Şriftin ölçüsü:
23.09.2010 02:36 | Oxunma sayı: 810
Son illər ölkəmizdə həyata keçirilən davamlı təhsil islahatı təhsilin bütün sferalarına öz müsbət təsirini göstərməkdədir. Söz yox ki, ilk peşə təhsilinin inkişafında da bu islahatların əhəmiyyətli rolu vardır.
Cənab Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixində imzaladığı sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" bu sahənin əsaslı şəkildə yenidən qurulması üçün güclü stimul yaratdı. Bununla bağlı Təhsil Nazirliyində xüsusi Fəaliyyət Planı hazırlanmışdır ki, onun əsasında ilk peşə təhsili müəssisələrində son illər əsaslı yeniliklər həyata keçirilmiş və keçirilməkdədir. Qəbələdə 2008-ci ildə yaradılmış yeni Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi, İsmayıllıdakı yeni yaradılan peşə məktəbi artıq bu sahədə müasir tipli, yeni ixtisaslar öyrədən peşə təhsili müəssisələrinin yaradılmasına start verildiyindən xəbər verir.
Sentyabrın 13-də 7 saylı Bakı Peşə Liseyində keçirilən ilk peşə təhsili rəhbərlərinin konfransında çıxış edən təhsil naziri Misir Mərdanov bu yeniliklərdən ətraflı bəhs etdi və qarşıda duran vəzifələrdən danışdı.
Bütün nailiyyyətlərimizin mənbəyi bundan ibarətdir ki, cənab Prezidentimiz ilk peşə təhsilinin inkişafını həmişə diqqət mərkəzində saxlayır. Elə bu yaxınlarda peşə təhsili müəssisələrinin təmiri üçün əlavə vəsait ayrılması da onu sübut edir ki, peşə təhsilinin inkişafına dövlətimiz, onun rəhbəri tərəfindən güclü dəstək var. Bu yaxınlarda təhsil işçilərinin əmək haqlarının, eyni zamanda, tələbələrin və peşə məktəbləri şagirdlərinin təqaüdlərinin artırılması bunu bir daha təsdiq edir.
Bu gün ölkəmizdə Təhsil Nazirliyi tabeliyində 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alan şagirdlərin sayı ötən tədris ilində 25200 nəfər idi. Bu il isə yeni, müasir ixtisaslar yaradılıb.
Konfransda deyilən bir faktı nəzərə çatdırmaq istərdim. Əgər 2005-ci ildə peşə təhsilinin maliyyələşdirilməsinə 7,2 milyon manat vəsait ayrılmışdısa, 2010-cu ildə bu vəsait 26,9 milyon manat olmuşdur. Görün, 5 il ərzində bu sahədə dövlət vəsaiti nə qədər artırılmışdır. Bu o deməkdir ki, dövlətin təhsilin bu sahəsinə qayğısı ilbəil artır.
Çox əlamətdardır ki, son illər təhsilin bu sahəsində yeni texnologiyalar sürətlə tətbiq olunmağa başlamışdır. Əgər 2009-cu ildə peşə məktəblərimizdə kompyuter siniflərinin sayı 66 idisə, 2010-cu ildə onların sayı 91-ə çatdırılmışdır. Kompyuterlərin sayı 2008-ci ildə 194 ədəd idisə, 2010-cu ildə 494 olmuşdur.
Təkcə ötən il Nazirlər Kabineti peşə təhsili ilə bağlı bir neçə qərar vermişdir. Onlar "İlk peşə ixtisas təhsili pilləsinin dövlət standartları və proqramı (kurrikulum)", "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları", "Təhsil proqramlarının (kurrikulumlarının) yerinə yetirilməsi müddəti" adlı qərarlardır ki, bunlar hazırda peşə təhsili sistemində tətbiq olunur.
Bu gün peşə təhsili müəssisələrində 6480 nəfər işçi çalışır. Onların əsas hissəsi istehsalat təlimi ustalarıdır. Bizim müəllimlər tez-tez ixtisaslaşdırma kurslarında olur, yeni texnikanı, texnologiyanı mənimsəyirlər.
Rəhbərlik etdiyim 5 saylı Bakı Peşə liseyi də son illər öz fəaliyyətini xeyli təkmilləşdirmişdir. Bizim məktəb uzun illər idi ki, təmir olunmurdu. Nəhayət ki, bu il əsaslı təmir planına salınmışdır. Məktəbin bir korpusunun dam örtüyü dəyişdirilmiş, pəncərələr yenisi ilə əvəz olunmuşdur. 2012-ci ilə qədər bizim məktəb əsaslı təmir olunmalıdır.
Bizim məktəbdə şagirdlər iki ixtisas üzrə təhsil alırlar. Bunlar mühasib-fərdi kompyuter operatoru və kompyuter operatoru ixtisaslarıdır. Bütövlükdə məktəbimizdə 400-ə yaxın şagird təhsil alır. Onlar həm 9-cu sinfi bitirmiş uşaqlar, həm də 11-ci sinif məzunlarıdır. Burada 70 nəfərə yaxın müəllim və istehsalat təlimi ustası çalışır.
Uzun illər bu sahədə çalışan mütəxəssis kimi deyə bilərəm ki, heç vaxt texniki peşə təhsilinə bu qədər qayğı göstərilməmişdir. İndi həm nazirimiz Misir Mərdanov, həm də nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov daimi bizim problemlərimizlə maraqlanır və vaxtlı-vaxtında lazımi köməklik göstərirlər.
İndi peşə məktəblərində də mərkəzləşdirilmiş qaydada buraxılış test imtahanları keçirilir. Onun müsbət nəticələri artıq özünü büruzə verməkdədir. Bu, uşaqların məsuliyyətini artırır, onlar bu imtahanlara çox ciddi hazırlaşırlar.
Son illər peşə təhsili üzrə xarici ölkələrin təcrübəsi də öyrənilir. Bizim müəllimlər xarici ölkələrdə kurslar keçirlər. Bu, işimizə müsbət təsir göstərir, onların öyrəndikləri təcrübə bizim məktəblərdə tətbiq olunur.
Azərbaycanda peşə təhsilinin böyük perspektivləri var. Belə ki, ölkəmiz gündən-günə inkişaf edir, yeni istiqamətli zavodlar, fabriklər yaranır. Bunlarda çalışmaq üçün bizim kadrlara gələcəkdə daha böyük ehtiyac olacaqdır. Ona görə də çalışırıq bu gün işimizi elə quraq ki, hazırladığımız bu kadrlar ölkəmizdə gedən quruculuq işlərində fəal iştirak etsinlər, müstəqil Azərbaycanımızın çiçəklənməsinə öz töhfələrini versinlər.
{nl}
Mərhəmət ASLANOVA, 5 nömrəli Bakı Peşə Liseyinin direktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.