Azərbaycan Dövlət İqtisad Universiteti ilə QKDK arasında anlaşma memorandumu imzalanıb

Dünən Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb.

Sənədi ADİU-nun rektoru Ədalət Muradov və QKDK-nin sədri Rüfət Aslanlı imzalayıblar. Tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.

ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı dövlətin hər zaman diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı qəbul edilib. Rektor qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində QKDK-nın fəaliyyətini, ali təhsil ocaqları ilə əməkdaşlığını yüksək qiymətləndirib.

QKDK-nın sədri Rüfət Aslanlı çıxışında bildirib ki, təhsil, elm, təlim-tədris və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına şərait yaradacaq. Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərinin təbliğatının artırılması üçün tələbələr “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərsinlər.

Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında