Elmin və ömrün zirvəsinə qalxan alim
Müqəddəslərin müqəddəsi, Allahdan sonra yaranmış SÖZlə ünsiyyətdə olmaq, onu sevmək, dilə gətirmək, ərşdən gəlmiş sözü qəlb evində sakin etmək, yaradanın həmd-sənası olan sözün nazını çəkmək, kəmali-hüsnünə təriflər söyləmək - tənqidçi olmaq çox böyük səadətdir. Azərbaycan ədəbi-ictimai fikri tarixində "Mən şairəm" deyənlərin qabağına "Mən tənqidçiyəm" deyə çıxan "Şöhrət" və "İstiqlal" ordenli əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Bəkir Əhməd oğlu Nəbiyevin 80 yaşı tamam olur. Bəkir Nəbiyev görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçi, ədəbi-nəzəri fikrimizin patriarxı, çağdaş milli filoloji fikrimizin mahir təşkilatçısıdır.
Bəkir müəllim yüksək tarixilik duyğusuna, milli qürur hissinə, dövlətçlilik təfəkkürünə, elmi-nəzəri və tarixi -ictimai prosesləri vaxtından əvvəl proqnozlaşdırmaq imkanlarına, yüksək nitq qabiliyyətinə, ali ünsiyyət mədəniyyətinə, nəcib ziyalı əxlaqına malik nüfuzlu şəxsiyyətdir. Böyük ailəcanlılıq, nadir iş mədəniyyəti, qlobal düşünmək istedadı, əzəmətli şəxsiyyət vüqarı, möhtəşəm vətəndaşlıq amalı onu müasir tipli alim və şəxsiyyət kimi səciyyələndirən başlıca cəhətlərdir. Mətbuatda ilk məqaləsi çap olunan gündən - 25 aprel 1951-ci ildən üzü bəri 60 ildir ki o, barmaqları arasında özünə əbədi yer eləmiş qələminə xəyanət etməmişdir. Bəzən zamanın təkcə şəxsiyyətləri deyil bütöv nəsilləri rəncidə edən tarixin əsassız iddiaları ilə barışmalı olsa da, bütövlükdə yazının-pozunun adını uca tutmuş və nəhayətdə müasirlərinin sevimli "Mirzə Bəkir"i - tələbələrinin doğması - "bizim Bəkir müəllimimiz" olub.
Bu vaxtadək bu müqtədir alimin müxtəlif dillərdə 60-dan artıq kitabı, yüzlərlə elmi-nəzəri, ədəbi-tənqidi və fəlsəfi-publisistik məqaləsi çap olunub. Bunların təkcə adlarını qeyd etsək ayrıca bir kitab əmələ gələr. Lakin, onun müəyyən kitablarının adını çəkməsək akademik Bəkir Nəbiyev haqqında təsəvvür yarada bilmərik. İlk professional tənqiqçimiz F.B.Köçərliyə həsr olunmuş "Görkəmli tənqidçi və ədəbiyyatşünas" (1963), "Süngüyə çevrilmiş qələm" (1970), "Ədəbi düşüncələr" (1971), "Tənqid və ədəbi proses" (1976), "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" (1977), "Kamalın təntənəsi" (1981), "Söz ürəkdən gələndə" (1984), "Roman və müasir qəhrəman" (1987), "Özümüzdən başlayaq" (1990), "Didərgin şair" (1995), "Çətin yollarda" (2000), "İstiqlal şairi" (2001), "Xəzan vurmasın" (2006), "Hərənin öz yolu var" (2007) və s. kitablar tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) bir dövrünü mərhələvi surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu ilə, tizfəhm məntiq və mühakimə ilə yazılıb.
Bəkir Nəbiyev hər şeydən öncə peşəkar tənqidçidir. Elə buna görə də onun əsərlərində olduqca çevik, bir az da dotələb üslub aparıcı mövqedədir. Bəkir müəllim tənqidçi kimi yazmağı və tənqidçi ədası ilə danışmağı hamıdan yaxşı bacarır.
Hələ 1976-cı ildə Bəkir müəllimin dərslərinə gedib-gələrkən biz tələbələri təkcə cari ədəbi prosesdə nüfuz qazanmış canlı tənqidçi ilə yox, həm də ədəbiyatımızın tarixini əks etdirən Ədəbiyyat Muzeyi ilə tanış olurduq. Bəkir müəllim bizi ədəbi-tarixi fikrimizin ən qədim çağından müasir mərhələsinə qədərki mənzərəsini əks etdirən müxtəlif zallara aparır, çox zaman dərslərimiz ayaq üstə canlı dialoq tərzində keçərdi. O, çalışırdı ki, məsələn XI əsrdən, Xətib Təbrizidən, küllən şərhçilik nəzəri məktəbindən bəhs edərkən bizi həm söhbətləri ilə, həm də muzey əşyalarının köməyi ilə o dövrə aparsın, canlı təsəvvür yaratsın.
Akademik Bəkir Nəbiyev müstəqil, həm də Azərbaycanın çağdaş durumunda öz ədəbi-ictimai çəkisi ilə diqqəti cəlb edən nüfuzlu şəxsiyyətlərdən biridir. O, XX əsrin ortalarından etibarən həmişə ədəbi prosesin və ədəbi-nəzəri fikrin diqqət mərkəzində olmuş, ədəbiyyatın əbədiyyətinə böyük inamla bədii irsin tədqiqi ilə məşğul olmuşdur. Hələ 1951-ci ildən yazmağa başladığı seçilən məqalələrini demirəm, ilk professional tənqidçimiz F.Köçərli haqqında 1963-cü ildə çap olunmuş sanballı monoqrafiyası ilə o, alim kimi ədəbi-nəzəri fikir tariximizə daxil ola bilmişdir. 60 ildən artıqdır ki, Bəkir Nəbiyevin imzası Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığında nüfuzlu sözün simvolu kimi diqqəti cəlb etməkdədir. Allahın ona bəxş etdiyi ömrün 80-ci ilini adlamış layiqli oğul, sədaqətli ər, qayğıkeş ailə başçısı, istiqanlı dost, yüksək intellektə malik pedaqoq, görkəmli ədəbiyyatşünas akademik Bəkir Nəbiyev ölkənin ən nüfuzlu fəxri adları və ali ordenləri ilə təltif olunmuş əsl ziyalı və vətəndaşdır. Bəkir Nəbiyevin zahiri görkəmində, səliqə-sahmanında, geyimində, yerişində və duruşunda, nitqinin ahəngində, cümlə və tələffüzündə, xeyirdə-şərdə ağsaqqallığında, istedadlı alimlərə münasibətində bir ağayanalıq, zadəgan ədası var. O, danışığı ilə yazısı, şəxsiyyəti həmahəng, üst-üstə düşən çox nadir adamlardan biridir.
Bəkir Nəbiyev ədəbiyyat elmimizin uğurları, problemləri və perspektivləri üzərində düşünür, Azərbaycan poeziyasının islami dəyərlərlə əlaqələrini istiqlal məfkurəsinə dayaqlanan metodla açıb şərh edir. Məlumdur ki, islamiyyətin qəbulundan sonra bütün möhtəşəm türk yürüşləri İslam bayrağı altında keçmiş, bütün türk ədəbiyyatı və nəzəri-fəlsəfi fikri islami dəyərlər məcrasında təkamül etmişdir. Türklər İslamın nüfuzunu yüksəldən ən nüfuzlu millətdir. Bütün bu cəhətlər Bəkir Nəbiyevin diqqət verdiyi önəmli problemlərdir.
Artıq 35 ildir ki, Bəkir müəllimlə ünsiyyətdəyəm: o, mənim tənqid müəllimim, doktorluq müdafiə edərkən birinci rəsmi opponentim olub. Bu gün isə direktorum, ustadım, dostum və ağsaqqalımdır. Bu illər ərzində bir dəfə də olsun onun ağzından çiy söz çıxdığını eşitməmişəm. Dəfələrlə nüfuzlu məclislərdə olmuşuq, yeyib-içəndən sonra onun şövqlə qol qaldırıb oynamağı bir aləmdir. Rəhmətlik T.Bayramın belə bir misrası var:"Həyat yaşamağı bacaranındır". Bəkir müəllim həyat adamıdır, həyatın maddi və mənəvi nemətlərindən, gözəllikdən zövq almağı - yaşamağı bacarır. Onun 80 il gənclik həvəsi ilə yaşamasının sirri, bəlkə də, bundadır.
Əlbəttə, insana ömürü yeri - göyü yaradan Tanrı verir. Mən hesab edirəm ki, onun işgüzar həyatında ailəsinin, xüsusilə Bəkir müəllimin qədrini hamıdan artıq bilən həyat yoldaşı Ədalət xanımın böyük rolu var. Ailə sevgisi cənnət rahiyəsi kimidir. Bəkir müəllimin özü də öz qədrini bilən, mənliyini heç bir dəyərə dəyişməyən adamdır. O, özünə mühit yaratmağı və bu mühitin sultanı olmağı bacarır.
Biz Bəkir müəllimdən təkcə ədəbi-tənqidin sirlərini, məqalə və resenziya yazmağı öyrənmədik, həm də həyatı, ünsiyyət mədəniyyətini, ədəbiyyata və yazıçıya necə yanaşmağı öyrənirik. Bəkir Nəbiyev olduqca mədəni, rütbəcə ən kiçik əməkdaşın belə yolunu gözləyən, danışanı təmkinlə dinləyən sadə və mülayim adamdır. Bununla belə mən onun özünü alim hesab edən bəzi nadanlara göstərdiyi sərtliyini də görmüşəm. O, boş-boşuna danışan, çıxış etmək xatirinə hamının bildiyi məsələləri çeynəyən alimciyəzləri dəqiq və sərt bir sözlə vaxtında yerində oturtmağın da ustasıdır.
Hər yaşanılan ömür tale deyil. Tale böyük sözdür. Millətlə, xalqla, dövlət və cəmiyyətlə nəfəs-nəfəsə yaşanılan, tarixi hiss edən ömrə tale demək olar. Tale insanın o gedəndən sonra qalan izi, kölgəsidir, yaddaşlardakı işıqlı obrazıdır. Tale yaşamış adamın obrazının işığı onun özündən böyük olur. Bəkir müəllim alim taleyi, vətəndaş taleyi, oğul - ata və baba taleyi, şəxsiyyət və ziyalı taleyi yaşayır. Onun 2008-ci ildə çap olunmuş kitabı belə adlanır: "Hərənin öz yolu var...". Bu təsadüfi bir ad deyil. Bəkir müəllim elmdə və həyatda öz yolu olan, özünə yol açan xalq yazıçısı Elçinin bir ifadəsi ilə desək, "özü özünə dayaq olmağı bacaran" möhkəm iradəli şəxsiyyətdir.
Bəkir müəllimin təkcə dəyərli kitablarından, müxtəlif əcnəbi ölkələrdə Azərbaycan ədəbiyyatı və mədəniyyətini hansı əzmlə təbliğ etməsindən danışmaqla məsələni bitmiş hesab etmək olmaz. Bunlar danılmaz həqiqətlərdir. Bu gün artıq Azərbaycan filologiyasında mükəmməl bir "Bəkir Nəbiyev məktəbi" formalaşmışdır. Onun yetirmələri - Vilayət Quliyev, Arif Əmrahoğlu, Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu... Bu məktəbin sıra nəfərləri - görkəmli Azərbaycan tənqidçisi və ədəbiyyatşünaslarıdır. Bu məktəbin artıq öz yolu, öz dəsti-xətti var. Məhz bu müəlliflərin 80-ci illərin önlərindən başlayan fəaliyyəti sayəsində Azərbaycan ədəbi tənqidində nəzəri təhlil güclənmiş, ədəbiyyatı hansısa sinfi-sosial qurumun, totalitar ideologiyanın deyil, xalqın milli mənafeləri baxımından tədqiq konsepsiyası və nəzəri metodları işlənib hazırlanmışdır. Unudulmuş, qadağan olunmuş ədəbi-tarixi mərhələlər və şəxsiyyətlər öyrənilmiş, onların tarixi haqqı bərpa olunmuşdur.
Akademik Bəkir Nəbiyev bacarıqlı elm, maarif təşkilatçısıdır. O, bu həqiqəti ən gənc yaşlarında - "Azərbaycan gəncləri" qəzetində məsul katibin müavini (1954-56), "Xalq qəzeti"nin şöbə müdiri (1959 - 1961) işləyəndə də, Ədəbiyyat müzeyinin direktoru (1971-87), Azərbaycan Mədəniyyət Fondunun sədri (1982-86), Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik - katibi kimi fəaliyyət göstərəndə də yalnız əmr vermək, tələb etməklə kifayətlənməmiş, qolunu çırmayıb öz işi ilə nümunə olmuşdur. Bunu onun altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi" üzərindəki işi əyani şəkildə göstərməkdədir. 80-ci illərdə yenidənqurma başlayanda Bəkir Nəbiyev oturub gözləmədi, "Özümüzdən başlayaq" dedi və hamını da arxasınca apardı...
Bəkir müəllim təkcə ədəbiyyatşünas deyil, o həm də cəmiyyətşünasdır. Onun Azərbaycan cəmiyyətində heç kəsə bənzəməyən yeri, çəkisi və sanbalı var. O, sözünü deməyi bacaran və arxasında durmağa, həyata keçirməyə qadir şəxsiyyətdir. Bu gün elmin və ömrün zirvəsində dayanan alim böyük əzmlə ədəbi-tarixi mövqeyini qoruyub saxlamaqdadır. Onun əsərlərinin və əməllərinin cəmiyyətə, xüsusilə onun gələcəyi olan gənc nəslə təsir gücü getdikcə artır, müdriklik və həssaslığın vəhdətindən yoğrulmuş fikirləri kəlama çevrilir.
Bəkir Nəbiyev tənqidinin gücü bir yandan estetik meyarların dəqiqliyində, digər tərəfdən isə həyatın nəfəsi ilə yaşamasındadır. Vaxtilə ustadım - akademik Kamal Talıbzadə deyirdi: tənqidçi birinci növbədə həyatşünas olmalıdır. Əlbəttə, Kamal müəllim də, Bəkir müəllim də, onların digər müasirləri də sənətin varlığa münasibətini materialistcəsinə həll edirdilər. Ərkanında bulunduqları cəmiyyət, onun sərt ideologiyası bunu tələb edirdi. Bununla belə Bəkir müəllimin mənsub olduğu tənqid məktəbi fürsət düşən kimi Şərq - Azərbaycan orta əsrlər nəzəri-estetik fikrinin dəyərli müddəalarını, sənətə qeyri-materialist baxışları da ədəbi-tənqidi və nəzəri-filoloji fikrin arsenalına gətirməyə nail olurdular.
Akademik Bəkir Nəbiyevin 80 illik yubileyi böyük mədəniyyət hadisəsi, milli-filoloji fikrimizin daha bir tarixi özünütəsdiq aktıdır. O, bu nüfuzu Tanrının verdiyi zəka və istedadla, özünün zəhmətsevərliyi və fəallığı ilə qazanmışdır.
{nl}
Nizaməddin ŞƏMSİZADƏ, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.