Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda xüsusi diqqət ayrılan beynəlxalq təcrübə və mütərəqqi xarici modellərin ölkəmizdə tətbiqi məsələsini əsas tutaraq, Azərbaycan Dövlət İqtisad Univeristeti (ADİU) iqtisadiyyat yönümlü ali məktəblər arasında dünyanın qabaqcıl univeristeti olan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Əldə olunan razılığa əsasən, azərbaycanlı tələbələr Avropanın ən nüfuzlu iqtisadiyyat məktəbinin bakalavr diplomunu ADİU-da əldə etmək hüququ qazanacaqlar.
Qeyd olunan əməkdaşlıq tədris-təlim xidmətləri sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan “Pearson” şirkətinin “Oxbridge Educational Services” (OES) təşkilatının dəstəyi ilə həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də universitet hazırlıq proqramı (University Foundation Program) və Pearson beynəlxalq kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək.
Aprelin 3-də bu sahədə ADİU-da razılaşma memorandumunun imzalanma mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Ceyhun Bayramov, dövlət qurumlarının və ali təhsil müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov ikitərəfli layihənin tələbələrimizin dünya əmək bazarında rəqabətqabiliyyətli kadr kimi hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında qeyd edib ki, Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartların adaptasiyası istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən layihələrin Təhsil Nazirliyi tərəfindən hər zaman dəstəkləndiyi bildirilib.
OES təşkilatının rəhbəri Keyt Şarp məruzəsində London İqtisadiyyat Məktəbindəki tədris prosesi, razılaşmanın detalları və gələcək perspektivlər barədə danışıb.
Memorandum sənədi ADİU-nun rektoru Ə.Muradov və “Oxbridge Educational Services” təşkilatının rəhbəri Keyt Şarp tərəfindən imzalanıb.
Memoranduma əsasən, London İqtisadiyyat Məktəbinin 3 illik proqramına qoşulacaq tələbələr Azərbaycanda LSE-nin humanitar və sosial elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək hüququ qazanacaqlar. Proqram çərçivəsində mühasibat və maliyyə (BSc Accounting and Finance), biznes və menecment (BSc Business and Management), iqtisadiyyat (BSc Economics), iqtisadiyyat və maliyyə (BSc Economics and Finance), iqtisadiyyat və menecment (BSc Economics and Management) ixtisasları üzrə bakalavr dərəcəsi verilməsi nəzərdə tutulub. LSE-nin mövcud kurrikulumuna uyğun olaraq, ADİU-da hər il 4 fənn olmaqla 3 il ərzində 12 əsas fənn tədris ediləcək.
Proqram üzrə dərslər bütövlükdə ingilis dilində aparılacaq, London İqtisadiyyat Məktəbinin dərsliklərindən və tədris vəsaitlərindən istifadə olunacaq. Tələbələr 5 milyonluq nəşr kolleksiyası ilə iqtisadiyyat sahəsində dünyanın ən böyük kitabxanasına malik LSE-nin elektron kitabxanasından tamhüquqlu istifadə imkanı əldə edəcək. Tədris prosesinə London İqtisadiyyat Məktəbindən dəvət edilən professorlarla yanaşı, OES və ADİU-nun yerli və xarici müəllimləri də cəlb olunacaq. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər.
Əlavə olaraq, razılaşma çərçivəsində ADİU-da Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI (London Chamber of Commerce & Industry) təlimləri də təşkil olunacaq. Biznesin müxtəlif sahələri (mühasibat uçotu, biznesin idarəedilməsi və biznes ingilis dili) üzrə sertifikat təlim proqramları təqdim edən LCCI, dünyanın qabaqcıl unversitetləri və şirkətləri tərəfindən tanınır. 3-6 ay müddətinə xarici və yerli müəllimlər tərəfindən tədris olunan hazırlıq kursları ingilis dilində aparılır.
Bu əməkdaşlıq ADİU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə, eləcə də məzunların əmək bazarında rəqabət qabiliyyətinin daha da artmasına mühüm töhfə olacaq.
Elnarə ÖMƏROVA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.