Dövlət idarəçiliyində siyasi menecment fenomeninin yeri və rolu

Azərbaycan yalnız son onilliklərdə deyil, tarixin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır.
Heydər ƏLİYEV
Ümummilli lider

{nl}

Siyasi menecment - müstəqil elm sahəsi kimi siyasi idarəetmə fəaliyyəti haqqında elmi-nəzəri baxışlara, metodoloji prinsiplərə, elmi anlayışlar sisteminə və özünəməxsus metodlara malikdir. Cəmiyyətin bir elm sistemi kimi sosial-siyasi münasibətlərinin kompleks şəkildə araşdırılmasında və tənzimlənməsində bu elmin özünün tədqiqat obyekti və predmeti mövcuddur. Siyasi menecmentin siyasi, nəzəri, metodoloji təhlili, müstəqil elmlərə xas olan atributlarının araşdırılması onun sosial-siyasi və idarəetmə elmləri sistemində yerini, spesifik funksiyasını düzgün qiymətləndirməyə imkan verir.
Bir elm sahəsi kimi siyasi menecmentin formalaşması bir sıra sosial-siyasi və idarəetmə elminin təsiri ilə baş vermişdir. O öz elmi araşdırmalarında bu elmlərdə toplanmış təcrübədən, onların nəzəri-metodoloji prinsiplərindən, metodlarından istifadə edir. Bu elmlər sırasında ilk növbədə politologiyanı, sosiologiyanı, fəlsəfəni, siyasi psixologiyanı, menecmentin psixologiyasını, menecmenti və s. göstərmək olar.
Siyasi menecmentdə və siyasi idarəetmə münasibətlərinin öyrənilməsində psixoloji yanaşma və psixoloji təhlillər xüsusi yer tutur. Təsadüfi deyildir ki, kampaniyalarda, müxtəlif siyasi texnologiyaların hazırlanmasında psixoloji eksperimentlərin konsultantları yaxından iştirak edirlər.
Siyasi mübarizədə və siyasi məqsədlərə nail olmaqda insanların, seçicilərin psixoloji vəziyyəti, əhval-ruhiyyəsi, hər hansı siyasi hadisəyə və siyasi xadimə, siyasi partiyanın təmsilçisinə müvafiq münasibətin formalaşması üçün bu siyasi kampaniyalardan qabaq insanların əqidəsinə, şüuruna, inamına psixoloji-emosional təsir edilməsi tələb olunur.
Siyasi idarəetmənin ayrı-ayrı aspektləri müxtəlif səviyyədə araşdırılsa da, bu problemlərin sistemli, bütöv həlli siyasi menecmentin vasitəsilə mümkün ola bilər. Siyasi menecmentin tədqiqat obyektinin və predmetinin müəyyən olunması, ona xas olan nəzəri-metodoloji baxışların, prinsiplərin, metodların, onun elmi anlayışlarının ifadə etdiyi məzmunun müəyyən olunması onu müstəqil elm sahəsi kimi səciyyələndirir və sosial-siyasi, idarəetmə elmləri sistemindəki yerini təsdiqləyir. Cəmiyyətdə baş verən demokratikləşmə və siyasi plüralizm şəraitində siyasi menecmentin apardığı elmi araşdırmaların əhəmiyyəti daha da artır. Siyasi menecmentin siyasi məqsədlərə çatmağın ən səmərəli yollarının və siyasi texnologiyalarının hazırlanmasında rolu böyükdür. Səmərəli siyasi texnologiyalar insanların siyasi şüuruna və əqidəsinə, siyasi davranışına və motivinə təsir edərək onlarda siyasi subyektin və siyasi təşkilatların maraqları ilə üst-üstə düşən siyasi fəallığa nail olmaq üçün hazırlanmış səmərəli üsulların və vasitələrin sezilməsidir.
Qeyd olunan siyasi texnologiyaların səmərəliliyi və cəlbediciliyi, onun kütlənin istəklərinə, etnik-psixoloji xüsusiyyətlərinə, adətlərinə, etik prinsiplərə, insanların mənəvi-sosial tələbatlarına cavab verməsi ilə müəyyən olunur. Bu siyasi texnologiyalar insanlarda maraq və fəallıq yaradır, onlarda müvafiq siyasi mövqe və siyasi hadisələrə müsbət emosional münasibətin formalaşmasını və arzu olunan siyasi davranış və siyasi seçimi şərtləndirir.
Siyasi menecmentin nəzəri baxışları, metodoloji prinsipləri və metodları bir sistem kimi əsas qrup və sistemaltıdan ibarətdir. Birinci qrupa siyasi idarəetmə prosesi haqqında ümumi nəzəri biliklər, baxışlar daxildir. İkinci qrup sistemaltıya siyasi sahədə qarşıda duran idarəetmə vəzifələrinin konkret həlli üçün zəruri olan empirik informasiya və bu informasiyaların əldə olunması üçün istifadə olunan metodlar, konkret problemlərin həllində yaranan tətbiqi problemlər daxildir. Siyasi menecmentdə nəzəri baxışlar sistemi empirik tətbiqi problemlərlə qarşılıqlı əlaqədədir. Siyasi idarəetmənin mahiyyəti və siyasi hadisələr haqqında nəzəri biliklərə əsaslanmaqla siyasi həyatda baş verən hadisələrin mahiyyətini onu şərtləndirən obyektiv və subyektiv amillərin rolunu, araşdırılan siyasi proseslərdə müşahidə olunan meylləri üzə çıxarmaq və proqnozlaşdırmaq mümkündür.
Nəzəri-metodoloji təhlil cəmiyyətin siyasi idarə olunmasının elmi əsaslarının hazırlanması, siyasi menecmentin başqa elmlərlə qarşılıqlı əlaqəsini və münasibətini müəyyən etmək üçün vacibdir. Bu nəzəri araşdırmalar siyasi hadisələrin öyrənilməsinin və tənzimlənməsinin kompleksi elmi araşdırılmasında bəzən müşahidə olunan paralellik və ayrı-ayrı elm nümayəndələrinin, onların təmsil etdikləri elm sahəsinin predmetinə aid olmayan problemlərə müdaxilə etmək kimi arzu olunmayan halların qarşısının alınmasına imkan verir.
Cəmiyyətin siyasi idarə olunmasında siyasi menecmentin yerini müəyyən etmək üçün əvvəlcə onun əsas formalarını (tiplərini) qeyd etmək lazımdır. Siyasətdə idarəetmənin tipləri əsasən iki qrupa bölünür: substansional və relyasionist idarəetmə tipləri.
Şubstansional idarəetmə - obyektiv fəaliyyət göstərən sosial mexanizm olub, insanları öz fəaliyyətində, onların üzərinə düşən funksiyaları yerinə yetirməyə həvəsləndirir. Substansional idarəetmə nəticəsində cəmiyyətin bir sistem kimi bütünlüyü təmin olunur, ona xas olan keyfiyyət qorunub saxlanılır, onun öz varlığını yaşatması və inkişafı təmin olunur. Bu idarəetmə mexanizmi siyasi sosiallaşma, institusionallaşma və legitimləşmə kimi proseslərdə reallaşır. Substansional idarəetmə - real təcrübədə insanların, cəmiyyətin qanunlarına, davranış normalarına, qaydalarına tabe olması, onların mədəni -tarixi dəyərlərinə, o cümlədən siyasi mədəniyyət dəyərləri çərçivəsində fəaliyyət göstərməsi və yaşamasıdır.
Relyasionist idarəetmə tipi (fransızca - relation) münasibət - subyekt - obyekt münasibətləri formasında reallaşır. Bu tip idarəetmə idarə edənlə idarə olunanlara bölünür və bu münasibətlərdə idarəetmə obyekti olan idarə olunanlar idarəetmə qərarlarını yerinə yetirməlidirlər. İnsanlığın şüurlu, istiqamətlənmiş fəaliyyəti kimi çıxış edən bu idarəetmə tipi bir sosial sistemi başqalarından fərqləndirir. Burada insanların qərar qəbul etmək və siyasi vəziyyətə təsir etmək imkanları daha çox olur. Beləliklə, bu idarəetmə tipində idarəetmənin səmərəsi, xarakteri insanların bir-biri ilə qarşılıqlı münasibətlərindən, onların fərdi xüsusiyyətlərindən də çox asılı olur.
Siyasi idarəetmədə subyekt - obyekt münasibətlərinin üç əsas forması mövcuddur:
a) idarəetmənin subyekti kimi çıxış edən dövlət qulluqçuları və dövlət orqanları ilə əhalinin və bəzi sosial qrupları, təbəqələri arasında yaranan idarəetmə münasibətləridir. Bunlar əsasən dövlət idarəetməsinə daxildir, çünki onun subyekti dövlət qulluqçuları, dövlət orqanları, təşkilatlarıdır. Dövlət idarəetməsinin xüsusiyyəti ondan ibarətdir ki, idarəetmə subyekti hakimiyyət səlahiyyətlərinə malikdir. Müasir cəmiyyətdə dövlət idarəçiliyi əsasən normativ tənzimləmə mexanizminə əsaslanır. Normativ, hüquqi sənədlər, sərəncamlar, qanunların hazırlanması və qəbul olunması müvafiq təşkilatlar tərəfindən, həyata keçirilir;
b) dövlət orqanlarının və siyasi təşkilatların daxilində idarəetmə münasibətləri tənzimlənir. Dövlət orqanlarında və siyasi təşkilatlarda idarəetmə fəaliyyəti, idarəetmənin subyektinin (dövlət orqanlarının və siyasi təşkilatların rəhbərliyi) səlahiyyətli cərgəsində aparılır;
v) idarəetmə subyekti siyasi məqsədə nail olmaq üçıün məcburi hüquqi tənzimləməni həyata keçirə bilmədiyi üçün başqa tənzimləmə metodlarından istifadə etməli olur. Bu cür idarəetmə münasibətləri siyasi menecment adlanır.
Siyasi menecment aşağıdakı funksiyaları və siyasi vəzifələri yerinə yetirir:
1. Siyasi liderin, dövlət xadiminin nüfuzunun möhkəmlənməsi. Dövlətin xadiminin və siyasi xadimin nüfuzu, xalqın geniş kütləsinin ona qarşı yüksək inamı, etimadı, onun səmərəli idarəetmə fəaliyyətinin mühüm şərtidir. Rəhbərin nüfuzu onun şəxsiyyətinin bütövlüyü, siyasi yetkinliyi, mənəvi-əxlaqi keyfiyyətləri, xalqın ona inamı, etimadı əsasında formalaşır. Rəhbərin nüfuzu onun şəxsi nümunəsinə, peşəkarlığına, dövlətçilik və milli maraqları hər şeydən yüksəkdə tutmasına, vəzifəsindən irəli gələn funksiyaları vicdanla həyata keçirməsinə əsaslanır.
2. Dövlət təşkilatlarının və ictimai təşkilatların, siyasi partiyaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması ilə yanaşı, ictimai fikirdə onların müsbət obrazını və imicini formalaşdırır. Hər bir dövlət müəssisəsi insanların etibarlı olmasını, xalqın, dövlətçiliyimizin mənafeyinə sadiq olan, xidmət edən təşkilatlar kimi tanınmasına səy edir.
3. Bu və ya başqa dövlət proqramının və siyasi proqramın həllinə kadrların cəlb olunması, onların fəaliyyətinin tənzimlənməsində sosial normalar və qanunlarla yanaşı, insanların əhvalına, dəyərlər sisteminə, qavrayışına təsir olunması;
4. Elektoratın seçiminə, münasibətinə, mövqeyinə təsir etmək və dövlət orqanlarına seçkiləri təşkil etmək. Seçkilərdə rəqabətin olması və seçkilərin təşkil edilməsi, seçicilərin səsini qazanmaq üçün siyasi mülahizə texnologiyasının hazırlanması və təkmilləşdirilməsi;
5. Siyasi birləşmələrin və blokların yaradılması. Bu çox çətin və məsuliyyətli vəzifənin həlli münasibətlərin və siyasi dialoqun yaranması, potensial müttəfiqlərin motivləşdirilməsini nəzərdə tutur;
6. Siyasi qarşıdurmada və konflikt vəziyyətlərində siyasi opponentə təsir etmək. Adətən siyasi konfliktlər öz aqressivliyi, barışmazlığı, kəskinliyi ilə fərqlənir. Siyasi münaqişələr cəmiyyətdə ictimai-siyasi vəziyyətə və sabitliyə mənfi təsir edir. İctimai həyatın bütün sahələrini iflic vəziyyətinə salır. Ona görə siyasi konfliktlərdən çıxış yollarının axtarılması mühüm əhəmiyyət kəsb edir.
7. Dövlət qərarlarını qəbul edən şəxslərə təsir olunması. Bu, qrup maraqlarının təmin olunmasına xidmət edir.
8. Siyasi hadisələrə, kütlənin səfərbər olunması, piketlərin keçirilməsi, mitinqlər, yürüş vasitəsilə kütlənin dəstəyinə nail olmaq və bu dəstəyi nümayiş etdirmək. Demokratik cəmiyyətdə insanların kütləvi dəstəyinə zorla yox, inandırma, izahat, dialoq və s. yollarla nail olmaq olar.
Bütün bu nəzəri baxışlar sistemi və siyasi idarəetmə konsepsiyası idarəetmə menecerlərinin müxtəlif siyasi vəziyyətlərdə davranış strategiyasını, onun siyasi hadisələrə yanaşma və onları izah etmə üsulunu, prinsiplərini proqnozlaşdırmağa imkan verir. Siyasi idarəetmənin nəzəri modelləri, səmərəli siyasi texnologiyaları hazırlamağa və onların səmərəli həllinə şərait yaradır.

{nl}

 Mustafa İSGƏNDƏRZADƏ, DİA-nın dosenti, filologiya elmləri namizədiMustafa İSGƏNDƏRZADƏ, DİA-nın dosenti, filologiya elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında