Artıq tarixə qovuşmuş 2009 - 2010-cu tədris ilinin ətraflı təhlili və əldə olunmuş göstəricilər bunu söyləməyə əsas verir ki, Qobustan Rayon Təhsil Şöbəsinin 30 ümumtəhsil məktəbi və 6 məktəbəqədər müəssisəsi 2010-cu dərs ilini uğurla başa vurmuş və növbəti il üçün etibarlı baza yaratmışdır.
Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə, müəllimlərin elmi-nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, fənn olimpiadalarına hazırlığın səviyyəsinin artırılmasına, ümumtəhsil məktəblərində yeni qiymətləndirmə və kurrikulum təlimi üzrə pedaqqoji işçilərin hazırlıq səviyyəsinin artırılmasına, yoxlama və buraxılış imtahanlarının təşkilinə, mədəni, kütləvi tədbirlərin keçirilməsinə, ali və orta ixtisas məktəblərinə qəbulun səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə daha çox diqqət yetirməyimiz işin səmərəliliyinə müsbət təsir göstərmişdir.
2009 - 2010-cu tədris ilində şagirdlərin, xüsusi ilə buraxılış sinif şagirdlərinin müxtəlif fənlərdən bilik və bacarıqlarını öyrənmək üçün 6 dəfə test yoxlamaları keçirilmiş, nəticələr ayrı-ayrı məktəblər üzrə müzakirə olunaraq müəllim və məktəblərin fəaliyyəti qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, şəhər 1 saylı, Sündü, Ərəbşalbaş və Təklə Mirzəbaba orta məktəblərinin XI sinif şagirdlərinin nəticələri daha yüksək olmuşdur.
Rayonumuzun ümumtəhsil məktəblərində istedadlı və xüsusi qabiliyyətli uşaqları üzə çıxarmaq və onlarla aparılan işin təkmilləşdirilməsi məqsədi ilə olimpiada və müsabiqələr keçirilmişdir. Olimpiadaların birinci mərhələsində VIII-XI siniflər üzrə 250 şagird iştirak etmişdir. İlkin turlarda Sündü, Təklə, şəhər 1 saylı, Cəyirli, Dərəkənd, Ərəbşalbaş, Çuxanlı və Cəmcəmli orta məktəblərinin şagirdləri daha fəal iştirak etmişlər. Rayon turunun nəticələrinə görə istedadları və bacarıqları ilə daha çox fərqlənən Sündü kənd orta məktəbinin X sinif şagirdi Şinarə Müslümova, şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi Zərəfşan Ağayeva, 3 saylı orta məktəbin X sinif şagirdi Kamal Qasımov, Ərəbqədim kənd orta məktəbinin IX sinif şagirdi Şahanə Güləlizadə daha yüksək nəticələr göstərdikləri üçün 2010-cu ilin 14 martında olimpiadanın respublika turunda iştirak etmişlər.
Respublika Prezidentinin 17 aprel 2006-cı il tarixli sərancamına uyğun olaraq xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramının icrası ilə əlaqədar Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq istedadlılar bankına daxil olan şagirdlər üçün bilik yarışları və olimpiadalar keçirilmişdir. Təklə Mirzəbaba kənd orta məktəbinin X sinif şagirdləri Gülsüm Alcanova, Seymur Müslümov, şəhər 1 saylı orta məktəbin IX sinif şagirdi İlkin Şıxəliyev, Cəyirli kənd orta məktəbinin X sinif şagirdi Araz Ağadadaşlı istedadlı uşaqlar üçün Bakıda keçirilən riyaziyyat fənni üzrə olimpiadada iştirak etmişlər.
Ötən dərs ilində rayonun ümumtəhsil məktəblərində sinifdənxaric və məktəbdənkənar işlərin təşkilini yüksəltmək və həyata keçirilən tədbirləri daha məzmunlu etmək üçün, gənc nəsildə hərbi vətənpərvərlik, Azərbaycan dövlətinə məhəbbət, vətəndaşlıq hüququ, əmək və bədii estetik tərbiyənin aşılanması istiqamətində bir sıra maraqlı tədbirlər və müxtəlif innovasiyalar üzrə müsabiqələr keçirilmişdir. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin ömür yolu və zəngin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Məktəblərimizdə ulu öndərin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan " mövzusunda inşa yazı və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin respublika mərəhələsində təmsil olunan şagirdlər ən istedadlı və bacarıqlı uşaqlarımız arasından seçilmişdir.İnşa yazı müsabiqəsinin rayon üzrə qalibi - şəhər 3 saylı orta məktəbin şagirdi Xankərəm Qayıbov respublika mərhələsində də uğurla çıxış edərək II yerə layiq görülmüşdür.
Əlamətdar günlərin, bayramların və digər mədəni kütləvi tədbirlərin məktəbimizdə qeyd olunması ənənə halını almışdır. Ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü, müstəqilliyimizin ildönümü və digər tədbirlər geniş şəkildə qeyd olunmuşdur. Bununla yanaşı təhsil ocaqlarında Azərbaycan tarixinə qara hərflərlə yazılmış 26 Fevral Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların soyqırımı və 20 Yanvar faciəsinə aid anma mərasimləri milli həmrəylik və vətənpərvəlik ruhunun aşlanması istiqamətində qeyd olunmuşdur.
Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması kurslarına cəlb olunması, ümumtəhsil məktəblərində dayaq məntəqələrin fəaliyyəti və metodik işlərin səviyyəsi də yaxşılaşdırılmışdır. Eyni zamanda, müəllimlərin ixtisasartırma təhsilinə olan ehtiyacları, mütəmadi olaraq öyrənilməklə sinif və kimya biologiya ixtisaslı müəllimlər üçün yerli ixtisas artırma kursları təşkil olunmuşdur.
Məktəbdaxili qiymətləndirmə sisteminin müvafiq konponentinə uyğun olaraq təhsil sənədlərinin verilməsi üçün XI siniflərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada çoxvariantlı testlər əsasında keçirilmişdir. Buraxılş imtahanlarının səmərəli təşkili və yekunlaşdırlması üçün ilkin olaraq məktəb rəhbərləri, müəllimlər, şagird və valideynlər maarifləndirilərək onlara imtahan prosedurları haqqında geniş məlumat verilmişdir.
Yeri gəlmişkən, ötən tədris ilində 315 nəfər XI sinif şagirdi imtahanlara buraxılmış, onlardan 279-u müvəffəq qiymət aldığı üçün orta təhsil haqqında attestat almışdır. 21 şagirdin biliyi qiymətləndirilmədiyi üçün imtahana buraxılmamış, 36 şagird qeyri-kafi qiymət aldığı üçün onlara orta təhsil haqqında sənəd verilməmiş, 8 şagird isə imtahanlarda iştirak etməmişdir.
Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələrini də uğurlu saymaq olar. Bu ilki məzunlardan 147 nəfəri, əvvəlki illərdə orta məktəbi bitirən məzunlardan isə 22 nəfəri ali məktəblərə sənəd vermiş, 61 məzun müxtəlif ali məktəblərə, 21 məzun isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Əlbəttə, məzunlarımızdan 1-nin Heydər Əliyev adına Ali Hərbi Akademiyaya, 2-sinin Tibb Universitetinə, 1-nin isə Kipr Beynəlxalq Universitetinə daxil olması bizim üçün ikiqat sevindiricidir. Bu il qəbul imtahanında iştirak edən məzunlarımızın göstərdiyi nəticələr ötən illə müqayisədə ali məktəblərə qəbul olan şagirdlərimizin sayının çox olduğunu göstərir. Bu da rayonumuzun ümumtəhsil məktəblərində təlimin səviyyəsinin yüksəlməsində müsbət dinamikanın olduğunu sübut edir.
2009 - 2010-cu tədris ilində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından da bir sıra işlər görülmüşdür. Məktəblərimizin bir çoxunda təmir işləri aparılmışdır. Digər məktəblərin də uyğun şəraitlə təmin olunması üçün ciddi iş aparılır. Bu işlərdə biz həm də rayon rəhbərliyinin xüsusi qayğısını daima hiss edirik.
Əlbəttə, deyə bilərəm ki, təlim və tərbiyə baxımından görülən məqsədyönlü işlər növbəti dərs ilində daha böyük uğurlar üçün möhkəm təməl olmuşdur. Həm dövlətimizin, həm də rayon əhalisinin etimadını lazımınca doğrultmaq, təhsilin səviyyəsini yüksəltmək, bir sözlə, ulu öndərimizin "ondan şərəfli ad tanımıram" dediyi müəllim adını uca tutmaq bizim ən müqəddəs borcumuzdur.
{nl}
İmran SABİROV, Qobustan Rayon Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.