Yanvarın 15-də “Kaspi” liseyində “Milli yaddaş tariximiz” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə liseyin təsisçisi Sona Vəliyeva Y.Mahmudovun həyat yolu və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Bildirilib ki, tarixçi alim bütün ömrü boyu Azərbaycanın keçmişini, dövlətçilik tarixini və ənənələrini öyrənərək sanballı əsərlər yazıb. “O, böyük alim olmaqla yanaşı, Azərbaycanı sevən böyük vətəndaşdır” deyən S.Vəliyeva bu görüşün şagirdlərdə milli düşüncənin və vətənpərvərlik hissinin formalaşmasında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Alimi Azərbaycanın canlı ensiklopediyası adlandıran S.Vəliyeva bildirib ki, Y.Mahmudov hələ sovet dövründə Azərbaycan tarixini milli düşüncə zəminində araşdıran alimlərdən biri olub. Onun Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə dair yazdığı namizədlik, daha sonra doktorluq dissertasiyaları tarixşünaslığımızı zənginləşdirməklə yanaşı, onun üfüqlərini də genişləndirdi. Alimin “Səyyahlar, kəşflər, Azərbaycan”, “Səyyahlar Azərbaycana gəlir”, “Odlar Yurduna səyahət”, “Azərbaycan diplomatiyası tarixi” kimi kitabları həm ölkəmizin siyasi tarixini öyrədən zəngin mənbə, həm də özündə milli ruhu daşıyan ideoloji konsepsiyalardır. Onun hələ sovet dövründə ensiklopediyanın hazırlanması zamanı Azərbaycanın tarixi xəritələrinin tərtib edilməsi və dərci sahəsində fəaliyyəti yüksək qiymətləndirilməlidir. 2004-cü ildə Y.Mahmudov AMEA-nın Tarix İnstitutunda direktor kimi fəaliyyətə başladıqdan sonra isə tarix elmimizin tədqiqatlarında və öyrənilməsində inqilabi dəyişikliklər baş verdi. Yeni konsepsiya əsasında aparılan tədqiqatlar, qadağan olunmuş mövzuların işlənilməsi tarixin ağ ləkələrini sildi və milli yaddaşımızı yenilədi. İki cilddə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının hazırlanması, İrəvan və Naxçıvan xanlıqlarının tarixinin yazılması, habelə orta məktəblərin tarix dərsliklərinin hazırlanması Y.Mahmudovun adı ilə bağlıdır.
Y.Mahmudov uzun illər Bakı Dövlət Universitetinin tarix fakültəsinə rəhbərlik edib, tarixçi kadrların hazırlanmasında əməyini əsirgəməyib. Həm alim, həm də pedaqoq kimi onun fəaliyyəti Azərbaycanın milli mənəvi dəyərlərinin yaşadılmasına, təbliğinə, dövlətçilik ideyalarımızın qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına hesablanıb.
Alimin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, o, müxtəlif orden və medallarla, həmçinin Dövlət Mükafatı ilə təltif olunub.
S.Vəliyeva bildirib ki, Yaqub Mahmudov həm də “Kaspi” liseyinin İctimai Şurasının üzvlərindən biridir. Bundan sonra hər ay milli mənəvi dəyərlərimizin təbliği ilə bağlı liseydə şagirdlərlə elm və fikir adamlarının görüşlərinin keçirilməsi planlaşdırılır. Məqsəd “Kaspi” liseyinin özünəməxsus “Mükəmməl milli təhsil amalımızdır” devizinə sadiq qalmasıdır. S.Vəliyeva daha sonra deyib: “Təhsil o zaman effektli və prinsipial olur ki, onun əsasında milli-ideoloji konsepsiya dayansın. Lisey məhz bu prinsipləri rəhbər tutaraq fəaliyyət göstərir”.
Çıxışına “Mükəmməl təhsil olarsa, Azərbaycan həmişə qalib gələcək” sözləri ilə başlayan Y.Mahmudov “Kaspi” liseyinin Azərbaycanın orta məktəbləri arasında nümunəvi təhsil müəssisəsi olduğunu bildirib. Şagirdlər təkcə öz tarixlərini öyrənməklə kifayətlənməməli, həm də ona sahib çıxmalıdırlar. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Y.Mahmudov vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın inkişafı üçün hər cür şərait var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətçiliyimiz hazırda Prezident İlham Əliyev tərəfindən uğurla idarə edilir. Dövlətimizin başçısının yürütdüyü siyasəti xalq həmişə rəğbətlə qarşılayır, dəstəkləyir. Bu gün dünyada baş verən gərgin siyasi hadisələr, qarşıdurmalar fonunda, həmçinin qonşu regionlardakı gərginliklərə baxmayaraq, müstəqil respublikamız sürətlə inkişaf edir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi qiymətləndirilir.
“Müstəqilliyimiz ən böyük nailiyyətimizdir” söyləyən tarixçi alim şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə böyük diqqət ayırmağa çağırıb: “Ulu öndər Heydər Əliyev deyirdi ki, biz qlobal çağırışlara cavab verməliyik, ancaq milli mənəvi dəyərlərimizi də unutmaq olmaz. Bu, təkcə biz tarixçilərin yox, həm də bütün Azərbaycan vətəndaşlarının üzərinə böyük məsuliyyət hissi qoyur. Milli kimliyimizi qorumağın və müasir çağırışlara cavab verməyin isə yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. “Kaspi” liseyi millətin balalarını məhz bu ruhda yetişdirdiyi üçün çox sevinirəm”.
Y.Mahmudov daha sonra bildirib ki, bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, böyük azərbaycanlı olmaq lazımdır. “Kaspi” liseyini “mayak” adlandıran tarixçi alim “Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq” deyərək fikrini yekunlaşdırıb.
Görüşün sonunda Y.Mahmudova “Kaspi” liseyi adından xatirə plaketi hədiyyə olunub.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.