməti olaraq. Həştərxan şəhəri müsəlmanları, 14/VII-1913-ci il" sözləri yazılmış qiymətli bir hədiyyə təqdim etmişdilər.
Bakıya gəldikdən sonra Nərimanov burada nəşr olunan "Bəsirət", "Açıq söz", "İqbal", "Yeni iqbal" qəzetlərində elm, təhsil və tərbiyəyə aid qiymətli məqalələr dərc etdirir və "Pir", "Bir kəndin sərgüzəşti" adlı bədii əsərlərini yazır. 1916-cı il dekabrın 13-də isə "Fikir" adlı məcmuə nəşr etməyə icazə almaq üçün Bakı şəhər rəisinə ərizə ilə müraciət edir. Lakin onun bu xahişi də nəticəsiz qalır.
O, Bakıda bolşevik "Hümmət" təşkilatının sədri, eyni adda çıxan qəzetin redaktoru olmuş, 1918-ci il aprelin 26-da Bakı Xalq Komissarları Soveti təşkil olunduğu zaman onun tərkibinə daxil olmuş, şəhər təsərrüfatı komissarı vəzifəsinə seçilmişdir.
Nərimanov 1918-ci ilin iyun ayında xəstələnir və müalicə üçün Həştərxana göndərilir. Müalicədən sonra orada qalır və fəaliyyətini davam etdirir. 1919-cu ilin fevral ayında Quberniya Xalq Maarif Şöbəsinin müdiri təyin olunan Nərimanov xalq maarifinin yenidən qurulması sahəsində böyük işlər görmüşdür.
N.Nərimanovun həyat və fəaliyyətinin Həştərxan dövründən bəhs edən K.Qubaydullin 1925-ci ildə "N.Nərimanov yoldaş Həştərxanda" adlı məqaləsində yazmışdır: "Hazırda Həştərxanda və bir sıra başqa quberniyalarda işləyən tatar, qırğız millətindən olan fəal kommunistlər, dərin zəka sahibi, Şərq xalqlarının rəhbəri, köhnə bolşevik, yoldaş Nərimanovun şagirdləri və yetişdirmələridir. Biz, tatar-qırğız kommunistləri, bunu heç bir zaman unutmayacağıq...".
N.Nərimanovov bu illərdə Həştərxanda işləməsinə baxmayaraq, Azərbaycanla da fəal əlaqə saxlayır, burada siyasi-ictimai hadisələri izləyirdi.
1920-ci il mayın 17-də Bakı zəhmətkeşlərinin mitinqində çıxış edən Nərimanov bu məsələdən danışarkən demişdir: "Bu iki ilin müddətində Rusiyada olarkən, biz kommunistlərin tamam fikri Azərbaycanda olub, hər an onun qeydini çəkməkdə idik. Bizim cismimiz Rusiyada idisə də, ruhumuz Azərbaycanda idi".
N.Nərimanov Həştərxan Quberniya İcraiyyə Komitəsinin 1919-cu il 2 iyul tarixli iclasının qərarı ilə (protokol № 29) xalq maarifi məsələləri ilə əlaqədar olaraq qırğız çöllərinə və oradan da Moskvaya - RSFSR Xalq Maarif Komissarlığına və digər idarələrə ezam olunur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra N.Nərimanov Azərbaycan hökumətinin başçısı olmuşdur. 1922-ci ilin martında Zaqafqaziya Federasiyası İttifaq Sovetinin, həmin ilin dekabrında isə SSRİ MİK-nin sədrlərindən biri seçilmişdir.
1925-ci il martın 19-da vəfat edən Nərimanov Qızıl Meydanda Kreml divarları yanında dəfn edilmişdir.
Azərbaycanda, Gürcüstanda, Özbəkistanda, Moskvada, Həştərxanda, Ulyanovskda və b. yerlərdə N.Nərimanovun adı əbədiləşdirilmiş, haqqında elmi və bədii əsərlər yazılmış, sənədli filmlər çəkilmiş, elmi-tədqiqat işləri aparılmış, onlarca monoqrafiya və əsərlərinin iki cildlik külliyyatı çap edilmişdir.
Nəriman Nərimanov tədqiq edildikcə yüksələn şəxsiyyətdir.

{nl}

Hüseyn ƏHMƏDOV, Beynəlxalq Pedaqoji Akademiyanın akademiki, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında