“SABAH-ın könüllüsü”nün təqdimat mərasimləri

 Bakıda yerləşən 7 ali təhsil müəssisəsində “SABAH-ın könüllüsü” proqramının təqdimat mərasimləri keçirilib.

Təqdimatlarda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edib.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, təqdimatlar zamanı SABAH qruplarında təhsil alan könüllülər tərəfindən iştirakçılara “SABAH-ın könüllüsü” proqramı, onun məqsədləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Könüllülər qeyd ediblər ki, bu proqram SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan sosial fəallığının artırılması və alınmış biliklərin praktikada tətbiqinə şərait yaradılması, eləcə də tələbələrin idarəçilik bacarıqları və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. “SABAH-ın könüllüsü” kimi fəaliyyət göstərən tələbələr komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prossesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək, tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı qazanırlar.

Təqdimatlarda könüllülər qarşıdan gələn “Bakı 2015” 1-ci Avropa Oyunları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində 7 ali təhsil müəssisəsində Avropa Oyunları ilə bağlı kampaniyaların həyata keçirilməsi planlaşdırılıb. İştirakçılar tələbələri “Bakı 2015” 1-ci Avropa Oyunlarına könüllü kimi qoşulmağa çağırıblar.

Azərbaycan Texniki Universitetində keçirilən təqdimat mərasimində çıxış edən “SABAH-ın könüllüsü” Humay Cavadzadə bildirib ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir: “Biz “Bakı 2015” Avropa Oyunlarının təşkili ilə tarix yazacağıq. Əlbəttə, hər bir gənc, hər bir tələbə bu möhtəşəm tədbirin bir parçası olmaq istəyər. “SABAH-ın könüllüsü” olmaq bizə imkan verəcək ki, Avropa Oyunlarına dəstək olaq və uğura öz imzamızı da ataq”.

Azərbaycan Dillər Universitetində keçirilən təqdimat mərasimində çıxış edən “SABAH-ın könüllüsü” Aygün Bayramova 1-ci Avropa Oyunlarına töhfə vermək imkanı qazanmasından qürur duyduğunu bildirib: “Könüllü olmaq bir seçimdir, ancaq “SABAH-ın könüllüsü” kimi “Bakı 2015” 1-ci Avropa Oyunlarının bir parçası olmaq xüsusilə qürurvericidir.”

Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramına qoşulmaq üçün http://sabah.edu.az

/az/sabahinkonullusu veb ünvanına müraciət etmək lazımdır. “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (http://sabah.edu.az/) və “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında