Naxçıvan Muxtar Respublikası məktəblilərinin bir qrupu Qusarla tanış olub

Martın 18-də Naxçıvan Muxtar Respublikasının məktəblilərinin bir qrupu “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonuna ekskursiya edib.

AZƏRTAC xəbər verir ki, məktəblilərin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda quraşdırılan 65 metr hündürlüyündəki dirəkdə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.

Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa edib, xatirə şəkli çəkdiriblər.

Sonra tur-aksiyanın iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Məktəblilərə kompleksdə kanat yolları ilə səyahət etmək imkanı da yaradılıb.

Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində olan tur-aksiyanın iştirakçıları ulu öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxıblar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verilib.

Qusarla tanışlıq çərçivəsində naxçıvanlı məktəblilər rayonun Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası ilə də yaxından tanış oldular.

Tur-aksiyanın iştirakçıları Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.

Martın 19-da Naxçıvan Muxtar Respublikasının məktəbliləri Quba rayonunun görməli yerlərinə ekskursiya edəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən martın 17-də respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Tur-aksiya ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında