Azərbaycan alimləri Pekində keçirilən 15-ci Beynəlxalq Fotosintez konqresində uğurla iştirak etmişlər

Azərbaycan alimləri Pekində keçirilən 15-ci Beynəlxalq Fotosintez Konqresində uğurla iştirak etmişlər.
Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin və Çin Elmlər Akademiyası Botanika İnstitutunun "Ərzaq və Yanacaq üçün Fotosintez Tədqiqatları və Perspektivlər" devizi altında keçirdikləri konqresdə 43 ölkədən 1000-ə yaxın iştirakçı 6 gün ərzində fotosintez prosesinin müxtəlif aspektlərinə dair tədqiqatların ən mühüm nəticələrini müzakirə etmişlər. Tədbirdə bu sahədə çalışan alimlər informasiya mübadiləsi aparmış, fotosintez cəmiyyətinin nailiyyətləri göstərilmiş, son araşdırmalar elmi ictimaiyyətə təqdim edilmiş, gələcək istiqamətlər müəyyənləşdirilmişdir.
Fotosintez haqqında elmin müasir vəziyyəti nəzərə alınaraq, konqresin proqramına 14 plenar və uyğun stendlərlə müşayiət olunan 25 simpozial məruzə daxil edilmişdi. Bu məruzələr fotosintezin ilkin proseslərini, suyun oksidləşməsi və oksigenin ayrılmasını, fotosintezin biokimyəvi, fizioloji, ekoloji və riyazi aspektlərini əhatə edirdi.
AMEA Botanika İnstitutunda akademik Cəlal Əliyev və onun rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşları 1995-ci ildən başlayaraq müntəzəm olaraq belə mötəbər konqreslərdə iştirak edirlər. Fotosintez üzrə 15-ci Beynəlxalq konqresdə respublikamız 14 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdu. Akademik Cəlal Əliyevin rəhbərlik etdiyi və ən çoxsaylılardan biri olan nümayəndə heyətinin tərkibinə daxil olan alimlərin hamısı bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşlarıdır.
Xatırladaq ki, konqresdə digər postsovet respublikalarının alimləri iştirak etmirdilər və bu gözlənilən idi. Çünki keçmiş sovet məkanında yeganə bir məktəb - akademik Cəlal Əliyevin yaratdığı məktəb nəinki özünü qoruyub saxlaya bilmiş, hətta öz səviyyəsini və elmi potensialını daha yüksəklərə qaldırmışdır. Bu gün bu məktəbin tələbələri MDB, ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Koreya Respublikası, Avstraliya, İsrail və Avropa ölkələrinin ən aparıcı mərkəzlərində öz tədqiqatlarını uğurla davam etdirirlər.
Azərbaycanlı alimlər konqresə 9 iş təqdim etmiş və bu işlər - Cəlal Əliyev. "Triticum L. buğda genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı"; İ.M.Hüseynova, S.M.Rustəmova, Ə.Ç.Məmmədov. "Buğdanın (Triticum L.) quraqlığa tolerantlıqda iştirak edən Dreb 1 genlərinin identifikasiyası"; Y. Feyziyev, S. Stirinq. "Sit.b559 və tirozin YD birgə 2-ci fotosistemin S2 və S3 səviyyələrində yüklərin tarazlıq reaksiyaları"; K.Qasımov. "GTF-birləşdirən zülallar ali bitkilərdə fotosiqnalların transduksiyası üçün potensial messengerlərdir". S.Süleymanov, K.Bayramova, S.Rüstəmova, E.Məhərrəmova, İ.Hüseynova. "226 Radiumun müxtəlif qatılıqlarında yetişdirilən bitkilərdə antioksidat fermentlərin və FS II-nin funksional halı". İ.Əzizov, M.Xanışeva, U.İbrahimova. "Buğda genotipləridə xlorofilin miqdarında və fotosistemlərin fəallığına duzluluğun təsiri"; İ.Hüseynova, Ə.Məmmədov, N.Sultanova. "Azərbaycanda pomidorun yarpaqlarının saralıb burulma xəstəliyinin (TYLCV) aşkar olunması və təbii yoluxmuş bitkilərin biokimyəvi xüsusiyyətlərinin qismən xarakterizə olunması"; Ş.Bayramov, T.Orucova, H.Babayev, N.Quliyev. "Meserbryanthemum crystallinum yarpaqlarında karboanhidraza fermentinin bəzi fiziki-kimyəvi xüsusiyyətləri"; S.M.Rüstəmova, H.Q.Babayev, S.Y.Süleymanov, İ.M.Hüseynova. "Su stersinə məruz qalmış buğda genotipləri xloroplastlarının fotokimyəvi xassələri və antioksidant müdafiə sistemi" konqresin tezislər toplusunda dərc olunmuşdur.
Alimlərimiz apardıqları tədqiqatların nəticələrini təqdim etməklə yanaşı, həm də digər ölkələrdən olan həmkarları ilə elmin ən aktual problemlərinə dair müzakirələr aparmışlar. Onların bitkilərə stress faktorların təsiri və bioloji məhsuldarlıqla bağlı aldığı nəticələr konqres iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Akademik Cəlal Əliyevin konqresə təqdim etdiyi "Triticum L. buğda genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı" məruzəsi öz aktuallığı ilə xüsusi seçilirdi və bitkilərdə fototənəffüsə və karbon metabolizminin tədqiqində çox maraqlı və ziddiyyətli bir problemə həsr olunmuşdu. Qeyd edilməlidir ki, bitkilərdə işıqda fotosintezlə (karbon qazının udulması və oksigenin ayrılması) eyni vaxtda ona əks istiqamətdə fototənəffüs adlanan proses baş verir ki, bu zaman oksigen udulur və karbon qazı ayrılır.
Fototənəffüs prosesinin kəşfindən 50 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, fotosintez prosesində və bitkilərin məhsuldarlığında onun funksiyası haqda hələlik dəqiq məlumat və yekun fikir yoxdur. Uzun illər tədqiqatçılar fototənəffüs prosesinin əhəmiyyətini düzgün qiymətləndirə bilmədiklərindən, ona lazımsız bir proses, israfçılıq kimi baxmışlar. Ancaq fototənəffüsün israfçılıq olması haqda əvvəllər mövcud olan təsəvvürlərin əksinə olaraq, C.Əliyev tarla şəraitində yetişdirilən kontrast genotiplərdən istifadə etməklə müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut etmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyat əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdi əsassızdır. Gözəl təsvirlərlə təchiz olunmuş və 50 illik gərgin əməyin nəticəsi olan bu iş 15-ci Beynəlxalq Fotosintez Konqresində dünyanın aparıcı alimlərinin diqqətini cəlb etmişdir.
Alimlərimizin təqdim etdiyi digər işlər fotosintezin biokimyası, biofizikası, molekulyar biologiyası və fiziologiyasına həsr olunmuşdu. Bu işlərin ideyası Cəlal Əliyev tərəfindən keçən əsrin 70-ci illərində verilmişdir və AMEA Botanika İnstitutunda bioloji məhsuldarlığın fundamental prosesləri şöbəsində uzun illər ərzində aparılan tədqiqatların davamıdır. Təqdim olunan bu işlər də maraqla qarşılanmışdır.
Bu konqresin davamı kimi, 2011-ci il iyulun 24-dən 30-dək Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın sədri Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti professor Ceyms Barber (Birləşmiş Krallıq), fəxri sədri isə Cəlal Əliyevdir.
Belə bir irimiqyaslı elmi tədbirin Azərbaycanda ilk dəfə keçirilməsi Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi böyük nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən ciddi qiymətləndirilməsi ilə bağlıdır. Cəlal Əliyev məktəbinin dünya elminə verdiyi töhfələr - fotosintez prosesinin molekulyar - genetik səviyyədən başlayaraq bitki və əkinə qədər bütün mərhələ və səviyyələrində öyrənilməsini əhatə edir.
İnanırıq ki, bu konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında çox önəmli rol oynayacaq, eyni zamanda, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına da böyük stimul verəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında