Azərbaycanda qarşılıqlı işbirliyinə güvənib yüksək səviyyədə elm, mədəniyyət və tərbiyəyə sahib olan, Türkiyədə və sonralar bütün dünyada seçilə bilən şagirdlər yetişdirmək məqsədini qarşısına qoyan Bakı Türk Anadolu Liseyi 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən yaradılmış liseydə çalışan müəllimlər, bir qayda olaraq, Türkiyədən 5 illik müqaviləyə əsasən imtahan verib gəlirlər. Türk və azərbaycanlılardan ibarət 32 müəllim və 340 şagirdin fəaliyyət göstərdiyi məktəbə müdir də həmin müəllimlərdən təyin olunur. Hazırda liseyə Bekir Uslu rəhbərlik edir.
Məktəbə Azərbaycanın ümumtəhsil məktəblərinin 8-ci sinfini bitirmiş şagirdlər imtahanla qəbul edilirlər. Azərbaycanlılarla yanaşı türklərin də təhsil aldığı liseyə şagird qəbulunun sayı pedaqoji şuranın qərarına əsasən müəyyən olunur və sənəd qəbulu apreldə, imtahan isə mayın 9-da test üsulu ilə aparılır. Direktorla söhbətdən öyrəndik ki, indiyə qədər 800 məzunu olan liseydə təhsil ödənişsizdir. Bu il məktəbi 74 məzun bitirəcək. Bekir Uslu fəxrlə bildirdi ki, liseyin ali məktəblərə qəbulolma göstəricisinin dinamikası TQDK-nın hesabatına əsasən orta respublika göstəricisindən yüksəkdir və məzunların əksəriyyətinin keçid balı 550-dən yuxarı olur. 2014-cü ildə 50 nəfər məzundan 29-u ölkəmizin ali məktəblərinə, qalanları isə Türkiyənin və başqa ölkələrin ən yaxşı universitetlərinə qəbul olunmuşlar. Bir faktı da qeyd etmək yerinə düşər ki, yüksək balla qardaş ölkənin universitetlərinə qəbul olunanlar Türkiyə dövlətinin hesabına təhsil alır və onlara təqaüd verilir.
Məktəblərdə yaradılan şəraitin təlim-tərbiyə prosesinə təsiri danılmazdır. Bu baxımdan məktəbin fəaliyyəti günün tələblərinə uyğun olaraq planlaşdırılır. Belə ki, bütün təhsil müəssisələrində olduğu kimi liseydə də təmir-tikinti və abadlıq işləri yüksək səviyyədə həyata keçirilib, istilik, elektrik, informasiya-internet sistemləri və s. yüksək keyfiyyətli avadanlıqlarla əvəz olunub. Təlim və tədrisin müasir səviyyədə keçilməsi və şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələri üçün yeni avadanlıqlarla yanaşı müasir tipli “ağıllı lövhə” quraşdırılıb. Liseydə informasiya texnologiyalarından geniş istifadə olunur və bütün siniflərə “Fiber optik internet” xətti çəkilmişdir.
Məktəbin dərs hissə müdiri Sədi Cəfərov bildirir ki, şagirdlərin qiymətləndirilməsi və dərslərə davamiyyətləri daim valideyn və məktəb rəhbərlərinin diqqət mərkəzindədir. Fənlərə verilən saatların miqdarına uyğun olaraq hər yarım ildə bir neçə dəfə daxili imtahan keçirilir. Şagirdlərin gündəlik, eyni zamanda onların istəyinə bağlı əlavə referans tapşırıqlarının qiymətləri ümumiləşdirilir, I və II yarım ilin nəticələrinə əsasən illik qiymətləndirilir. İl ərzində şagirdlərin istər gündəlik fəaliyyətini, istərsə də illik qiymətlərini həmin an valideyn də izləyə bilir. Ona görə də məktəb– valideyn əlaqələri gündən-günə möhkəmlənir. Məktəbimizdə müəllim və şagirdlərdən ibarət “təlim-tərbiyə şurası” fəaliyyət göstərir. Burada şagirdlərin fəaliyyəti müzakirə olunur, lazımi tədbirlər görülür və fərqlənənlərə müxtəlif həvəsləndirici hədiyyələr verilir.
Liseydə, bir qayda olaraq, ilin əvvəlində Türkiyədə və Azərbaycanda qeyd edilən önəmli günlər və tədbirlər planlaşdırılır. Tədbirlərin yüksək səviyyədə keçirilməsi ücün müəllimlər və şagirdlər cəlb olunur. Dərslərdə, eləcə də keçirilən tədbirlərdə fərqlənən şagirdlər hər iki ölkənin turizm baxımından önəmli yerlərinə səyahət edirlər. Belə gəzintilər uşaqlarda dərslərə olan çalışmaq həvəsini və ruh yüksəkliyini artırır.
Məktəbin diqqət çəkən bir sıra ənənələrini də qeyd etmək yerinə düşər. Belə ki, şagirdlərin fənlərə olan marağını artırmaq məqsədi ilə liseydə ardıcıl olaraq siniflər üzrə bilik yarışmaları, disputlar, dəyirmi masalar və s. təşkil olunur. Bu yarışmalarda istedadlı şagirdlər aşkara çıxarılır və onlar müəyyən olimpiadalara istiqamətləndirilir. Liseyin fiziki tərbiyə müəllimi Yaqub Özden şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif əyləncəli oyunlar, robot oyunları, klublar, idman yarışları və s. həyata keçirildiyini deyir. Bildirir ki, “hal- hazırda liseyin futbol, voleybol və basketbol komandaları şəhər üzrə yarışlara hazırlaşırlar. Çox sevinirik ki, komandamız Bakı şəhəri üzrə məktəblilər arasında keçirilən basketbol turunun qalibi olmuşdur”.
İki qardaş dövlətin liderləri Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin dəhlizdə divara vurulmuş iri portretləri və hər iki ölkənin himnləri yazılmış lövhə marağımı çəkdi. Siniflər üzrə keçirilən bilik yarışmalarının, disput və dəyirmi masaların fəal iştirakçısı, olimpiadalar birincisi Nilufər Tağıyeva məktəbdə dərslərin hər gün bu himnlərin avazla oxunuşundan sonra başladığından qürur duyduğunu dedi.
Ümummilli liderimizin bu dostluğu əks etdirən və bütün zamanlar üçün dəyərini itirməyən kəlamı necə də gözəl səslənir: Biz bir Millət, iki Dövlətik.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.