47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçiriləcək

İyulun 20-dən 29-dək Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək. Təhsil Nazirliyindən AzərTAc-a bildirilib ki, olimpiadanın təşkilat komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan bilik yarışında dünyanın 80-ə yaxın ölkəsindən nümayəndələr iştirak edəcəklər. Bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə nazirlik tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın sədrliyi ilə təşkilat komitəsi yaradılıb. Eyni zamanda, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.

Qaydalara əsasən, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarına X-XI sinif şagirdləri cəlb ediləcəklər. Turların yekun mərhələsinin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər.

Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə suallar M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq.

Yanvarın 18-də keçiriləcək ilk seçim turunda şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün üç saat vaxt veriləcək. Suallar siniflər üzrə məktəb proqramına uyğun qapalı test formatında hazırlanacaq.

Zona mərhələsinin təşkilat komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumtəhsil müəssisələri arasından seçiləcək. Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən təşkilat komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. Otuz sualın cavablandırılması üçün şagirdlərə dörd saat vaxt ayrılacaq.

Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə də iştirak edəcək şagirdlər zona mərhələsinin nəticələri nəzərə alınmaqla, təşkilat komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara dörd saat vaxt ayrılacaq.

Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan beş gün sonra elan olunması nəzərdə tutulur. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək.

Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə beş ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edirlər. Bu günədək onlar beş qızıl, beş gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında