Erməni zülmünə qarşı Hüseyn Cavid harayı
{nl}
(Əvvəli qəzetimizin 9 aprel 2010-cu il tarixli sayında)
{nl}
Ermənilər Cənubi Qafqazda hakim olmaq xəyalı ilə 1918-ci ilin mart ayında Bakıda çox ağır, tarixdə görünməmiş qanlı cinayətlər törətməyə başladılar. Onlar Bakıda türk-müsəlmanları tamamilə qırıb yox etmək üçün amansız soyqırımına başlamışdılar. Mənbələrin qeydlərinə görə, o zaman Bakıda olan ingilis konsulu Mak-Donald qeyd etmişdi ki, "Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman qalmamışdı". Yenə də o zaman Bakıda yaşayan bolşevik Bilyumin xatirəsində qeyd edirdi ki, "Erməni daşnakları 1918-ci ilin yazında 3-4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirdilər". Bilyumin öldürülmüş dövlətli müsəlmanları bu rəqəmə daxil etməmişdir.Bolşeviklərin Azərbaycanı işğal etməsi ermənilərin müsəlman türklərinə qarşı törətdikləri bu soyqırımın ört-basdır edilməsinə kömək etdiyi kimi, ermənilərin də bu cinayətlərinə siyasi qiymət verilməsinə imkan verilməmişdir.
Elə bu qorxunc günlərin birində böyük şairimiz Hüseyn Cavidi Bakıda erməni daşnakları tutub əsir aparmışdılar. Xoşbəxtlikdən o, ermənilərin əsarətindən xilas olaraq Naxçıvana gələ bilmişdi.1918-ci ilin aprel ayının ortaları idi. Müharibə dayanmışdı. Hər yerdə normal iş başlandığı kimi, məktəblərdə də dərslər başlanmışdı. Mən "Rüşdiyyə" məktəbinin 9-cu sinfində oxuyurdum. Bir gün məktəbimizin müdiri Xəlil ağa Hacılarov Hüseyn Cavidlə sinfimizə gəldi. Müdirimiz Hüseyn Cavidi hörmətlə bizə təqdim edib getdi. Biz möhtərəm şair və dramaturqumuz Hüseyn Cavidi qiyabi olaraq tanıyırdıq. İndi onun müəllim təyin edilməsi bizi çox sevindirdi.
Cavid Əfəndi bir qədər həsb-hal etdikdən sonra "Dərsimiz "Qəvaidi-ədəbiyyə" ("Ədəbiyyat nəzəriyyəsi") olacaqdır" - dedi. İstanbulda universitet təhsili almış Cavid Əfəndinin şirin türk ləhcəsində danışığı, bizimlə səmimi, mehriban münasibəti dərslərimizin canlı və maraqlı keçməsinə səbəb olurdu. Cavid Əfəndi bizə dərs keçməklə bərabər, milli-mənəvi duyğularımızı inkişaf etdirir, ətrafımızda baş verən hadisələrin mahiyyətini, səbəbini izah edir, dostumuzla düşmənimizi tanıdırdı.
Cavid Əfəndinin Naxçıvana gəlişi əlamətdar bir hadisə kimi qarşılanmışdı. Müəllimlər, ziyalılar, şair və yazıçılar, sadə insanlar Cavid Əfəndi ilə görüşmək, onunla söhbətləşmək üçün məktəbimizə gəlirdilər. Görüşlərdə başlıca olaraq ermənilərin cinayətlərindən, kəndlərdə hər gün qan tökmələrindən söhbət edilirdi. Yaxşı yadımdadır, yenə bir gün Cavid Əfəndinin görüşünə bir çox adam gəlmişdi. Yenə də kəndlərdə ermənilərin qan tökmələrindən danışılırdı. Cavid Əfəndi də ermənilərin Bakıda törətdikləri qanlı Mart hadisələrindən və öz başına gələn macəralardan danışırdı.
O dedi: "Bakıda ermənilər müsəlmanları amansızcasına qırdıqları zaman, mən orada "Səfa" adlı qız məktəbində müəllimlik edir və "Təbriz" mehmanxanasında yaşayırdım. Hamı qorxu içində idi. İstirahət günü idi. Dostum yazıçı Sadıq Hüseyn də yanıma gəlmişdi. Bu zaman bir dəstə silahlı erməni əsgəri mehmanxanaya girdi və 60 nəfərdən çox müsafiri, məni və Sadıq Hüseyni də mehmanxanadan çıxarıb apardılar. Yolda gedərkən tez-tez atəş açılırdı. Dönüb arxaya baxdığımız vaxt adamların elə küçədə öldürüldüyünü görürdük. Sadıq Hüseynlə məni Mayılov teatrının binasına gətirdilər. Bu zaman küçədə şiddətli atışma baş verdi. Bütün əsgərlər bayıra çıxdılar. Biz fürsəti itirmədən oradan çıxıb getdik. Beləliklə böyük təhlükədən xilas olduq. Mən ordan dostum Abdulla Şaiqgilə getdim. Əhvalatı ona danışdım, sonra vidalaşıb İrana gedən bir gəmi ilə Ənzəliyə gəldim. Oradan Təbrizə gələrək atamın yaxın dostu, böyük alim Hacı Məhəmməd Naxçıvaniyə qonaq oldum. Amma orada çox qalmayıb Naxçıvana gəldim.
Cavid ürək acısı ilə başına gələn bu əhvalatı öz dost və tanışlarına, bizlərə danışırdı.Bunu da qeyd edim ki, belə mürəkkəb, qorxunc zamanında Bakıda hamının hörmət və məhəbbətini qazanmış və hər gün görmək istədikləri şairin birdən-birə "yoxa" çıxmaşı, ilk növbədə, onun dərs dediyi "Səfa" məktəbinin müəllim və şagirdlərinin böyük təşvişinə səbəb olmuşdu. "Cavid öldürülmüşdür" şayiəsi geniş yayılmağa başladı və qəzetlərdə şairin öldürüldüyü xəbəri qeyd edildi. "Bəsirət" qəzetinin 1918-ci il 28 oktyabr nömrəsində "Ziyane-əzim" ("Böyük ziyan") başlıqlı məqalədə yazılmışdı: "Qafqasiyanın məşhur ədiblərindən Hüseyn Cavid Əfəndinin öldürüldüyü şaye olmaqdadır. Bu xəbərin nə dərəcədə doğru olub-olmadığı məlum deyildir. Əgər doğru olsa Qafqasiya ən böyük və qiymətli bir şairini itirmiş oluyor". Belə bir məlumatı "Azərbaycan" qəzeti də vermişdi.
Bəli, müəllimimiz, sevimli şairimiz Hüseyn Cavidlə görüşlər nəticəsində "Rüşdiyyə" məktəbində, demək olar ki, bir ziyalılar, şairlər məclisi yaranmışdı. Buraya gələnlər arasında Cəlil Məmmədquluzadənin dayısı, şair Kərbalayi Əliştan Məhbus, müəllim, şair Mirzə Bağır, Səyyar Əliyev, məşhur müəllim, məktəbşünas və şair M. T. Sidqi Səfərovun oğlu Məhəmmədəli Sidqi Səfərov, ruhani və şair Molla Mahmud Çakər, tanınmış rəssam Bəhruz Kəngərli, "Molla Nəsrəddin"çi şair Əliqulu Nəcəfov Qəmküsar, istedadlı aktyor, məktəbimizin müəllimi Həsən Səfərli, məşhur və çox istedadlı aktyor Rza Təhmasib, vətənpərvər yazıçı Əli Səbri Qasımov və başqaları var idilər.
Başda Cavid Əfəndi olmaqla burada şeirlər oxunar, ictimai həyatımıza dair söhbətlər keçirilərdi. Bu məclislərdə "Rüşdiyyə" məktəbinin müəllimləri, şagirdləri, şəhərin müəllim və ziyalıları, valideynlər, türk zabitləri Xəlil bəy, Hüsnü bəy iştirak edirdilər. Bu yığıncaqların birində 75 yaşlı Kərbalayi Əliştan yazdığı "Ey Vətən!" adlı şeirini həyəcanla oxudu:
"Hər baxanda bən sənə, bağrım olur qan, ey Vətən,
Olmusan aya neçin sən böylə giryan, ey vətən?
Qalmayıbdır bir səlamət, hər yerin viranədir,
Od vurublar, sərbəsər eyləyiblər suzan, ey Vətən".
Şeir alqışlarla qarşılandı. Sonra Cavid Əfəndi çıxış edərək dedi: "Erməni təcavüzkarlarının vətənimizə və xalqımıza yapdıqları fənalıqları gələcək nəsillərimizə bildirmək baxımından bu və bu kimi şeirlər dəyərlidir. Lakin, indi vətəni düşməndən qorumaq üçün vətənpərvər qüvvələri mübarizəyə çağıran şeirlər yazmaq bu gün üçün daha əhəmiyyətlidir. Elə bu vaxt müəllimimiz H. Səfərli Cavid Əfəndinin bir şeirini uca səslə söylədi. Şeirin yadımda qalan bir beyti belə idi:
"Nə zaman kişnəsəydi Türkün atı,
Qırılardı bir ölkənin qanadı"...
Şeir alqışlarla qarşılandı. Cavid Əfəndi gülümsəyib "Çox doğrudur,"-deyib sözlərinə davam etdi. O sözlərinin sonunda Vətən haqqında bir şeir oxudu. Şeirin yadımda qalan bir beyti belə idi:
"Şimdi qeyrət edərsə millətimiz,
Yenə ovdət edər səadətimiz..."
Cavid Əfəndi özünün yaradıcılıq nümunələri və məsləhətləri ilə Naxçıvandakı yazıçı və şairlərə yeni yaradıcılıq istiqaməti təbliğ edirdi. Cavid Əfəndinin ətrafına toplanmış aktyor, rəssam və yazıçıların təşəbbüsü ilə şəhər teatrında tamaşalar, müsamirələr, rəsm sərgiləri təşkil edilirdi. Qeyd edim ki, elə bu zaman istedadlı rəssam Bəhruz Kəngərli (1892-1922) öz əsərlərinin sərgisini təşkil etmişdi. Onun rəsmləri içərisində erməni məzalimi də öz əksini tapmışdı. Böyük realist rəssamın tablolarında ermənilər tərəfindən dağıdılmış "Naxçıvan dağıntıları" adlı əsəri də yer almış və rəssam bir neçə əsərini erməni zülmündən qaçan qaçqınlara, qaçqın uşaqlarına həsr etmişdi. 1921-ci ildə akvarellə işləmiş "Gənc türkün portreti" tablosu da qiymətli, tarixi əsərlərdəndir.
Bəhruz rəsm əsərlərinin sərgisini yaşadığı öz evində təşkil etmişdi. Bu sərgiyə gələnlərdən toplanan vəsait Anadolu hərb zədələrinə, qaçqınlara, yoxsul məktəblilərə, yetim uşaqlara paylanılırdı. O zaman Cavid Əfəndinin təşəbbüsü və məsləhəti ilə Naxçıvan Dram Teatrında ilk dəfə olaraq məşhur türk dramaturqu, yazarı Əbdülhaq Hamidin "Doxtəri-Hindu" ("Hind qızı") əsəri tamaşaya qoyuldu. Səhnə tərtibatını Cavid Əfəndinin göstərişi ilə Bəhruz Kəngərli hazırladı.
Tamaşa böyük rəğbətlə qarşılandı. Toplanmış paralar erməni soyqırımından canını qurtarıb Naxçıvana pənah gətirmiş Zəngəzur qaçqınlarına paylandı.
Yeri gəlmişkən qeyd edim ki, hələ 1916-1917-ci illərdə çar ordusu Şərqi Anadolunun-Ərzurum, Qars, Sarıqamış, Ərdahan bölgələrindən türkləri "əsir" adı ilə çıxarıb və bu yerlərə erməniləri doldurmuşdular. Bu zaman minlərcə qoca, qadın, uşaq Naxçıvana gəlmişdilər. Ac, yoxsul, xəstə olan bu zavallı insanlara Naxçıvan camaatı əllərindən gələn köməyi göstərirdi. İmkanlı adamlar sahibsiz uşaqlara hamilik edir, onları övladlığa götürürdülər. O zaman bu insanlara yardım üçün "Qardaş köməyi", "Qaçqınlara yardım" və s. adlarla "Xeyriyyə" cəmiyyətləri yaradılmışdı. Para toplamaq üçün ictimai yerlərdə "Yardım kassaları" qoyulmuşdu. 1918-ci ildə Hüseyn Cavid Naxçıvana gəldikdən sonra yardım hərəkatı daha da qüvvətləndi. Müxtəlif yardım cəmiyyətləri, yardım kassaları təşkil edilmişdi. Teatrın qapısı yanına qoyulmuş kassanın yanındakı lövhənin üzərində böyük hərflərlə Cavid Əfəndinin "Məzlumlar" şeirindən bir parça yazılmışdı:
Verin, verin, susdurun bu fəryadı,
Aman, əsirgəməyin mərhə mətlə imdadı.
Cavid Əfəndinin "Məzlumlar üçün" adlı şeiri teatr tamaşalarında pərdələrarası təkrarlanırdı. Xalqı məzlumlara yardıma, zalımlara qarşı mübarizəyə çağıran böyük şairimiz deyirdi ki, biz düşmənlərimizin Anadoluda etdikləri zülmlərə qarşı biganə qalmamalı, onlara qardaşlıq yardımını genişləndirməliyik. Bu hadisələrə açıq gözlə baxmalıyıq. Düşmənlərimiz bizim də başımıza bu fəlakətləri gətirə bilərlər. Şairin bu düşüncələri Naxçıvan teatr səhnəsində şeirlə belə səslənirdi:
O titrəşib mələşən yavrular neçin çabalar?
Neçin yanar əli qoynunda müztərib analar?
İştə qarşındadır misali bu gün
Səndə göz varsa, seyr edib də düşün,
Bisəbəb qəhr olan zavallıların
Sənə şamil deyilmi halı yarın?
Yaşamaq istəsən, çalış, çabala
Rəd olub, yurda bərq olub, parla!
Cavidin o zaman Naxçıvanda ədəbi-bədii, pedaqoji və siyasi fəaliyyəti şəhərin ictimai-siyasi və mədəni həyatında bir intibah, mübarizlik ruhu yaratmışdı.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.