Aqrar Universitet nümunə göstərir

“Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı, bu, qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Bu gün bu barədə məlumat verildi, həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən

 

Yazının sərlövhəsini bir an belə tərəddüd etmədən, çəkinmədən qoymuşam. Bəli, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, sözün əsl mənasında, nümunə göstərir. Özü də bunu bütün sahələrə şamil etmək olar. Qış imtahan sessiyasının təşkili və gedişi, tələbələrin, professor-müəllim heyətinin  hazırlığı, təşəbbüskarlığı, fəallığı, yüksək nizam-intizam, hər an yenilənən, müasirləşən və zənginləşən maddi-texniki baza belə deməyə əsas verir.

Bilirsiniz, bəzən müxtəlif söz-söhbətlər,  heç bir arqumentə söykənməyən “faktlar” hər hansı  obyekt, təşkilat, hətta adi insan haqqında fikir formalaşdırır və istər-istəməz fikirləşirsən ki, görəsən, bu, doğrudanmı belədir? Heç şübhəsiz, Azərbaycan Dövlət Aqrar Universiteti çox böyük və sanballı bir ali məktəbdir, şanlı tarixi var, 85 yaşı artıq qeyd olunub. Akedemik Həsən Əliyev, İmam Mustafayev, Validə Tutayuk, Mehdi Mustafayev və onlarca başqa tanınmış simalar bu elm ocağında təhsil alıblar, burada işləyiblər, kadr hazırlayıblar. Hazırda Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada bu ali məktəbin məzunu olmasın. Rayon icra hakimiyyəti başçılarının böyük əksəriyyəti  indiki aqrar universitetin müəllimlərindən dərs alıb. Amma sirr deyil ki, bir çox hallarda burada kadr hazırlığı lazımi səviyyədə olmayıb. Səbəblərini xırdalıqlarına kimi göstərmək də fikrində deyilik. Başlıca səbəb kimi tədrisin keyfiyyətinin aşağı olması, qış və yay imtahan sessiyalarında neqativ hallara şərait yaradılması və heç şübhəsiz, maddi-texniki bazanın günün tələblərinə cavab verməməsi olub...

Bəs indi vəziyyət necədir? Elə bu sualın cavabını almaq üçün üz tuturuq universitetin şəhərin müxtəlif yerlərində olan korpuslarına. Əslində, bunu bizə  universitetin rektoru, AMEA- nın müxbir üzvü, professor İbrahim Cəfərov məsləhət görüb. Bir qədər əvvəl kabinetində olmuş, payız semestrinin imtahan sessiyasının təşkili və gedişi ilə maraqlanmışdıq. “Nə danışsam, öz müşahidənizi əvəz edə bilməz”, – deyib tədris işləri üzrə prorektoru çağırıb mənimlə tanış etmişdi.

Prorektor Anar Hətəmov cavan olsa da elə ilk söhbətdən hiss olundu ki, universitetin bütün sahələrindəki işindən xəbərdardır.Tədrisin təşkili və imtahanların gedişi də ki,  öz yerində. Yol boyu bu işlərdən həvəslə danışır, tələbələrin bir sıra xarici ölkələrdəki təhsilindən, ixtisaslarının artırılmasından söhbət açır. Deyir ki, universitetin rektorluğu idarəetmənin, tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə tələbələr arasında online formada “Tələbə məmnuniyyət sorğusu” keçirmişdir. Sorğunun daha şəffaf, demokratik, obyektiv keçirilməsi üçün cavabların anonimliyinə rektorluq tam təminat vermişdir. Bundan başqa, əyani təhsil formasında imtahan sessiyasının təşkili və keçirilməsi rektorun əmri ilə rəsmiləşdirilmiş, Təhsil Nazirliyinin müvafiq əmri elan olunmuşdur. Əmrdə bakalavriat və magistratura səviyyələrində sessiyanın keçirilmə müddəti, “Qaynar xətt”in əlaqə telefonu, e-mail ünvanı qeyd edilmiş, şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilmiş, apelyasiya komissiyası yaradılmış, əmr universitetin elektron poçtunda yerləşdirilmişdir...

Anar müəllim mühəndislik fakültəsinin tədris korpusunda artıq ikinci ildir ki, təşkil olunan sessiya imtahanlarının test formasında kompüterlər vasitəsilə keçirilməsindən danışmaq istəyirdi ki, sözünü saxladı və “Çatdıq, həmin tədris korpusu budur, yaxşı olar ki, özünüz baxasınız”, –  deyib maşından düşdü.

Səmimi deyirəm, çoxdan idi bu cür imtahan əhval-ruhiyyəsi olan ali məktəb görməmişdim. İmtahanın başlamasına hələ bir saatdan çox vaxt qalırdı. Həyətdə xeyli tələbə var. Onlar üç bir-beş bir toplaşıb sual-cavab edirdilər. Kitabxanada, necə deyərlər, iynə atsan, yerə düşməzdi. Tələbələr kompüterlərin arxasında əyləşib onlara lazım olan materiallarla tanış olurdular. Bəziləri, sadəcə olaraq, aldıqları kitabları vərəqləyirdilər. Yeri gəlmişkən qeyd edim ki,çox zəngin və olduqca gözəl bir kitabxana yarada biliblər. Onun fondu artıq 700 mini keçir. Qədim kitablar üçün ayrıca bir guşə yaradıblar. Burada elə kitablar var ki, yaşı 200-dən çoxdur.

Tədris korpusunu gəzərkən adama elə gəlir ki, hansısa uzaq bir ölkədəsən. Tələbələr üçün nələr etməyiblər? Ən müasir fənn kabinetləri, laboratoriyalar, auditoriyalar, “ağıllı lövhələr”, müxtəlif problemləri öyrənən mərkəzlər və daha nələr, nələr...Təsəvvür edin ki, sonuncu kurs tələbəsi “Tələbə və Karyera Mərkəzi”nə daxil olur və bir düyməni basmaqla geniş  ekranda Azərbaycanın şəhər və rayonlarında onun ixtisasına uyğun boş yerlər haqqında həmin andaca məlumat alır. Mərkəzin rəhbəri Hümbət Camalov deyir ki, indiyədək 33 rayonun icra hakimiyyətləri ilə müqavilə bağlamışıq və onlardan vaxtaşırı məlumatlar alırıq. İri müəssisələrlə də müqavilələrimiz var. Məzun niyə çöllərə düşüb özünə iş axtarmalıdır? Çalışırıq ki, nə tələbənin, nə də bizim əməyimiz hədər getməsin.

Fakültənin dekanı Cəmaləddin Məmmədov deyir ki, 42 ildir burada çalışır, lakin heç vaxt bu cür şərait yaradıldığının şahidi olmayıb. Dekandan “ yəqin bu yenidənqurma işlərində sizin də payınız var”, – deyə soruşanda prorektorun üzünə baxıb “Yox, rəhbərliyin işidir”, –  dedi. Yadıma professor İbrahim Cəfərovun bir qədər əvvəl dediyi sözlər düşdü: “İcazə vermərəm ki, hər hansı bir dekan, ya kafedra müdiri, yaxud müəllim öz vəsaiti hesabına bir dəftər belə alsın. Onu alan sabah tələbəyə üz tutacaq. Bunlara birdəfəlik son qoyulub.”

Tədris korpusu şəhərin ali məktəbləri arasında ən böyüyüdür. Burada eyni vaxtda 2000 tələbəyə dərs keçmək mümkündür. Magistratura, qiyabi təhsil də burada yerləşir. Korpus başdan-başa kameralaşdırılıb. Addımbaşı növbətçilərə, digər məsul şəxslərə rast gəlmək mümkündür. Anar müəllim deyir ki, rektorluq təhlükəsizlik məsələlərinə çox ciddi yanaşır. Kənar adamın içəri daxil olması mümkün olası iş deyil. Başqa korpuslarda da belədir.

Bir azdan imtahan başlayır. İki auditoriyada 150 tələbə imtahan verir. Hamısının qarşısında kompüter və başqa heç nə. Eləsi var ki,suallara cəmi10 dəqiqə ərzində cavab verir və kompüterdən ümumi imtahan balını öyrənib çıxır. Eləsi də var onlara ayrılmış 50 dəqiqə vaxtdan sonadək istifadə edir. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinin tələbəsi Yelmar Nəsirov imtahana 40 balla daxil olduğunu bildirir və ən azı 40 bal da imtahandan toplayacağına əmin olduğunu deyir.

Məlumat üçün qeyd edək ki, tələbə imtahana qədər fəal olmadı, dərs buraxdısa o, kifayət qədər bal toplaya bilmir. İmtahanda yüksək bal toplasa belə o, şübhə yaradır və təbii ki, nəzarətə götürülür. Bu faktı ona görə xüsusi vurğulayırıq ki, imtahan vaxtı heç kim – nə dekan, nə müəllim, nə də ki, nəzarətçilər müdaxilə etmək gücündə deyillər.

İmtahan gedən otaqların qonşuluğunda başqa bir kiçik otaq da var və əslində, imtahanın gedişinə nəzarət buradan aparılır.  Eyni vaxtda 150 tələbənin kompüterlə imtahan verməsinin təşkili  də elə burada yaradılır. Bütün bu sistemin işləməsi elə universitetin öz tələbəsi Tələt Rzayevin qabiliyyəti və  istedadı sayəsində mümkün olub.

Öyrənirik ki, gün ərzində 1000 nəfərə kimi tələbə imtahana daxil olur. Təbii ki, çətin bir prosesdir. Başlıcası isə şəffaflığın, obyektivliyin qorunmasıdır. Yaxşı ki, universitet rəhbərliyinin, şəhər icra hakimiyyətinin, əlaqədar nazirliklərin birgə səyi nəticəsində buna nail olunub.

Bəs necə olub ki, uzun illərdən bəri davam edən problem tədricən həll olunmağa başlayıb? Sualın iki sözdən ibarət cavabı var: iradə və qayğı. Etiraf etmək lazımdır ki, universitetin rektoru İbrahim Cəfərov bu ali məktəbə rəhbərlik etdiyi qısa vaxt ərzində qeyd etdiyim həmin iradəni göstərə bilib. Qayğı da ki, öz yerində. Prorektorlardan tutmuş dekanlara,kafedra müdirlərinə, sıravi müəllimlərə, laborantlara, texniki işçilərə kimi əlavə stimul yaradılıb, aldıqları maaşdan başqa hər ay əlavə pul vəsaiti verilməsinə başlanıb. Yuxarıda qeyd etdim: universitetin bir işçisi belə deyə bilməz ki, nəyəsə bir manat vəsait xərcləyib. Bütün işləri rektorluq özü həll edir. Təmirindən tutmuş avadanlıqların alınıb gətirilməsinə kimi. Görülən işlər də göz qabağındadır. Müxtəlif mərkəzlər, laboratoriyalar, Avropa üslubunda təmir olunmuş tədris korpusları, yataqxanalar, idman zalları,  maşın - traktor parkı...

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində təşkil olunan Quşçuluq Tədris-Təcrübə mərkəzində və qapalı balıq yetişdirmə laboratoriyasında olduq və düzü, heyran qaldıq. Tələbəyə, elə müəllimlərin özlərinə də bundan gözəl nə şərait yaratmaq olar? Xeyli xərc çəkilib, Türkiyədən mütəxəssislər dəvət olunub. Zəngin laboratoriya quraşdırılıb,ferma tikilib,avadanlıq alınıb.Maşın-traktor parkına baxdıq. Yeni avtobuslar, taxılyığan kombayn, traktorlar, kotanlar, kübrəsəpən, otbiçən, kartofqazan və neçə-neçə digər texnika gördük. Zəngin, bir çox iri kənd təsərrüfatı rayonlarının həsəd aparası bir maşın parkıdır.

Tikintisi artıq başa çatmaqda olan yeddimərtəbəli, beşbloklu, 514 yerlik tələbə yataqxanasına baxdıq. Dedilər ki, sentyabrda istifadəyə verəcəklər və tələbələrin məişət şəraiti əsaslı şəkildə yaxşılaşacaq. Hazırda əyani təhsil alan 4 mindən çox tələbənin təxminən yarısı kirayədə yaşayır. Tezliklə başqa bir yataqxananın da inşası planlaşdırılır. Tələbələrin hamısı ən vacib qayğıdan azad olunacaq.Bir də ki,universitet tələbələri tez-tez müxtəlif xarici ölkələrdə olur, istehsalat təcrübəsi keçirlər və təbii ki, həmin ölkələrin ali məktəblərinin yataqxanalarında qalırlar. Bizim mehmanxana tipli yataqxana da istifadəyə verildikdən sonra xarici ölkələrdən çoxlu tələbə və müəllim qəbul etməyə şərait yaranacaq.

Bu yaxınlarda Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi layihəsi” çərçivəsində Ölkədən Kənarda Təhsil Almış Məzunlar Təşkilatı tərəfindən Azərbaycanda ali məktəblərin reytinq cədvəli hazırlanmışdır. Cədvəldə Azərbaycan Dövlət Aqrar Universiteti 658 balla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri arasında 1-ci, respublika üzrə isə 7-ci olub. Zənnimizcə, yaxşı göstəricidir və nəzərə alsaq ki, bu ali məktəb belə sürətlə və intensiv inkişaf edir, hər cür neqativ hallara qarşı kəskin mübarizə apararaq artıq istədiyinə nail olur,o zaman adının tezliklə birincilər sırasında olacağına heç kimdə şübhə yeri qalmır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında