2010-2011-ci tədris ilinin başlanması ilə Azərbaycanın bütün şəhər və rayonlarında yeni bir məsuliyyət dövrünə qədəm qoyulmuşdur. Artıq istər ali və orta məktəblərin pedaqoji kollektivləri, istərsə də tələbə və şagirdlər təhsil prosesinin qurulması qaydalarına qatlaşmışlar.
Şamaxı rayonunun tədris müəssisələri də yeni təhsil ilini uğurla açmış, ilk günlərin dərs prosesi yüksək ruh yüksəkliyi ilə keçmişdir. Yeni dərs ilinin başlanması ərəfəsində rayon təhsil işçilərinin geniş konfransı keçirilmiş, qarşıda duran mühüm vəzifələr müzakirə edilmişdir.
Əlbəttə, yeni tədris ilinin başlanmasına qədərki dövrdə rayonda görülmüş işlər haqqında bir neçə kəlmə demək yerinə düşərdi. Çünki söyləyəcəyim rəqəmlər gələcək təhsil prosesinin qurulmasına və uğurla aparılmasına birbaşa təsir göstərəcək.
2010-2011-ci təhsil ilinə hazırlıq dövründə Şamaxı şəhər 3 saylı orta məktəbi üçün 640, Əngəxaran kənd orta məktəbi üçün 180 yerlik yeni məktəb binalarının, şəhər 1 saylı orta məktəb üçün 15, 2 saylı orta məktəb üçün 30 əlavə sinif otağının tikintisi başa çatdırılmış, eyni zamanda, şəhər 1 saylı orta məktəbin də əsaslı təmir işləri görülərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Qeyd etdiyim təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun xidmətləri çoxşaxəlidir.
Məktəblərin avadanlıqlarla təminatı sahəsində də əsaslı işlər görülmüş, yeni tikilən və əsaslı təmir edilən bütün məktəblərə, hətta ən ucqar məktəblərə belə yeni avadanlıqlar çatdırılmışdır. Milli təhsilimizin inkişafına göstərdikləri böyük diqqət və qayğıya görə çox hörmətli Prezidentimiz, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rayonumuzun təhsil işçiləri adından dərin razılıq və minnətdarlığımızı bildirir, onlara gələcək fəaliyyətlərində böyük uğurlar diləyirik.
Pedaqoji kollektivlərimiz dövlət başçımızın təhsil işçiləri qarşısında qoyduğu tələblərə həmişə yüksək məsuliyyətlə yanaşırlar. Azərbaycan Respublikası Prezidentinin "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006 - 2010-cu illər)"nın təsdiq edilməsi haqqında 17 aprel 2006-cı il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə rayon Təhsil şöbəsində istedadlı şagirdlərin aşkar olunub inkişaf etdirilməsi sahəsində fəaliyyət planı hazırlanmışdır. Fəaliyyət planına əsasən, rayonun bütün orta və əsas ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər, xüsusilə fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə istedad və qabiliyyəti ilə fərqlənən VII-X sinif şagirdlərinin adları siyahılaşdırılmış və bunun əsasında "İstedad bankı" yaradılmışdır.
Nəzərə çatdırmalıyam ki, ötən tədris ilində müəllimlərimiz bir sıra uğurlar qazanmışlar. Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2009-cu il tarixli sərəncamı ilə şəhər 9 saylı orta məktəbinin müəllimi Əbülfəz Sadayev "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüş, Göylər kənd 2 saylı orta məktəbinin direktoru Pünhan Mikayılov "Tərəqqi" medalı ilə təltif edilmişdir. Biz bu mükafatları Prezident İlham Əliyevin və təhsil naziri Misir Mərdanovun Şamaxı rayonunun təhsil işçilərinə göstərdikləri diqqət və qayğının təzahürü kimi qiymətləndiririk.
Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin əsas göstəricilərindən biri də həmin məktəblərin məzunlarının müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul imtahanları verib daxil olmasıdır. Bu il attestat almış 537 məzundan 399-u ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Birinci turun nəticələrinə görə, 107 nəfər məzunumuz respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 4 nəfəri 600-dən, 21 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Texniki, humanitar və təbiət fənləri təmayüllü lisey 2006-cı il tarixdən fəaliyyətə başlamışdır. 2009 - 2010-cu tədris ilində liseyin ilk XI sinfini 43 nəfər bitirmişdir. Onlardan 6 nəfəri respublikanın müxtəlif universitetlərinə qəbul olunmuş, bunların 1 nəfəri 637, 2 nəfəri isə 593 və 587 bal toplamışlar. 2 nəfər məzun isə 400 - 418 bal topladıqlarına baxmayaraq düzgün seçim etmədikləri üçün ali məktəblərə qəbul ola bilməmişlər.
Ümumi rayonun müvəffəqiyyət faizi 71-dən 82-yə qalxmışdır. Ali məktəblərə qəbul zamanı 500-dən çox bal toplayanların sayı isə 7-dən 21-ə qalxmış, yəni 3 dəfə artmışdır.
Dərs ili ərzində rayonun ümumtəhsil məktəblərində istedadlı şagirdlərin aşkar edilib üzə çıxarılması, onlarla səmərəli və ardıcıl işin təşkili sahəsində bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Təhsil Nazirliyinin tövsiyələrinə əsasən, fənn olimpiadalarının I və II rayon turları təlimata uyğun hazırlanmışdır. Liseyin IX sinif şagirdi Fərid Rzayev olimpiadanın respublika turunda kimya fənni üzrə IV yeri tutmuşdur. Dərs ili ərzində rayon məktəbləri müxtəlif inşa, rəsm və texniki yaradıcılıq müsabiqələrində rayonumuzu ləyaqətlə təmsil etmişlər. Qonaqkənd kənd orta məktəbinin X sinif şagirdi Ramil Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən respublika inşa müsabiqəsində, şəhər 9 saylı orta məktəbinin IV sinif şagirdi Rəsul Maqsudov "Təbiət bizim sərvətimizdir" rəsm müsabiqəsində fərqlənmişlər. Rayon məktəblərinin beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışları, hər il olduğu kimi, bu il də rayon ictimaiyyətinin sevincinə səbəb olmuşdur.
Şəhər 5 saylı orta məktəbinin IX sinif şagirdi Ruslan Surxayev yeniyetmələr arasında Avstriyada keçirilən Avropa birinciliyində sərbəst güləş üzrə III yeri tutmaqla mötəbər yarışda Azərbaycanın bayrağını yüksəkliyə qaldırmışdır.
Müasir dövrdə təhsil sistemində qiymətləndirmənin beynəlxalq standartlara cavab verən model əsasında aparılması, bu sahədə fəaliyyətin yeni məzmunda qurulması böyük əhəmiyyət kəsb edir. Rayon Təhsil şöbəsi tərəfindən ümumtəhsil məktəblərinin fəaliyyətinə rəhbərlik və nəzarətin təşkili, müəllim və şagird nailiyyətlərinin qiymətləndirilməsi, şagirdlərin faktiki bilik və səviyyələrinin üzə çıxarılması məqsədilə monitorinqlər, frontal və tematik yoxlamalar keçirilmişdir. Aparılmış monitorinq, yoxlama və müşahidələrin nəticələrindən məlum olmuşdur ki, idarəetmə prosesinə pedaqoji kollektivin hər bir üzvünün fəal cəlb olunması, pedaqoji prosesin onların rəy və təklifləri əsasında qurulması daha müsbət nəticələr əldə edilməsi üçün zəmin yaradır.
Təhsil nazirinin 7 avqust 2007-ci il tarixli əmrinə əsasən, respublikanın bütün ümumtəhsil məktəblərində məktəbli formasının tətbiqinə 2007-2008-ci dərs ilindən başlanılmaqla bu proses 2009-2010-cu dərs ilində də davam etdirilmişdir. Yeni dərs ilində yeni biçimli məktəbli formasına keçidlə əlaqədar tədbirlər görülüb həyata keçirilir. Belə ki, Bakı əyirici-toxucu kombinatı Şamaxıda öz mağazasını açaraq açıq satışla şagirdlərimizi məktəbli formaları ilə təmin edir.
Bir neçə kəlmə də məktəbəqədər tərbiyə müəssisələri haqda. Hazırda rayondakı 22 məktəbəqədər tərbiyə müəssisəsində fəaliyyət göstərən 62 qrupda 135 nəfər uşaq tərbiyə olunur və onların tərbiyəsi ilə 145 tərbiyəçi məşğul olur. Tərbiyəçilər üçün müntəzəm olaraq ixtisasartırma kursları təşkil olunur. Kontingentin sabit saxlanılması, uşaqların bağçaya gündəlik cəlb olunması, bağça-valideyn əlaqələrinin düzgün qurulması, müxtəlif və rəngarəng tədbirlərin hazırlanıb keçirilməsi, yuxarı yaş qrupunun məktəbə hazırlanması, bağçaların ümumi tərtibatı sahəsində şəhər 3 saylı, Sabir qəsəbə, Şəhriyar qəsəbə 1 saylı, Böyük və Kiçik Xınıslı uşaq bağçalarının müsbət işini qeyd etmək olar.
Təlim-tərbiyə müəssisələrinin yeni 2010-2011-ci dərs ilinə və payız-qış mövsümünə hazırlığı ilə bağlı bəzi mühüm məsələlərdən də bəhs etmək istəyirəm. Rayon təhsil şöbəsi rayonun təlim-tərbiyə müəssisələrinin yeni dərs ilinə hazırlığını diqqət mərkəzində saxlayaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Orta və əsas məktəblərin əksəriyyəti pedaqoji kollektivlərin təşəbbüsü və yaxından köməyi ilə cari təmir olunub yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir. Məktəblərin həyətində xeyli səliqə-sahman işləri görülmüş, tərtibat işləri yeniləşdirilmişdir.
Dərsliklər, məktəbli kitabçaları, III siniflərdə fənn kurrikulumlarının tətbiqi ilə əlaqədar yeni dərslik komplektləri, müəllimlər üçün metodiki vəsaitlər gətirilərək bölgü əsasında məktəblərə verilmişdir. Məktəblərin yeni avadanlıqlarla təminatı diqqət mərkəzində saxlanılmışdır.
Tədris müəssisələrinin normal qızdırılması təlim-tərbiyə prosesinə müsbət təsir edən amillərdən biridir. Şəhər 1, 2, 3, 5, 9 və 10 saylı orta məktəblərində sinif otaqları istilik sistemi ilə qızdırılır. Yeni tikilib istifadəyə verilmiş və əsaslı təmir olunmuş məktəblərdə isə sinif otaqları şəraitdən asılı olaraq xüsusi isitmə sistemləri ilə qızdırılır. Digər tədris müəssisələri isə yalnız yerli materialla-odunla qızdırılacaqdır. Bunun üçün yerli büdcədən ayrılmış yanacaq pulu Meşə Təsərrüfatı İdarəsinə köçürüləcək və cari ilin sentyabr ayının sonuna kimi təhsil müəssisələri yanacaqla təmin olunacaqdır.
Təhsil işçiləri əmindirlər ki, bütün Azərbaycan xalqının hörmət və məhəbbətini qazanmış, etimadını doğrultmuş xalqımızın sevimli oğlu İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanaraq dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək, xalqımız daha firavan yaşayacaqdır. Biz təhsil işçiləri isə hörmətli Prezidentimizin qarşımıza qoyduğu vəzifələri vicdanla yerinə yetirməyə çalışacağıq.{nl}
Viktor ƏLİYEV, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.