Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılmışdır

Fevralın 24-də Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşlar.

Bildirilmişdir ki, mərkəz kamera nəzarət sistemi, server və texniki təminat otaqlarından ibarətdir. Burada 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilmiş, 202 İP telefon quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə qoşulmuşdur. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunmuş, otaqlarda yanğından mühafizə və kartla giriş sistemi yaradılmışdır.

Layihə çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması aparılmış, tələbələr üçün 14 min ədəd İD tələbə bileti, müəllimlər üçün 2000 ədəd İD kart hazırlanmışdır. Universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır. Kamera nəzarət sisteminə birləşdirilən 47 videokamera vasitəsilə imtahanların gedişini birbaşa izləmək, yaddaşda saxlamaq və universitet ərazisinə nəzarət etmək mümkündür.

Rəqəmsal multimedia infrastrukturu ilə tanışlıq zamanı məlumat verilmişdir ki, universitet televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcəkdir. Bu məqsədlə “Universitet” televiziyasına 2 televizor, 5 yaxa və 2 masaüstü mikrofon dəsti, 6 səs gücləndirici, 1 montaj kompüteri, 2 videokamera və 12 proyektor verilmiş, virtual studiya quraşdırılmışdır. Sistem onlayn dərslərin hazırlanması və studiya çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunmuşdur.

 Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımına başlanılmışdır. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr yaradılan şəraitdən istifadə etməklə təcrübi biliklərini daha da möhkəmləndirəcəklər.

Ali Məclisin sədri Vasif Talıbov elektron mühazirə və imtahan otaqlarına baxmışdır.

Qeyd olunmuşdur ki, layihəyə uyğun olaraq 350 kompüter alınmış, universitetin fakültələrində 15 elektron kürsülü auditoriya, hər biri 29 kompüterlə təmin edilmiş 12 imtahan otağı yaradılmışdır. Universitet şəhərciyində 3900 metr optik kabel xətti çəkilmiş, tədris korpuslarının internet xətləri yenilənərək 14 server otağı qurulmuşdur. Həmçinin elektron kitabxanada yeni internet mərkəzi istifadəyə verilmişdir.

Fakültələrdə elektron cədvəllərin və məlumatların nümayişi üçün 30 monitor qoyulmuş, senat otağında policam kamera, 21 nəfərlik mikrofon, 3 elektron monitor və 1 elektron kürsü quraşdırılmışdır. Bütün bunlar da videokonfransların təşkilinə, tədris, imtahan və qiymətləndirmə proseslərinin daha şəffaf və çevik formada aparılmasına imkan verəcəkdir.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxmışlar. Sərgidə universitetin müəllim və tələbələrinin müxtəlif janrlarda çəkdikləri 30 rəsm əsəri nümayiş olunmuşdur.

Tədbir konservatoriya binasının akt zalında davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi münasibətilə universitetin kollektivini təbrik etmiş, yeni təhsil infrastrukturunun qurulmasının təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür etmişdir. Ali Məclisin sədri demişdir ki, kompleks və sistemli tədbirlərin nəticəsidir ki, Azərbaycanın ali təhsil müəssisələrinin reytinq cədvəlində Naxçıvan Dövlət Universiteti birinci yeri tutmuşdur.

Ali Məclisin sədri yüksək nəticəyə görə universitetin kollektivinə təşəkkür edərək demişdir ki, əldə olunan nailiyyətlər Naxçıvan Dövlət Universitetinə dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə faydalı əməkdaşlıq əlaqələri qurmaq imkanı yaratmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti dünyanın 80-ə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, Naxçıvan Dövlət Universitetində 360-a yaxın xarici tələbə təhsil alır.

Ali Məclisin sədri göstərilən humanitar köməyə görə Cənubi Koreya Respublikasının hökumətinə minnətdarlığını bildirmiş, layihənin uğurlu icrasına görə Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür etmiş, universitetin professor-müəllim heyətinin və tələbə kollektivinin layihənin imkanlarından səmərəli istifadə edəcəklərinə əminliyini ifadə etmişdir.

Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov demişdir ki, Naxçıvan Dövlət Universitetində 58 ixtisas üzrə 5349 tələbə təhsil alır. Universitetin müəllimlərindən 9-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 28-i elmlər doktoru, 177-si fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universitetində tədrisin yeni texnologiyalar əsasında yenidən qurulması da diqqət mərkəzində saxlanılmış, elektron kitabxana, universitet ərazisini əhatə edən simsiz internet şəbəkəsi istifadəyə verilmişdir. Rektor yaradılan elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturuna görə universitetin professor-müəllim heyəti və tələbə kollektivi adından minnətdarlıq etmişdir.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn çıxış edərək layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Ali Məclisin sədri Vasif Talıbova  minnətdarlıq etmişdir.

Cənubi Koreyanın “Dongwon” şirkətinin direktoru Hong Yong Hye qarşılıqlı səylər nəticəsində həyata keçirilən bu layihənin elektron tədris sisteminin inkişafındakı rolundan bəhs etmişdir.

Tədbir iştirakçıları elektron təhsil şəbəkəsinin yaradılmasından bəhs edən filmə baxmışlar.

Sonda Naxçıvan Dövlət Universitetinin xarici və yerli tələbələri konsert proqramı ilə çıxış etmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında