Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır

Prezident İlham Əliyev  yanvarın 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm dövlət sənədi ölkənin təhsil ictimaiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb. Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, Milli Məclisin deputatı,   professor Aqiyə Naxçıvanlı “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır” sərlövhəli yazısında bu barədə fikirlərini bölüşüb. AzərTAc yazını oxuculara təqdim edir.

Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq,  təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Bu baxımdan  Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük  əhəmiyyətə malikdir. 

Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, Dövlət Strategiyasında  davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən,  insan kapitalının inkişafına önəm verən,  insan resurslarının yetişdirilməsini və idarə edilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Strategiyası ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunmasında pedaqoji kadrlar mühüm rol oynayır. Bu baxımdan ali təhsil sisteminə yeni yanaşma, beynəlxalq təcrübəyə uyğun, müasir tələblərə cavab verən müəllim hazırlığı sisteminin  formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, pedaqoji kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma, yenidənhazırlanma, distant təhsil, inklüzivlik və s.) məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir.

Prezident  İlham Əliyevin  2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir.

Bu məqsədlə Dövlət Strategiyası AMİ-nin elmi şurasında, bütün struktur bölmələrində müzakirə edilib, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün institutun görəcəyi işlər müəyyənləşdirilib, Fəaliyyət Planında əksini tapan, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən uzunmüddətli tədbirlərin həyata keçirilməsi  üçün zəmin yaradılıb. Belə ki, son illərdə institutumuzun infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi sahəsində çox iş görülüb.  

Bolonya sisteminin elektron təhsil ilə bağlı tələblərinin reallaşdırılması, auditoriyaların kompyuterləşdirilməsi, elektron lövhələrlə təchizi, internet şəbəkəsi sisteminə qoşulması,  müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından (İKT)    istifadə proqramları üzrə treninqlərə cəlb olunması interaktiv mühazirə və seminar məşğələlərinin keyfiyyətinə müsbət təsir göstərib. Bununla yanaşı,  İKT-nin müəllim hazırlığı sistemində tətbiqi ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, rəqabət qabiliyyətli, dövlətin təhsil islahatlarını həyata keçirməyə qabil olan pedaqoji kadrların yetişdirilməsində yeni yanaşmalar tələb edir.  İnstitutda, xüsusən filiallarımızda müəllim hazırlığının səviyyəsinin yüksəldilməsində İKT-dən istifadə ilə bağlı qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün görüləcək işlər çoxdur. AMİ-nin əməkdaşlarının  Dövlət Strategiyasının tələbləri baxımından mərkəzdə və regionlarda pedaqoji kollektivlərə göstərdiyi metodiki xidmət təhsilverənlərin maraq və tələbatları nəzərə alınmaqla yeni keyfiyyət səviyyəsinə qaldırılmalıdır.

Müasir müəllim təhsil sistemimiz də tətbiq olunan kurikulumun standartlarının reallaşdırılmasına, şəxsiyyətyönümlü, nəticəyönümlü təlimə, təhsilalanların yüksək mənəviyyata,  müasir bilik və bacarıqlara, yeni texnologiyalara çevik yiyələnməsinin təmin edilməsinə hazır olmalıdır. Hazırda institutumuz respublikada pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması sahəsində mərkəz rolunu oynayır və internatura sisteminin tətbiqi, eləcə də Fəaliyyət Proqramında  əksini tapan ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi layihəsinin hazırlanması ilə əlaqədar bu istiqamətin gələcəkdə daha da gücləndirilməsinə ehtiyac var. Eyni zamanda, fikrimizcə, müəllim hazırlığında yeniləşmənin bir istiqaməti kimi pedaqoji ali məktəblər arasında bakalavriat və magistratura səviyyəsində müəyyən ixtisaslaşma  aparılması faydalı olardı.  Müəllimlərin ixtisasartırma sistemində tətbiq edilməsi nəzərdə tutulan müasir yanaşmalar nəticə etibarilə Dövlət Strategiyasında  əksini tapan yeni təhsil fəlsəfəsinin tələblərinə cavab verən səriştəli müəllimin formalaşmasına gətirib çıxarmalıdır.

Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də distant təhsil, təlim - tərbiyə işinin  differensiallaşdırılması, inklüziv təhsilə yeni münasibətlə bağlıdır. Differensiallaşdırmanın tərkib hissəsi olan inklüziv təhsilin təşkili sahəsində institutumuzun fəaliyyəti tədbirlər planına uyğun olaraq daha da genişləndiriləcəkdir. “World Vision İnternational” Beynəlxalq Humanitar Təşkilatının  ayırdığı maliyyə vəsaiti əsasında “Sosial hüquqların araşdırılması” İctimai Birliyi  və Azərbaycan Müəllimlər İnstitutunun birgə həyata keçirdiyi “AMİ-nin İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” layihəsi hazırda uğurla davam etdirilir.

Həmin layihə çərçivəsində istər Bakıda, istərsə də respublikanın müxtəlif bölgələrində sağlamlıq imkanları məhdud olan uşaqların təhsili sahəsində həyata keçirdiyimiz tədbir və treninqlərin nəticələri bu istiqamətin əhəmiyyətini və perspektivlərini göstərir. İnklüziv təhsil ilə bağlı mövcud vəziyyətin öyrənilməsi, maarifləndirmə işi aparılması, fəaliyyət perspektivlərinin müəyyənləşdirilməsi sahəsində planlaşdırdığımız işlər Dövlət Strategiyasının həyata keçirilməsi baxımından yeni ideyaların meydana çıxmasına  imkan verəcək.

Dövlət Strategiyasında ali məktəblərin təhsil - tədqiqat -innovasiya mərkəzlərinə çevrilməsi, ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması  və tətbiqi nəzərdə tutulur. Elm kimi təhsilin də qloballaşması, elmlə təhsilin vəhdətinin ön plana çıxması yaşadığımız dünyanın reallıqlarındandır. Bu baxımdan xarici ölkələrin qabaqcıl təhsil ocaqları  ilə elm-təhsil əlaqələri, təhsil sistemləri arasında inteqrasiya, qabaqcıl təcrübənin, innovasiyaların öyrənilməsi, tətbiqi  zəruri vəzifə kimi qarşıda dayanır. Azərbaycan Müəllimlər İnstitutunun bir sıra xarici dövlətlərin  - Türkiyə, Fransa, Avstriya, Hindistan, Rusiya, Ukrayna, Gürcüstanın pedaqoji yönümlü ali təhsil müəssisələri, nüfuzlu alimləri ilə əməkdaşlığı, təcrübə mübadiləsi, müəllim  hazırlığının aktual problemlərinə həsr olunan beynəlxalq və respublika konfranslarının təşkili  strategiyadakı qabaqcıl elmi mühitin yaradılması ideyasının reallaşdırılması baxımından böyük  əhəmiyyət kəsb edir.

Dövlət Strategiyasında yeni kurikulumlara və İKT-yə əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasının əhəmiyyəti xüsusi vurğulanır. İnstitutumuzun əməkdaşları Dövlət Strategiyasının reallaşdırılmasının elmi-pedaqoji təminatının yaradılmasında, təhsilin məzmununun təkmilləşdirilməsində, ali məktəblər üçün dərslik, dərs vəsaiti, metodik vəsaitlərin, ümumtəhsil məktəbləri üçün fənn kurikulumları üzrə dərslik və metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edirlər.

Təhsil sahəsində maliyyələşdirmənin dayanıqlı  və adekvat olmasını təmin edən, səmərəli və nəticəyönümlü yeni modelinin qurulması da Dövlət Strategiyasında nəzərdə tutulan ümdə məsələlərdən biridir. Hazırda  institutumuzda müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılması, əməkhaqqı və maddi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır. Şübhə yoxdur ki, stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

Müasir dövrün, qloballaşan dünyanın çağırışlarına cavab verən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu məsul və şərəfli vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına, insan kapitalının inkişafına təkan verəcək, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında