2014-cü ildə təhsil sahəsində aparılan islahatlar nəzərəçarpan uğurlara yol açmaqla yanaşı, həm də gələcək nailiyyətlər üçün etibarlı zəmin yaradıb. Bununla bağlı tanınmış ziyalıların fikirləri maraq doğurur.
Şahlar ƏSGƏROV, professor, təhsil eksperti:
- Hesab edirəm ki, təhsildə ən yaddaqalan və ən zəruri məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasıdır. Bu sənədin qəbulu təhsilmizin yoluna kifayət qədər işıq saçır və eyni zamanda fəaliyyət meydanını müəyənləşdirir.
İkinci vacib məqam buraxılış imtahanından sonra məzunların hamısına attestatın verilməsidir. Bir halda ki, gənc məktəbi bitrib, ona qiymətləri göstərmək şərti ilə attestat vermək lazımdır. Digər bir yaddaqalan hadisə müxtəlif səbəblərdən ali məktəblərdən kənarlaşdırılmış tələbələrin təhsilə qayıtmasına imkan verən yeni qaydaların tətbiqi oldu. Hansısa səhv və ya təsadüf üzündən ali məktəbdən qovularaq təhsilini başa vurmayan tələbələrə şans verilməsi çox müdrik və dövlətin yürütdüyü humanist siyasəti dəstəkləyən addımdır. Eyni zamanda gənclər üçün stimul mənbəyidir.
Ali məktəblərdə SABAH qruplarının yaradılması da olduqca vacib hadisədir. İstedadlı, xüsusi proqramların tətbiqi, ölkənin tanınmış müəlimlərinin onlara dərin bilklər verməsi bir növ ali təhsil sistemində mayak rolunu oynayacaq.
Bu il Bakı məktəblərində çalışan müəlimlərin bilk və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində mühüm rol oynadı.
Uğurlu işlərdən biri də müəllimlərin dərs yükünün artırılmasıdır. Əvvəllər 1 müəlimə 8 şagird düşürdü, bu gün isə bu nisbət 1:12-yədir. Aydın məsələdir ki, bu da təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.Müəllimlərin və direktorların işə qəbul olunması, elektron kitabxanaların yaradılması və digər məqamları da qeyd etsək, düşünürəm ki, bu 1 il ərzində kifayət qədər yaddaqalan işlər görülübdür.
Orta məktəblərdə dərs ili müddətinin artırılması təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək bir addımdır. Təhsil Nazirliyinin şagirdlərin bir günə düşən dərs yükünün azaldılması ilə bağlı gördüyü işləri təqdir edirəm.
Hamlet İSAXANLI, Xəzər Universitetinin təsisçisi:
- Mənim Təhsil Nazirliyinin fəaliyətində ən çox xoşuma gələn hal açıqlıq və konkretlikdir. İstənilən məsələni nazirliklə müzakirəyə çıxarmaq və konkret nəticə əldə etmək mümkündür. Nazirliyin bu iş üslubu çox təqdirəlayiqdir.
Bu il Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri arasında “Azərbaycan Respublikasında təhsiln inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində səmərəli müzakirələr aparılb. Bu sənəd təhsilmizin gələcək inkişafı üçün qeyri-adi dərəcədə mühüm sənəddir. Yaxşı haldır ki, Dövlət Strategiyası çərçivəsində görülən işlər geniş ictimaiyyətlə müzakirə olunur.
Şübhəsiz ki, belə böyük sənəddə nəzərdə tutulanları bir ildə həyata keçirmək mümkün deyil. 2014-cü il Dövlət Strategiyasındakı genişmiqyaslı tədbirlərin reallaşması üçün mühüm hazırlıq dövrü kimi qiymətləndirilə bilər. Məsələn, strategiyada universitetlərin kampuslarının yaradılması kimi çox mühüm məsələ var.
Bu istiqamətdə müzakirələr gedir və biz gözləyirik ki, növbəti ildə bununla bağlı konkret addımlar atılacaq.
Bolonya prosesi, təhsil standartları, proqramları, ali məktəblərin müstəqilliyi ilə bağlı Təhsil Nazirliyinin keçirdiyi təqdimatlar, müzakirələr təhsil ictimaiyyəti üçün çox faydalı olub.
Nazirliyin müəllimlərin və idarəedənlərin peşəkarlığının artırılması istiqamətində təlimlər keçirməsini xüsusi qeyd edərdim. Dünyanın ən iri şirkətləri belə işə götürdükləri insanların peşəkarlıq qabiliyyətini artırmaq üçün mütəmadi təlimlər təşkil edir. Ali məktəblərin də bu işə cəlb edilməsi təlimin keyfiyyətini yüksəldib. Ümumiyyətlə, təlimlər təhsil komponentinin vacib elementidir.
Təhsil Nazirliyinin digər bir uğuru - elektron təhsil resurslarının yaradılması və genişləndirilməsi çox əhəmiyətli layihədir. Burada orta məktəblər üçün olduqca faydalı resurslar toplanıb, elektron dərsliklər yığılıb. Ümumiyyətlə, hesab edirəm ki, Təhsil Nazirliyi dərslik sahəsində də müsbət dəyişikliklərin əldə edilməsi istiqamətində çox səmərəli işlərə başlayıb. İlk növbədə, dərslik monopoliyasının aradan qalxmasını gözləyirik. İnkişaf etmiş ölkələrdə çoxsaylı alternativ dərsliklər, əlavə vəsaitlər olur, müəllimlər onlardan geniş istifadə edirlər. Elektron təhsil resursları da belə mənbələrin yaranmasında atılan əhəmiyyətli addımlardan biridir.
Ali təhsildə doktoranturanın inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr bu sahədə yeniliklərin olacağına bizi ümidləndirir. Biz, bir ali təhsil müəssisəsi olaraq, bu sahədə Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Hesab edirik ki, doktorantura təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin hazırlanması vacibdir.
Ümumiyətlə, hesab edirəm ki, 2014-cü il təhsil sahəsində faydalı olub və daha ciddi nailiyyətlər üçün əsaslı zəmin yaradılıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.