2014-cü ildə təhsil sahəsində böyük uğurlar qazanılmışdır

Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatların ictimaiyyətə təqdim olunmasını davam etdirir.

Cari ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin tədbirləri aşağıdakı kimi təsnif etmək mümkündür:

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilmişdir.

Dövlət Proqramı çərçivəsində namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılmış və obyektiv seçim edilmişdir.

Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün namizədlərin seçimi prosesində şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-video çəkiliş aparılmışdır.

Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olmuşdur. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilmişdir.

Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilmişdir. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanmışdır.

Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə etmişdir.

Sevindirici haldır ki, ilk dəfə olaraq, 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanmışdır.

Tələbələr əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük vermişlər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanmışdır.

Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanmışdır.

Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.

Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına bir sıra dəyişikliklər edilmişdir.

Müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcəkdir:

- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;

- Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;

- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.

Dövlət Proqramı təqaüdçülərini geniş ictimaiyyətə tanıdan “Gəncliyin uğur formulu” layihəsinə start verilmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında