Xəzər hövzəsində yeganə Dəniz Akademiyası

 Bu gün Azərbaycanda  bütün fəaliyyət sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün əhəmiyyətli tədbirlər görülür. O cümlədən ixtisaslı  dənizçi kadrların hazırlanması  da  dövlətimizin diqqət mərkəzindədir.  Azərbaycan Dövlət Dənizçilik Akademiyasının  bu sahədəki  xidmətlərini  xüsusilə  qeyd etmək lazımdır.

Məlumat üçün bildirək ki, Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmış və çox şərəfli tarixi inkişaf yolu keçilmişdir.1902-ci il iyulun 1-də Bakı dənizçilik sinifləri əsasında üç illik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi. 1921-ci il  oktyabrın 1-də isə Bakı Su Nəqliyyatı Texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı. Dəniz nəqliyyatı mərkəzi idarəsinin və Yollar xidməti üzrə Xalq Komissarlığının sərəncamı ilə 1924-cü il oktyabrın 1-də Bakı su nəqliyyatı texnikumu Bakı su yolları texnikumu adlandırılaraq, Xəzər Dəniz Gəmiçiliyinin tabeliyinə verildi. 1925-ci ildə ilk dəfə olaraq, texnikumun tərkibində Azərbaycan bölməsi açıldı. 1930-cu ilin martında hökumətin sənaye texnikumlarının sahələr üzrə yenidən təşkili haqqında qərarına uyğun olaraq, 1930-cu il  sentyabrın 1-də Bakı Su Yolları Texnikumu Bakı Dənizçilik Texnikumu adlandırıldı. 1944-cü ilin martından Bakı Dənizçilik Texnikumu Bakı Dəniz Yolları Məktəbi adlandırıldı.

Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 15 iyul  tarixli  qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu, Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq respublikamızın ticarət gəmilərində işləmək üçün ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb oldu. 1995-ci ilin may ayında ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi, Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan  bu konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında” 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq öz işini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq edilərək, BDT tərəfindən qəbul edilmişdir.

Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsil məktəbləri kataloquna daxil edilmişdir. Hazırda akademiyanın verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır.

Akademiyanın fəaliyyətinin digər bir istiqaməti kadrların ixtisasartırma və yenidən hazırlanması sahələrində gördüyü işlərdir. Bu məqsədlə akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 saylı qərarı ilə “Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi” yaradıldı. Burada müxtəlif kurslar fəaliyyət göstərir.

Akademiyanın tərkibində Sıravi Heyət Mütəxəssisləri Hazırlama şöbəsi (Dənizçilik məktəbi) də fəaliyyət göstərir. Burada dənizçilik idarələrinin tələbatına uyğun orta-peşə təhsilli kadrlar hazırlanır. Akademiyada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində tədris prosesi qurulmuşdur.

2002-ci ilin oktyabrında akademiya dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001-2000 Beynəlxalq standartına uyğun sertifikata layiq görülmüş və 2010-cu il fevralın 1-dən isə akademiyada İSO 9001-2008 keyfiyyət menecment sistemi tətbiq edilmişdir. Akademiya MDB ölkələrinin və digər xarici dövlətlərin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir. Akademiya Sankt-Peterburq şəhərindəki A. Makarov adına Dənizçilik Akademiyası tərkibində fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin tədris-metodiki şurasının üzvüdür.

Akademiyanın  rektoru, texniki elmlər doktoru, professor Rasim  Bəşirovla   söhbətimiz  zamanı   bildirdi ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil sistemi gündən-günə inkişaf edir. Hər il tikilən yeni-yeni məktəblər, ali təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan islahatlar təhsildə keyfiyyət dəyişikliklərinə səbəb olmaqla bərabər, elmin və tədrisin inkişafı üçün ucu-bucağı görünməyən meydan açır.

Öz profilinə görə Xəzər regionunda yeganə təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyası da bu qayğı və diqqətin bəhrəsini görür. Akademiya fəaliyyət göstərdiyi illər ərzində istər tədrisdə, istərsə də elmi araşdırmalarda çox böyük uğurlar qazanıb."

Son vaxtlar gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi üçün müasir avadanlıq və trenajorlarla təchiz edilməsi ardıcıl şəkildə davam etdirilir. Son üç ildə Beynəlxalq Konvensiyanın B-1/12 bölməsinin tələblərinə cavab verən “Engine room simulator ERS-4000", ”NT-4000", “TQS” və “NS-3000" trenajorları alınaraq tədris prosesində istifadə edilir. Eyni zamanda akademiyanın tələbələrinin istifadəsində olan “Radar”, “Naviqasiya”, “Elektron xəritə çəkmə”, “GMDSS” trenajorları və su üzərində olan “Deborkader” tədris-məşq mərkəzi, quru yük götürmə qabiliyyəti 3000 ton olan “Rəsul Rza” adına tədris gəmisi yüksək ixtisaslı dünya standartlarına cavab verən dənizçi kadrların hazırlanmasına xidmət edir.

Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir. Akademiyada 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Tələbələr tədrislə yanaşı, həm də kafedraların elmi-tədqiqat laboratoriyalarının araşdırmalarında iştirak edirlər. Akademiyada Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, həmkarlar təşkilatı, qadınlar cəmiyyəti fəaliyyət göstərir və bu gün də öz işlərini günün tələbləri səviyyəsində davam etdirirlər.

 2003-cü ildən etibarən “Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Əsərləri” məcmuəsi nəşr olunur. 2007-ci ildən bu məcmuə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi əsərlərin çap olunması məsləhət görülən məcmuələr siyahısına daxil edilmişdir.

Akademiyanın Dəniz texnikası və texnologiyası, Dəniz naviqasiyası və menecmenti,  Elektromexanika və radioelektronika fakültələrində   dəniz texnikası və texnologiyası, dəniz naviqasiyası və menecmenti, elektromexanika və radioelektronika, gəmi energetik qurğularının istismarı mühəndisliyi, gəmiqayırma və gəmi təmiri mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, naviqasiya mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, nəqliyyat servisi, menecmet, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Hazırda akademiyada Qazaxıstandan, Türkmənistandan və Gürcüstandan xarici tələbələr təhsil alır.

Professor-müəllim və tələbə heyətinin effektiv fəaliyyəti üçün akademiyada hər cür şərait yaradılmışdır. Onların tələbatını ödəyən kompüter mərkəzi, poliklinika, yeməkxana, şəhərin mərkəzində rahat, təmirli yataqxana vardır. Akademiyanın Azərbaycan, rus və ingilis dillərində 90 minə yaxın dənizçilik ixtisasları üzrə dərslik və dərs vəsaitləri, elmi, bədii ədəbiyyat toplanmış zəngin elmi-texniki kitabxanası fəaliyyət göstərir.

Tələbələr yelkənli qayıq, futbol, güləş və şahmat üzrə yarışlarda iştirak edirlər.

Rasim müəllim onu da dedi ki, yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriyalarını, laboratoriyalarını, tədris kabinələrini ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir. Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir. Dəniz Akademiyasının təhsil diplomuna əsasən Dövlət Dəniz Administrasiyası tərəfindən verilən  diplomlar dünyanın 160-dan çox ölkəsində tanınır və məzunlara dünya sularında üzmək üçün beynəlxalq sertifikatlar verilir.

Akademiya Rusiya, Türkiyə, Almaniya, Polşa, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Latviya və digər xarici dövlətlərin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir. Professor-müəllim heyəti İngiltərədə, Rusiyada, Polşada və Kiprdə ixtisasartırma kursları keçmiş və müvafiq beynəlxalq sertifikatlar almışlar. Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının ali dəniz təhsili məktəblərinin kataloquna 012 sayla daxil edilmişdir.  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun xarici əlaqələrinin genişləndirilməsi, beynəlxalq nüfuzunun güclənməsi Dəniz Akademiyası qarşısında inkişaf üçün perspektivlər açır, yüksəkixtisaslı dənizçi kadrları hazırlamaq sahəsində onun məsuliyyətini artırır.

Azərbaycan Dövlət Dənizçilik Akademiyası bu gün  yüksək ixtisaslı  kadrlar hazırlamaq üçün  səmərəli fəaliyyətini davam etdirməkdədir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında