Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib

Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar,  Təhsil nazirlikləri və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.

 Tədbirdə təşkilat komitəsinin üzvləri, iştirakçı universitetlərin nümayəndələri və komanda üzvləri iştirak ediblər.

Təhsil Nazirliyindən verilən informasiyada bildirilir ki, İnformasiya Texnologiyaları İnstitutunda düzənlənən final mərhələsində yarışa start verilmədən öncə iştirakçılarla görüş keçirilib.  Bildirilib ki, 12 komanda verilən məsələləri həll etməklə müvafiq qiymətlər qazanacaq. Sınağın “e-olimp.com.ud/az” saytı  üzərindən aparılacağı qeyd olunaraq vurğulanıb ki, yarış getdiyi müddətdə müəllimlər öz tələbələrinin nəticələrini onlayn rejimində izləyə biləcəklər.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə olimpiadanın təşkilini və yarışda iştirak edən tələbələrin fəallığını yüksək qiymətləndirərək tələbələr arasında informatikaya, informasiya texnologiyalarına marağın artmasının əhəmiyyətini vurğulayıb.

46 komandadan 12-sinin olimpiadanın final mərhələsinə keçdiyini deyən nazir müavini sözügedən olimpiadanın ənənə halını aldığını və bu il 10-cu yubiley ilini qeyd etdiyini bildirib.

Azərbaycanın güclü proqramçılara, İKT istiqamətində beyin məhsullarını ortaya qoya bilən gənclərə ehtiyacı olduğunu vurğulayan E.Vəlizadə əlavə edib ki, bu gün Azərbaycan gənclərinin İKT istiqamətində nailiyyət əldə etməsini görmək çox xoşdur.

İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru Rasim Əliquliyev bildirib ki, gələn ay Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elmlər Akademiyasının rəyasət heyəti və İTİ-nin təşkilatçılığı ilə informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçiriləcək.

Burada bir çox məsələlərə diqqət yetiriləcəyini qeyd edən R.Əliquliyevin sözlərinə görə, Elmlər Akademiyasının əsas hədəfləyici siyasətindən biri də elmlə təhsilin inteqrasiya olunması, yaxınlaşmasıdır.

Azərbaycanda qurulmaqda olan biliklər cəmiyyətinin əsas lokomotivinin proqramçılar olduğunu vurğulayan İTİ direktoru əlavə edib ki, AMEA-nın diqqət mərkəzində olan sahələrdən biri də proqram mühəndisliyidir.

O daha sonra demişdir: – “Son 10 ildə Azərbaycanın əldə etdiyi uğurlar ölçüyəgəlməzdir və xalqın taleyində çox əhəmiyyətli rola malikdir. Bu müddətdə insanların İKT-dən istifadə miqyasının böyüməsi və ondan yararlanmaqla münasibətlərin qurulması, öz fəaliyyətinə nüfuz etməsi baş verdi.  Əlbəttə ki, belə bir inkişafın əldə olunmasında Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət böyük rol oynayır. Çünki dövlət dəstək verməsə, maliyyə ayrılmasa, proqramlar qəbul edilməsə, strategiyalar müəyyənləşdirilməsəydi, İKT sahəsinin inkişafı və buradakı fəaliyyət çox çətin olardı. 10 il ərzində olimpiadanın keçirilməsi də İKT-yə dəstək xarakteri daşıyır. Biz bu müddət ərzində sanki İKT üçün bir rəf hazırladıq. Çünki əldə olunacaq kitabı qoymaq üçün birinci növbədə rəf lazımdır. Növbəti on ildə isə bu İKT rəfini doldurmaqla məşğul olacaq.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında