Balakəndə müasir, şəxsiyyətin inkişafını təmin edən təhsil nümunəsi yaradılmasını əsas vəzifə hesab edirlər

"Təhsil haqqında" Qanundan irəli gələn bu məqsəd bütün məktəblərin diqqət mərkəzindədir
Balakənə bu ilin sentyabrındakı növbəti səfərim bir neçə cəhətdən yaddaşıma yazıldı. Həm ilin gözəl çağı idi, həm camaatın - elin yayın yandırıcı istilərindən xilas olub rahatlıq tapan çağı idi, həm də... Həmin üçüncü yaddaqalan məqamı söyləməzdən əvvəl daha iki məsələni qeyd etmək istərdim.
Ömrünün 30 ildən çoxunu məktəbə, təhsilə, maarifə həsr etmiş atam bizə və bütün şagirdlərinə - mütəmadi olaraq oxumağı, öyrənməyi tövsiyə edəndə XIV əsr Azərbaycan şairi Hümam Təbrizidən sitat gətirərdi: "İsgəndərin zülmətdə tapa bilmədiyini, ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar". Biz bu ifadənin həqiqət olduğuna, müəllifin müdrikliyinə həmişə inanmışıq, indi də inanırıq. Ancaq təəssüf ki, son zamanlar "indi kitab oxuyan yoxdur", "uşaqların kitabdan ayrı düşməsi çox təhlükəli tendensiyadır" və başqa ifadələri tez-tez eşidirik. Ədalət naminə deyim ki, milli təəssübkeşliyi olan insanların həmin narahatlıqları da əsassız deyil. Yəni, doğrudan da kitab oxuyan gənclərin sayı azalıb. Bax, bu yerdə abzasın əvvəlində "həm də" sözündən sonra qoyulan üç nöqtənin tamamlanması məqamı çatır. Balakəndə həm də kitab oxuyanların sayının yetərincə olduğunun şahidinə çevrildim və məmnun oldum.
Rayon təhsil şöbəsinin müdiri Seyfulla Kərimovla çoxdanın tanışlarıyıq. Bu şöbənin təşkil etdiyi bir sıra tədbirlərdə iştirak etmiş, qəzet materialı hazırlamışam. Səriştəli təhsil təşkilatçısıdır. Yəni təhsillə, məktəblə, tədris prosesi ilə bağlı istənilən məsələ barədə verilən sual və ya açılan diskussiya onun üçün gündəlik söhbət kimi asan, sadədir. Ona görə də köhnə həmsöhbətimlə fikir mübadiləsini bir qədər qeyri-ənənəvi məcraya yönəltmək qərarına gəldim:
- Ötən dərs ilinin yekunları, növbəti ildə qarşıda duran vəzifələr barədə danışmazdan əvvəl bir məsələ ilə bağlı məlumat almaq istəyirəm. Bu gün Balakənin məktəb kitabxanalarında vəziyyət necədir? Onları yeni ədəbiyyatla, təzə kitablarla təmin edə bilirsinizmi? Məktəb kitabxanalarının oxucu fəallığı hansı səviyyədədir?
- Bir məsələ ilə bağlı məlumat almaq istəyirəm - deyib üç sualı birdən verdiniz. Bu tələskənliyin səbəbi aydındır. Çox güman ki, siz də "indi kitab oxuyanların sayı azalıb" - ifadəsinə inanırsınız. Ancaq heç zaman eyni ittihamın şablon kimi hamının ünvanına səsləndirilməsi düzgün qəbul edilməyib. Aqillər deyiblər ki, şərait şüuru yetişdirir. Biz balakənli gənclərin mütaliəsindən də, onların kitaba, kitabxanaya olan münasibətindən də xəbərdarıq. Ona görə də biz məktəb kitabxanalarının yeni ədəbiyyatla, dərslik və dövri mətbuat vasitələri ilə təminatını daim diqqət mərkəzində saxlayırıq. Özünüz hansısa bir kitabxanaya baş çəkib vəziyyətlə tanış ola bilərsiniz. Təkcə 2010-2011-ci dərs ili ərəfəsində - yəni bu ilin yayında 62 adda 23 min 522 nüsxə dərslik və dərs vəsaiti, eyni zamanda, məktəb kitabxanaları üçün əvvəlki illərin heç birində olmayan qədər bədii ədəbiyyat nümunələri, metodiki ədəbiyyat, eləcə də ehtiyac olan yerlərdə məktəb kitabxanaları üçün zəruri avadanlıq alınıb və kollektivlərin istifadəsinə verilib. Təhsil Nazirliyinin bölgüsündə olan bütün dərsliklər rayona gətirilib və məktəblərə paylanılıbdır. Məktəb kitabxanalarında isə bədii və elmi ədəbiyyatla yanaşı istənilən kitab vardır. Yəni, Balakən müəllimləri gənc nəslin kitaba olan marağının, diqqətinin artırılması üçün istənilən addımları atırlar. Bunu bizdən ötən il qəbul edilmiş "Təhsil haqqında" Qanunun müddəaları da tələb edir. Qanun bizdən müstəqil Azərbaycan üçün lazımi vətəndaş yetişdirməyi, şəxsiyyətin inkişafına təkan verən təhsil prosesi qurmağı tələb edir. Bunun yolu isə ancaq və ancaq yaxşı oxumaqdan, deməli, həm də kitabla doğmalaşmaqdan, kitabxana ilə yaxından ünsiyyət qurmaqdan keçir. Odur ki, sizin ifadə etdiyiniz narahatlığı biz tam səmimi və təbii hal kimi qəbul edir və bildiririk ki, Balakən məktəblilərinin bütün uğurları elə kitaba bağlanmaqdan qaynaqlanır.
- Yəni təhsilin keyfiyyətini yüksəltmək, tərbiyənin səmərəliliyini artırmaq, məktəbin qarşısında duran vəzifələri layiqincə yerinə yetirmək üçün şagirdlərin kitaba münasibətinin pisə doğru dəyişməsinin qarşısını almaq sizin özünəməxsus üslubunuzdur.
- Bilirsinizmi, əvvəla, ingilis yazıçısı Conatan Sviftin belə bir ifadəsi var: üslub o zaman müəyyən ola bilər ki, müvafiq sözlər müvafiq yerdə işlənsin. Necə ki, bizim dövlət başçımız həmin sözləri təhsilə münasibətdə işlədir. Biz bu müdrik kəlama əsaslanıb deyirik ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyənin səmərəliliyinin artırılması, məktəbin və müəllimin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi bizim deyil, dövlətimizin özünüməxsus üslubudur. Prezident İlham Əliyev 2004-cü ildən sonra təhsil sahəsinin müasirləşdirilməsi üçün 14 Dövlət Proqramı təsdiq edibsə, bu müddətdə ölkədə minlərlə yeni məktəb binası tikilibsə, bütün məktəblər informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilibsə, onda dövlətin gələcəyi düşünərək gənc nəslin inkişafını təmin etmək üçün fəaliyyət üslubu hamıya məlum olur. Üstəlik, ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında inşa edilən çoxsaylı məktəblər, tamamilə bərpa edilən və yenidən qurulan yüzlərlə tədris müəssisəsi, bilavasitə uşaqlar və yeniyetmələrlə bağlı olan onlarla layihənin həyata keçirilməsi - bütün bunlar təhsilə dövlət qayğısının çox cüzi siyahısıdır. Biz isə sadəcə olaraq bu siyasətin rayonda həyata keçirilməsini təmin edirik. Sadaladığım məqamların hamısı eyni zamanda, bizim məsuliyyətimizi qat-qat artıran amillərdir.
- O ki qaldı ötən dərs ilinin yekunlarına və yeni ildə qarşıda duran vəzifələrə...
- Bəli. Həmin yekunlara və qarşıda duran vəzifələrə aid danışarkən konkret faktları yada sala bilərik. Bu gün Azərbaycanın bütün bölgələrində olduğu kimi, Balakəndə də məktəb tikintisi geniş vüsət alıb. Acılıqbinə kənd əsas məktəbinin yeni binasını dərs ilinin başlanmasına bir neçə gün qalmış istifadəyə verdik. Həmin ərəfədə Katex kəndində 2 saylı orta məktəb üçün 220 şagird yerlik məktəb binasının təməli qoyuldu. Son 7 ildə tikilib istifadəyə verilən məktəb binalarının və mövcud məktəblərdə inşa edilmiş əlavə sinif otaqlarının hesabına artıq Balakəndə ikinci növbədə oxuyan şagirdlərin sayı kifayət qədər azalmsışdır. Yəni, ulu öndərin "Uşaqlar yaxşı məktəbdə oxumalı, müəllimlər yaxşı məktəbdə işləməlidirlər" - çağırışı Balakəndə öz həllini tapır. Onu da əlavə edim ki, yeni dərs ilinə hazırlıq dövründə həm dövlət vəsatti hesabına, həm də bələdiyyələrin və digər qurumların hesabına nəzərdə tutulan bütün cari təmir işləri lazımınca başa çatdırılıb.
Təbii ki, dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biri də təhsilin müasirləşdirilməsidir. Belə ki, qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyətinin artırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Azərbaycanda da bu istiqamətdə mükəmməl layihələr həyata keçirilir. Biz - Balakənin təhsil işçiləri də həmin prosesə qoşularaq məktəblərimizin informasiya kommunikasiya texnologiyaları ilə təmin edilməsini daim diqqət mərkəzində saxlayırıq. Hazırda bizim 39 məktəbimizdə 457 ədəd ən müasir tipli kompyuter uşaqların və müəllimlərin ixtiyarındadır. Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı orta məktəbdə, texniki və humanitar təmayüllü liseydə və şəhər 1 saylı orta məktəbdə kompyuterlər internet şəbəkəsinə qoşulub. Hazırda daha 14 məktəbdə kompyuterlərin sürətli internet şəbəkəsinə qoşulması üçün müvafiq işlər həyata keçirilir. "2008-2013-cü illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrasının səmərəliliyini artırmaq üçün rayonun 355 nəfər müəllimi və məktəb rəhbəri treninqlərdən keçərək kompyuterlə işləmək bacarığına yiyələniblər.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Təhsil şöbəsinin və ayrı-ayrılıqda məktəblərin uğurlarının qeyd edilməsi, onlar haqqında xoş sözlər səsləndirilməsi artıq bir tendensiya kimi qəbul edilib. Ancaq mənim fikrimcə həmin uğurların qazanılmasında daha çox xidməti olmuş müəllimlər var ki, onların əməyi mütləq qeyd olunmalıdır. Doğrudur, dövlət bütün müəllimlərin və təhsil ictimaiyyətinin əməyini yüksək səviyyədə qiymətləndirir. Ancaq biz də bəzi konkret faktları yada salmağa borcluyuq. Məsələn, Nailə Osmanova, Əsab Manahov (Katex 1 saylı məktəb), Cəlil Abdullayev (Talalar 1 saylı), Şəhla Xanlayeva, Sədaqət Panaxova, Şaban Abdullayev, Xatirə Padarova (lisey), Nail Kalayev (Sarıbulaq orta məktəbi), Cavanşir Alqayev (Qaravəli kəndi), Sədaqət Hacıyeva, Lətafət Hacıyeva (Tülü kəndi) və başqa müəllimlərimiz təkcə peşəkar təhsil işçisi kimi deyil, həm də həqiqi vətənpərvərlik nümunəsi göstərən vətəndaş kimi gənc nəslin yüksək səviyyəli inkişafına çalışırlar. Məhz bu qəbildən olan peşəkar müəllimlərimizin sayəsində 2009-2010-cu dərs ilində orta məktəbləri bitirib ali məktəbə qəbul imtahanı vermiş məzunlarımızın 191 nəfəri tələbə adını qazanıb. Onların 172 nəfəri dövlət ali məktəblərində oxuyur. 6 məzunumuz 600-dən, 18 məzunumuz isə 500-dən çox bal toplayıb. Bu, ötən illə müqayisədə sevindirici göstəricidir.
Təhsil tariximizdə ilk dəfə olaraq 2007-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncam imzalanıb. Ötən il Qaravəli kənd orta məktəbinin biologiya müəllimi Cavanşir Alqayev həmin müsabiqənin qalibi olmuşdur.
Yeni dərs ilində qarşıda duran vəzifələrə gəlincə isə qeyd edim ki, biz "Təhsil haqqında" Qanundan irəli gələn vəzifələri, əsasən, "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurrikulumları)" sənədinin hər bir pedaqoji işçinin dərindən öyrənməsinə və həyata keçirməsinə nail olmalıyıq. Bu sahədə artıq mükəmməl tədbirlər planımız var və müvafiq şəxslər geniş iş aparırlar. Şəxsiyyətin inkişafını təmin edən müasir təhsilin qurulmasında təlim standartları hər bir təhsil işçisindən, xüsusən də, müəllimlərdən öz fəaliyyətlərini konkret məqsəd ətrafında qurmağı tələb edir. Yeni standartlara görə şagirdlərin qazandığı irəliləyişlər, əldə etdiyi nailiyyətlər müəllim fəaliyyətinin keyfiyyət göstəricisi kimi qəbul ediləcək. Yeni qanun bizdən tələb edir ki, ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə tədrisin keyfiyyətinin öyrənilməsinə xüsusi diqqət yetirək, təlim prosesindəki müasir üsul və texnologiyaların tətbiqini artıraq, müxtəlif mövzuları əhatə edən "Dəyirmi masa"lar təşkil etməklə bütün müəllimlərin məktəbin ümumi işində iştirakını təmin edək və sairə. Yəni, artıq 15 günü geridə qalmış yeni dərs ilində bizim qarşımızda duran vəzifələr çox olduğu kimi, məsuliyyətimiz də böyükdür. Ancaq inanırıq ki, həmin vəzifələrin hamısının öhdəsindən bacarıqla gələcəyik. Çünki nazir Misir Mərdanov da əyalət rayonlarının təhsil sahəsinə böyük qayğı və diqqətlə yanaşır, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov da məktəbə və müəllimə daimi qayğısını əsirgəmir. Elə bir problemimiz olmayıb ki, onun həllində rayon icra hakimiyyətinin dəstəyini görməyək.
...Seyfulla Kərimov məktəb, müəllim, şagird haqqında danışdıqca mənə çox doğma rayon olan Balakənin təhsil işçilərinin uğurlarına sevinirdim. Ancaq eyni zamanda, fikirim-xəyalım məni çox-çox əvvəllərə, özümün də şagird olduğum illərə aparırdı. Bilmirəm, hər iki valideynimin və bir neçə yaxın qohumumun müəllim olduğuna görə idi, ya nəyəsə görə mən məktəbə, dərsə çox bağlı idim. Ancaq həmin bağlılığımı, xatirələrimi hər söhbət yadıma salmırdı. Seyfulla müəllim elə əsl müəllim kimi, məni 40 il əvvəlki şagirdlik illərinə qaytardı...{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında