Naxçıvan Dövlət Universiteti reytinqdə birinci olmuşdur

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” müsabiqəsi təşkil etmişdir.

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq, həmin layihəni reallaşdırmaq üçün dövlət sifarişi almışdır. Layihəyə əsasən ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanmış, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək ölkə ictimaiyyətinə çatdırılmışdır. Tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır.

Bu münasibətlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə əvvəlcə universitetin yarım əsrə yaxın tarixinə, keçdiyi inkişaf yoluna nəzər salınmış, elm, tədris, beynəlxalq əlaqələr, mədəniyyət, idman sahəsində qazandığı nailiyyətlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu ali təhsil ocağının müqəddəratında, təşəkkülündə və inkişafında mühüm rol oynamış, dəfələrlə universitet kollektivi ilə görüşərək, onların qarşısında tarixi çıxışlar etmiş, Naxçıvan Dövlət Universitetini ölkəmizin ən qabaqcıl ali məktəblərindən biri kimi yüksək dəyərləndirmişdir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” 31 mart 2007-ci il tarixli sərəncamında isə universitetin zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksək ixtisaslı kadrların yetişməsinə, elmi mühitin formalaşmasına və bütövlükdə, regionun tərəqqisinə müsbət təsiri yüksək qiymətləndirilmişdir. Bu gün dövlət qayğısı sayəsində 108 hektarlıq universitet komleksində yaradılan möhtəşəm tədris korpusları, elektron kitabxana, Olimpiya Mərkəzi, konservatoriya, tələbə evi, qonaq evi, sosial mərkəz, xəstəxana regionda elm, təhsil və mədəniyyətin, habelə ictimai fikrini inkişafına geniş meydan açmışdır.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kollektivi təbrik edərək bu böyük uğuru Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının bəhrəsi kimi dəyərləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bilavasitə təşəbbüsü və qayğısı sayəsində universitetin güclü maddi-texniki bazası formalaşmış, dünya standartlarına cavab verən, müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş tədris korpusları, internet mərkəzləri, fənn kabinələri, laboratoriyalar yaradılmışdır. Bu gün 10 fakültədə 56 ixtisas üzrə ali təhsil alan 5000-ə yaxın tələbə, magistr və aspirant müstəqil Azərbaycanın dövlətçilik maraqlarını gerşəkləşdirə biləcək layiqli nəsil, dəyərli mütəxəssis kimi yetişir. Bu ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə tamamlanmaqda olan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri arasında ən irihəcmli layihədir.

Məlumat verilmişdir ki, “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini qiymətləndirmək məqsədilə çoxistiqamətli tədqiqatlar aparılmış, ali məktəblərin milli reytinq cədvəli beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmışdır. Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət ali təhsil müəssisələri və Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı arasında aparılmış, hazırlanmış forma qiymətləndirilmək üçün 17 nazirlik və komitəyə, özəl müəssisələrə göndərilmişdir. Ali məktəblərin reytinq tədqiqatları üçün götürülmüş kompleks fəaliyyətin keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3 müstəqil kateqoriyadan ibarət olmuşdur. Naxçıvan Dövlət Universiteti bu kateqoriyalardan ali məktəbin akademik resursları üzrə 320, ali məktəbin daxildən müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi üzrə 192, ali məktəbin məzunlarının ölkə ictimaiyyəti, mərkəzi və regional icra orqanları, müxtəlif kampaniyalar tərəfindən qiymətləndirilməsi üzrə 287 bal toplayaraq 799 yekun balla birincilik əldə etmişdir. Bu münasibətlə “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri, AKTAM təşkilatının sədri Natiq Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məktubla müraciət etmişdir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan elmi ictimaiyyətinin əksəriyyətinin universitetlə sıx bağlı olduğunu, regionun intellekt potensialı ilə təmin olunmasında, elmi-pedaqoji kadr hazırlığında bu ali məktəbin fundamental baza rolu oynadığını vurğulamışdır. Akademik Naxçıvan Dövlət Universitetinin bugünkü səviyyəyə çatmasında professor-müəllim heyətinin, qocaman pedaqoqların danılmaz əməyindən, universitetə müxtəlif dövrlərdə rəhbərlik edən rektorların, xüsusilə on yeddi ildən artıq bu ali təhsil müəssisəsinə rəhbərlik etmiş AMEA-nını vitse-prezidenti, akademik İsa Həbibbəylinin, bu gün çoxillik ənənləri layiqincə davam etdirən, universitetə uğurla rəhbərlik edən AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Saleh Məhərrəmovun rolundan danışmışdır.

Naxçıvan Özəl Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasını müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev çıxışlarında qeyd etmişlər ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğı nəticəsində təhsil müəssisələrinin fəaliyyəti gücləndirilmiş, ali təhsil müəssisələrində də tədris müasir tələblər səviyyəsində təşkil olunmuşdur. Azərbaycan Respublikasının ali məktəblərinin reytinqinin müəyyənləşdirilməsi real nəticəni obyektiv şəkildə ortaya qoymaqla yanaşı, bəzi ali təhsil müəssisələrində göstəricilərin aşağı olmasının səbəblərini, universitetlərin böyük əksəriyyəti üçün xarakterik olan problemləri üzə çıxarmaq baxımından da əhəmiyyətlidir. Bu, eyni zamanda elm, təhsil sahəsində inkişafa səbəb olacaq rəqabətə də güclü təkan verəcək.

Sonda universitetin Teatr və mədəniyyətşünaslıq fakültəsinin tələbələri kollektivi bədii qiraətlə təbrik etmişlər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin inkişaf yolunu əks etdirən slaydlar nümayiş olunmuşdur.

Mehriban SULTAN,
Naxçıvan Dövlət Universitetinin
mətbuat şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında