İlk peşə-ixtisas təhsili: inkişafın yeni mərhələsi

Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir. Yeni-yeni müəssisələr, zavod və fabriklər yaranır, turizm sahəsi  genişlənir, kənd təssərrüfatı, tikinti sektoru sürətlə inkişaf edir. Bütün bunlar ixtisaslı fəhlə kadrların yetişdirilməsinə də diqqəti artırmağı tələb edir.

Beləliklə, ölkədə ali və orta ixtisas təhsili  ilə yanaşı,  peşə təhsilinin də inkişafı  zərurəti  yaranır. İlk peşə-ixtisas təhsilinin əsas məqsədi  geniş dünyagörüşünə malik, təşəbbüsləri, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaqdır. Azərbaycan təhsilinin  bu sahədə böyük uğurları var. Xüsusilə müstəqillik illərində ölkədə ilk peşə təhsili  sahəsində mühüm uğurlar qazanılmışdır. Bu sahədə  cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı peşə təhsilinin inkişafına  güclü stimul vermişdir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  və  həmin Strategiya ilə bağlı cənab Prezidentin bu yaxınlarda imzaladığı yeni sərəncamı ilə təsdiq olunmuş Fəaliyyət Planında  ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə  tutulmuş və konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Dövlətimizin qayğı və diqqəti nəticəsində son illər  bu sahədə əldə olunmuş nailiyyətlər 2014-cü ildə də uğurla davam etdirilmişdir. Bu gün Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsinun yaradılması da bu qayğı və diqqətin nəticəsidir.

Əvvəlki illərlə müqayisədə son vaxtlar texniki peşə təhsili müəssisələrinə marağın artması bir daha göstərir ki, peşə təhsili sahəsində islahatlar doğru yolla aparılır. Bunun başlıca səbəbləri təhsil şəraitinin yaxşılaşması, əmək bazarında ilk peşə-ixtisas təhsilli kadrlara tələbatın artması və bir sıra peşə təhsili müəssisələrinin işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması vasitəsilə məzunlara iş təklif etmək imkanının yüksəlməsi və s. məsələlərdir.

Hazırda ölkəmizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının tabeliyində 4, ümumilikdə isə 108 peşə təhsili müəssisəsi vardır. Bunlardan 47-si peşə liseyi, 2-si peşə tədris mərkəzi, 59-u isə peşə məktəbidir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrinin tərkibində fəaliyyət göstərir.

Ötən il həm təhsilin keyfiyyətində, həm məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində,  həm də beynəlxalq əlaqələrin yaradılmasında  mühüm dövr olmuşdur. Yeni dərsliklər yaradılmış, informasiya texnologiyalarının  tətbiqi sürətlənmiş, məzunların işlə təmin olunması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Beynəlxalq təşkilatlarla əlaqələrin  genişləndirilməsi  mühüm nailiyyət kimi  qeyd olunmalıdır. Koreya höküməti ilə birgə müasir tipli peşə tədris mərkəzinin yaradılması ilə bağlı Kredit Sazişinin imzalanmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi istiqamətində Əməkdaşlıq Memorandumu”nun imzalanmasını da ilin əhəmiyyətli yekunlarından  hesab etmək olar. Layihənin prioritet sahələri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, PTT təlimində məzmunun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir.

 Məzunların işlə təmin ediməsi ilə bağlı Təhsil Nazirliyinin  həyata  keçirdiyi tədbirləri xüsusilə vurğulamaq lazımdır. Bu sahədə müxtəlif qurumlarla əlaqələr yaradılmışdır. Nazirliklə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında ötən il oktyabrın 30-da  Anlaşma Memorandumunun imzalanması bu sahədə atılmış mühüm addım kimi qiymətləndirilməlidir.. Memorandum təhsil müəssisələri ilə biznes strukturları arasında əlaqələrin genişləndirilməsini, təhsil müəssisələrinin idarə edilməsi və tədris prosesinin təşkilində biznes strukturlarının rolunun artmasını, məzunların işlə təminatına dəstək verilməsini və s. məsələləri əhatə edir.  Təhsil Nazirliyinin iri işəgötürən təşkilatlarla əməkdaşlığı   genişləndirmək istiqamətində atdığı addımlardan biri də ötən il  noyabrın 4-də “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə  Əməkdaşlıq Memorandumunun imzalanması olmuşdur. Söz yox ki, bu əməkdaşlıq respublikamızda son zamanlar sürətlə inkişaf edən metallurgiya sahəsi üzrə ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə, həmçinin, bu sahə üzrə kadr hazırlığı səviyyəsinin yüksəlməsinə köməklik göstərəcəkdir.

 “Müasir Azərbaycan Peşəkarları” layihəsi artıq həyata keçirilməkdədir.  Həmin  layihə çərçivəsində görülən işlər ötən il də davam etdirilmiş, ilk peşə ixtisas müəssisələrində bəzi yeni ixtisaslar üzrə siniflər yaradılmışdır. Məsələn, 14 nömrəli Bakı Peşə Liseyinin bazasında “mühafizəçi” ixtisası üzrə kadr hazırlığına başlanılmışdır.

İşəgötürən təşkilatlarla əlaqələrin genişlənməsi məzunların işlə təmin edilməs səviyyəsinə də müsbət təsir göstərir. Belə ki, hazırda bir sıra yerli və beynəlxalq şirkətlərdə işləyən peşə təhsili müəssisələrinin məzunlarının sayı artmaqdadır. Bu isə öz növbəsində peşə təhsilinə münasibətin dəyişməsinə, marağın artmasına səbəb ola bilər.

Məlumdur ki, respublika  Prezidenti  2015-ci ili  ölkədə  “Kənd təsərrüfatı ili” elan etmişdir. Artıq  bu sahə üzrə  yüksək səviyyəli peşə təhsili  kadrlarının yetişdirilməsi  imkanları mövcuddur. Son 20 ildə ilk dəfə olaraq peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası və avtomobillər verilmişdir. Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə onlardan bəzilərini yeni texnika, avadanlıq, əyani və texniki vasitələrlə təmin etmişdir.

 Bu  sahə  üzrə müəllim kadrların hazırlanması da olduqca əhəmiyyətli məsələlərdən biridir. Ona  görə də  Təhsil Nazirliyi  bu məsələyə  xüsusi önəm verir. Nazirlik  GİZ təşkilatı ilə əməkdaşlığı çərçivəsində ilk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması üzrə birgə layihə həyata keçirmişdir.

“Allianz Consult” MMC-nin təşkilatçılığı ilə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrların  “Liderlik və idarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında