İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. İnsanın biliyi onun gələcək həyatını müəyyən edir, bu da ölkənin hərtərəfli inkişafına xidmət edir və intellektual potensialın möhkəmlənməsinə gətirib çıxarır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, bu gün iqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Bu siyasətin həyata keçirilməsində və uğurların qazanılmasında əhəmiyyətli rolu olan müəssisələr kifayət qədərdir.Onların sırasında 1994 - 2003 - cü illərdə cənab İlham Əliyevin birinci vitse - prezident kimi çox məhsuldar fəaliyyət göstərdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birincilər sırasındadır.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti dünyanın aparıcı şirkətləri arasında layiqli yer tutur. Son illər Azərbaycanın iqtisadiyyatının güclənməsində xüsusi rolu olan Dövlət Neft Şirkəti ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi sovetlər dövründə ittifaqın nüfuzlu ali məktəblərinə göndərilmiş çoxsaylı tələbələrdən biri Rövnəq Abdullayevin rəhbərliyi ilə çox böyük layihələr həyata keçirir. Şirkətin strukturlarından biri də ARDNŞ - in Sosial İnkişaf İdarəsinin tərkibində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma Departamentidir. Departamentin açılışında cənab Prezident şəxsən iştirak etmiş və onun gələcək fəaliyyətinə uğurlar arzulamışdır. Hazırda burada texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, gənclərdə texniki peşə təhsilinə həvəsin yaradılması və onun inkişafında beynəlxalq təcrübənin öyrənilməsinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin nəzdində fəaliyyət göstərən Təlim, Tədris Mərkəzi müasir tələblərə uyğun maddi - texniki bazaya, laboratoriyalara, təlim emalatxanalarına malikdir və yüksək səviyyəli informasiya texnologiyaları və avadanlıqlarla təchiz olunmuşdur. Təhsil ocağında elektrik- qaz qaynaqçısı, nəzarət-ölçü cihazları və avtomatika, daxili yanma mühərriki üzrə çilingər, kran maşinisti, texnoloji kompressorların maşinisti, təmirçi çilingər, texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, liftçi, neft-qaz quyularının qazılması üzrə qazmaçı, neft və qaz hasilatı üzrə operator, səyyar buxar-qazan maşinisti, ilməçi, qaldırıcı maşinist və digər ixtisaslar üzrə kadrlar hazırlanır.
Burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də tələbə və dinləyicilərin peşələrə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə "Lift üzrə elektromexanik", "Avtomobil kranı maşinisti", "Körpülü kran maşinisti", "Çatmalı kran maşinisti", "İlməçi", "Takelajçı", "Qazmaçı", "Qaldırıcı maşinist" peşələri üzrə kursların tədris plan və proqramları razılaşdırılmış və təsdiq olunmuşdur.
Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindəndir. Buna görə də ARDNŞ-in yeni texnika ilə işləməyi bacaran gənc neftçi mütəxəssislərinin hazırlanmasını həyata keçirən Təlim, Tədris və Sertifikatlaşdırma Departementi informasiya və kommunikasiya texnologiyalarının milli təhsil sisteminə tətbiqinə ciddi önəm verir. Burada İKT-dən istifadənin yeni metodları hazırlanır. Artıq cari ildən Mərkəzdə yeni fəhlə kadrları hazırlığı qruplarında və mühəndis-texniki işçilər üçün təşkil olunan qruplarda imtahanların "test - imtahan" proqramı əsasında aparılması prosesi həyata keçirilmişdir və bu proqrama əsasən bütün dinləyicilər imtahanı kompyuterdə xüsusi test proqramı ilə vermişlər.
Departamentin işçilərinin ixtisaslarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. İndiyə qədər 35 nəfər işçimiz "İngilis dili", "Kompyuter texnologiyasının əsasları" üzrə və Türk Standartları İnstutunun mütəxəssislərinin iştirakı ilə təşkil olunan kurslarda iştirak etmiş və müvafiq sertifikatlara layiq görülmüşlər.
Bütün görülmüş işlərin nəticəsidir ki, Departamentimiz TS 18001 / OHSAS "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi", TS EN ISO 14001 "Ətraf mühitin mühafizəsi idarəetmə sistemi", TS EN ISO 9001 "Keyfiyyət idarəetmə sistemi", həmçinin TS EN ISO /IEC 17024 və AZS ISO /IEC 17024 "Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar" və TS EN 287-1 "Qaynaqçıların bacarıqlıq sınağı" beynəlxalq sertifikatlarına layiq görülmüş və öz fəaliyyətini bu standartların tələbləri səviyyəsində qurur. Neft sənayesinin inkişafında həmişə qabaqcıl texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilib. Zavodların, neft və qazçıxarma idarələrinin yeni texnika və avadanlıqlarla təchiz olunması ilə əlaqədar Mərkəzdə işçilərin hazırlanması üçün daim yeni kurslar təşkil edilir. Sifariş əsasında istehsalatdan ayrılmaqla "Nəzarət ölçü cihazları və avtomatika" ixtisası üzrə şirkətin bütün müəssisə və təşkilatlarında çalışan işçiləri üçün yenidən hazırlanma kursu təşkil edilmiş və bu kursun aparılması ilə əlaqədar yeni cihaz və avadanlıqlar alınmışdır. Tədrisin keyfiyyətinin artırılması məqsədilə "NÖC və avtomatika" qrupunun dinləyiciləri mütəmadi olaraq "bp" Əməliyyat Şirkətinin Xəzər Texniki Təlim Mərkəzində, Qum adası NQÇİ-də və N.Nərimanov adına NQÇİ-də olur, istehsalat təcrübəsini isə "Azərneftyağ" Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda keçirlər. Departamentin yaradılmasının ən üstün cəhəti respublikamızda olan işsizlik probleminin həll olunmasına ARDNŞ tərəfindən kömək olunması və gənc kadrların TTM-i bitirdikdən sonra müvafiq qaydada işlə təmin edilməsidir. Yarandığı gündən indiyə qədər 7000 nəfərə yaxın ARDNŞ işçisi ixtisasartırma, 2-ci peşəyə yiyələnmə və yenidən hazırlanma kurslarına cəlb olunmuşdur.
TTM-də təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilir. Əgər 2005-2006-cı tədris ilində 64 nəfər TTM-də istehsalatdan ayrılmaqla və ayrılmamaqla ixtisasartırma, ikinci peşəyə yiyələnmə, yenidən hazırlanma, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə peşə ixtisaslarının artırılması kurslarını bitirmişdirsə, 2008-2009-cu tədris ilində onların sayı 1423 nəfər olmuşdur.
2009-2010 - cu tədris ilndə 45 nəfər gənc 5 ixtisas üzrə yeni fəhlə kadrları hazırlığı kurslarını bitirmiş və onlar artıq ARDNŞ-in müxtəlif strukturlarında əmək fəaliyyətinə başlamışlar. Bu il isə hələ sentyabr ayına olan məlumata görə istehsalatdan ayrılmaqla və ayrılmamaqla ümumilikdə 1732 nəfər ixtisasartırtma, ikinci peşəyə yiyələnmə, yenidən hazırlanma kurslarında iştirak edərək sertifikat almışlar.
Bu tələbələrin arasında Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evindən gəlmiş gənclər də var. Onlar xüsusi təqaüdlə, gün ərzində 3 dəfə isti yeməklə və müvafiq qaydada yataqxana ilə təmin olunurlar. Xatırlatmaq istəyirəm ki, indiyə qədər həmin uşaq evindən TTM-də 29 nəfər təhsilini başa vurub və onlar neft sektorunda işlə və yataqxana ilə təmin olunub. Artıq Təlim, Tədris Mərkəzi 2010-2011-ci tədris ili üçün yeni fəhlə kadrlarının hazırlanması ilə əlaqədar tələbə qəbulunu başa çatdırmışdır və bu il verilən sifarişlərə əsasən 55 nəfər arasında uşaq evindən 6 nəfər tələbə adını qazanmışdır.
Təlim, Tədris Mərkəzi yeni standartların tətbiqinə xüsusi diqqət yetirir, idarələrlə müntəzəm danışıqlar aparır, ilbəil kənar təşkilatlardan sifarişlər qəbul edir və respublikada ilk dəfə olaraq yeni zəruri ixtisasların açılması ilə bağlı maddi-texniki bazanı möhkəmləndirir. İndiyə qədər TTSD "Azgerneft" MMC, "SOCAR-AQŞ" MMC, "SOCAR PETROLEUM" QSC, "Azeri M-I DRİLLİNG FLUIDS LTD", "EKOL" MX, "Səlyan" OYL, "SASEL" Firması, "Azərbaycan" Elmi İstehsalat Birliyi, "Qulf Drillinq Supply FZE", "Nobel" OYL LTD və Azərbaycanda fəaliyyət göstərərən digər müəssisələrdən sifarişlər qəbul etmiş və kursları müvəffəqiyyətlə bitirmiş dinləyicilərə sertifikatlar təqdim etmişdir.
Təlim, Tədris Mərkəzinə Neft Akademiyasının, Azərbaycan Texniki Universitetinin, digər nüfuzlu universitetlərin müəllimləri və ARDNŞ - in strukturuna daxil olan müəssisə və təşkilatların yüksək elmi dərəcəsi olan mütəxəssisləri, həmçinin Türk Standartları İnstitutunun əməkdaşları dəvət olunurlar. . Beynəlxalq maliyyə sisteminə keçid ilə əlaqədar olaraq ARDNŞ-in ümumilikdə 1000 nəfər əməkdaşına SAP ERP proqramının SD və MM modulu, HR modulu və "BPC" sistemi üzrə kurslar təşkil olunmuş və bu kursların təşkili üçün bütün lazım olan şərait yaradılmışdıır.
Meksika körfəzində Horizon üzən qazma qurğusunda bas verən məlum qəza hadisəsi insan itkisi, körfəzdə kəskin ekoloji çirklənmə və böyük miqdarda maliyyə sərfinə səbəb olmuşdur. Baş vermiş hadisə göstərir ki, ən yeni texnika və texnologiyalar tətbiq edildiyi hallarda belə texniki təhlükəsizlik tədbirləri daim gücləndirilməli, potensial risklər qiymətləndirilməli və düzgün idarə olunmaldır. Analoji hadisələrin bas verməsinin qarsışını almaq və neqativ nəticələri aradan qaldırmaq məqsədilə, Təlim, Tədris Mərkəzində təşkil olunacaq "Dənizdə və quruda neft-qaz hasilatı sahələrində neft dağılmasının qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər"ə dair təlimatlandırma kursunun oktyabr ayından başlanması nəzərdə tutulub.
Bununla bağlı müvafiq təşkilatlar artıq öz sifarişlərini göndəriblər.
Prezident tərəfindən 2010 - cu ilin Ekologiya ili elan olunması ilə əlaqədar olaraq ekoloji mədəniyyətin formalaşdırılması üçün tələbələr və dinləyicilər arasında sistemli ekoloji tərbiyələndirmə, maarifləndirmə və təbliğat işləri aparılması məqsədilə ARDNŞ-in Ekologiya İdarəsi ilə birlikdə seminarlar təşkil edilir. Seminarlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalmış gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bizim də məqsədimiz budur ki, tələbələrimiz peşələrə yiyələnməklə yanaşı, dövlətçiliyimizi müdafiə edən, torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan gənclər kimi formalaşsınlar.
Hazırladığımız kadrlar çalışırıq ki, yüksək ixtisas qazanmaqla yanaşı, həm də müstəqil Azərbaycanımızın əsl vətəndaşı kimi yetişsinlər.
{nl}
Asif BƏKİRLİ, ARDNŞ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.