Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün siyasi-iqtisadi yaxınlaşma ilə yanaşı, elmi-mədəni sahələrdə işbirliyinin artırılmasının da son dərəcə mühüm əhəmiyyəti vardır. Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən hamının tez-tez vurğuladığı tarixi, mədəni birliyimizə, ortaq milli dəyərlərə malik olduğumuza baxmayaraq etiraf etmək lazımdır ki, millətlərimiz və dövlətlərimiz arasında tam yaxınlaşmanı təmin etmək üçün görülməli işlər hələ çoxdur.
Belə bir fikirlə hər kəs razılaşar ki, bizim yaxınlığımızın, doğmalığımızın ən çox reallaşdığı sahələrdən biri ədəbiyyatdır. Ancaq dərindən maraqlananda görürsən ki, hətta bu sahədə də biz bir-birimizi kifayət qədər yaxşı tanımırıq. Baxmayaraq ki, ədəbiyyat tariximizin böyük bir qismi, demək olar ki, ortaq nümunələrdən ibarətdir. Nəhayət, bu sahədə mövcud olan boşluğun aradan qaldırılması üçün ciddi bir addım atılmışdır. Bakıda Avrasiya Tərcüməçilər Birliyinin yayınları seriyasından ikicildlik "Türk ədəbiyyatı tarixi" kitabı (cəmi 79 çap vərəqi; 1260 səh.) işıq üzü görmüşdür.
Bu fundamental nəşrin özəlliyi ondadır ki, ilk dəfə Bakıda nəşr olunan bu kitab məhz Azərbaycan oxucusu (təbii ki, ilk növbədə Azərbaycanın ədəbiyyatşünas mütəxəssisləri) üçün nəzərdə tutulmuşdur.Kitabda Türkiyə ədəbiyyatı tarixinin ən qədim çağlardan tutmuş ötən əsrin 60-cı illərinə qədərki bütün mərhələləri, istisnasız olaraq bütün nümayəndələrinin yaradıcılığı ilə bağlı ən mühüm məlumatlar yığcam şəkildə təqdim edilmişdir.
Kitabın tərtibçisi və ön sözün müəllifi doktor Qayaxan Özgül diqqəti əvvəldə toxunduğumuz məsələyə yönəldərək yazır: "Nəbzimiz qoşa vursa da, hissiyatımızın və fikriyyatımızın kökü bənzər olsa da, bu bənzərliyi, sadəcə, qəlbən hiss etdik, lakin ədəbi əsərlər yoluyla oxuyub doğrulda bilmədik. 1990-cı illərdən bir-birimizə olan həsrətimizi ədəbiyyat vasitəsilə aradan qaldırmaq imkanı tapdıq. Nəhayət, aradan keçən illərin yerini doldurmağın və ayrı düşdüyümüz zamanın ədəbi haqq-hesabını çıxarıb yekunu bir-birimizə təqdim etmənin də vaxtı gəldi".
Layihənin rəhbəri doktor Yaqub Dəliöməroğlu, Azərbaycan dilinə uyğunlaşdıran və son sözün müəllifi doktor Ramiz Əskər, redaktoru doktor Rafael Hüseynov, naşiri doktor Rafiq Babayevdir.
Türkiyə ədəbiyyatşünaslarının ədəbiyyat tarixini tədqiq etmə metodologiyası, təbii ki, bizim vərdiş etdiyimiz yanaşma mexanizmindən müəyyən qədər fərqlənir. İkicildlikdə ədəbiyyatın təsnifatı və tədqiqi ayrı-ayrı sənətkarların yaradıcılığı üzrə yox, ilk növbədə tarixi mərhələlər və həmin dövrlərdə müxtəlif ədəbi növ və janrların inkişafı üzrə aparılmışdır. Konkret müəlliflərin əsərləri də bu çərçivədə təhlilə cəlb olunur. Kitabın hər bir bölümü onun əhatə etdiyi dövrün ən nüfuzlu mütəxəssisi sayılan görkəmli Türkiyə ədəbiyyatşünasları tərəfindən yazılmışdır.
Həcm etibarilə XVII əsrdən sonrakı dövrün ədəbiyyatına daha geniş yer verilmişdir. Ona qədərki qədim dövrün ədəbiyyatı isə Azərbaycan oxucusuna nisbətən yaxşı tanış olan, əsasən ortaq sayılan nümunələri əhatə etdiyinə görə ümumi icmal şəklində təhlil olunmuşdur. Burada əsas diqqət qədim dastanlara, məsnəvi və divan ədəbiyyatına, sufi poeziyası nümunələrinə yönəldilmişdr. Qeyd etmək lazımdır ki, qədim dövr ədəbiyyatının tədqiqi zamanı müəlliflər Türkiyənin son dərəcə zəngin elmi və ədəbi mənbələri sayəsində bizə az tanış olan, yaxud heç məlum olmayan qaynaqları və təzkirələri tədqiqata cəlb edərək Azərbaycan oxucusu üçün kifayət qədər yeni elmi informasiya təqdim edə bilmişlər.
Kitabda ədəbi mənbələrdən verilən örnək mətnlər heç bir dəyişiklik, müasirləşdirmə və uyğunlaşdırma edilmədən ilkin halında təqdim edilmişdir ki, bu da ikicildliyin həm də bir müntəxabat kimi dəyərli olduğunu göstərir və ədəbiyyatla yanaşı, türk ədəbi dilinin tarixi inkişaf prosesini izləmək və dəyərləndirmək baxımından da çox geniş imkanlar yaradır.
Yeni dövr (XVIII-XIX əsrlər) ədəbiyyatının tədqiqi zamanı Türkiyə ədəbiyyatında roman və dramaturgiya ("teatr ədəbiyyatı") kimi yeni ədəbi janr və növlərin meydana gəlməsi, formalaşması və inkişafı qanunauyğunluqları, forma və məzmun cəhətləri xüsusi diqqətlə araşdırılır.
Ölkəmizin ədəbi və elmi mühiti üçün son dərəcə faydalı olan bu kitabda Azərbaycan oxucusu və mütəxəssisləri Türkiyə ədəbiyyatının həm qədim və orta, həm də yeni və ən yeni (XX əsr) dövrlərinə mənsub olan, indiyə qədər yaxşı tanımadığımız onlarla yazıçının adı, əsərləri barədə mükəmməl məlumat alacaq, onların türk ədəbiyyatı tarixindəki yeri və rolu haqqında biliklər əldə edəcəklər.
Görkəmli türkoloq alim Ramiz Əskər kitabı ana dilimizə uyğunlaşdırarkən zəruri olan dil hədlərini məharətlə gözləyə bilmiş, həm Azərbaycan oxucusunun mətni və mətləbi tam anlaya bilməsi üçün müəlliflərin təhkiyyəsini dilimizin ifadə tərzinə və terminologiyasına yaxınlaşdırmış, həm də onların üslub və deyim tərzinin özünəməxsusluğunu qoruyub saxlamağı bacarmışdır. O, kitaba yazdığı "Son söz"də nəşrlə bağlı ümidlərini belə ifadə edir: "Ümid edirik ki, "Türk ədəbiyyatı tarixi" kitabı bu sahədəki boşluğu, qismən də olsa, dolduracaq, ölkəmizin elmi-ədəbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanacaq. Bu layihədə iştirak edənlərin yeganə arzusu məhz budur".
{nl}
İlham ABBASOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.