Təhsilin inkişafı gündəlik qayğımızdır

Möhtərəm Prezidentimiz İlham Əliyev təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi qiymətləndirmişdir. Dövlətimizin başçısı üstün inkişaf edirilən bu sahənin qarşısında mühüm vəzifələr qoymuşdur. Təhsil siyasətinə müvafiq olaraq yeni məktəblərin tikilməsi, əlavə korpusların inşası, təhsil ocaqlarının zəruri avadanlıqla təchizatı və maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması prosesi bizim Biləsuvar rayonunda da ardıcıl davam etdirilir.
Dövlət hesabına həyata keçirilən tədbirlərlə bərabər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana-yeni məktəb" proqramının sayəsində də təhsil infrastrukturu daim təzələnir. Bu fondun hesabına son illərdə rayonda 4 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.
Rayonumuzda görülən işlərin başlıca məzmunu "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasından ibarətdir. Proqrama uyğun olaraq ötən dərs ilində Arazbari kənd əsas məktəbi üçün 220 şagird yerlik, müasir standartlar səviyyəsində yeni bina tikilmişdir. Məktəblərin daim yeniləşməsi- cari təmir, informasiya texnologiyaları ilə təminatı, fənn kabinetlərinin yeni tərtibatı son illərdə rayonda təhsilin keyfiyyətinə gətirib çıxaran və onu şərtləndirən həlledici amilə çevrilmişdir. Son altı ildə rayonumuzda 8 məktəb binasının tikilərək istifadəyə verilməsini, daha bir məktəb binasında tamamlama işlərinin yekunlaşmaq üzrə olmasını nəzərə alsaq, təhsilə qayğının miqyası aydın görünər. Bu işlərə rayon rəhbərliyinin əzmkarlığı, Biləsuvarı abad, gözəl bir diyara çevirmək istəyi və tələbkarlığı sayəsində nail olunmuşdur. Şəhər 1, 2, 4 saylı orta və 1 saylı əsas məktəblərin o vaxtkı vəziyyəti ilə indikini müqayisə edəndə müsbətə doğru necə böyük fərq olduğunu bir daha görürük. Rayonumuzda təhsilə qayğı məhz mütəmadi xarakter daşıyır. Tədris müəssisələrimizin təkcə ötən dərs ilində maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiqdir. İl ərzində yüzlərlə stol, stul, parta alınaraq məktəblərə verilmiş, 61 adda 42075 nüsxə dərslik, 485 adda 59632 nüsxə bədii ədəbiyyat gətirilərək paylanmışdır. Təhsil Nazirliyi tərəfindən təkcə uşaq bağçalarına paylanan dərslik və əyani vəsaitlərin dəyəri 81413 manatlıq olmuşdur.
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının hər bir fəaliyyət sahəsinə nüfuz etməsi dünyanı nəhəng informasiya məkanına çevirmişdir. Bu mənada ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş məktəblərin İKT ilə təminatı proqramı ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi dəyərləndirilir. Həmin proqramın yerinə yetirilməsi ilə məktəblərimizdə hər 29 şagirdə bir kompyuter nisbəti təmin edilmişdiur. Halbuki proqramaqədərki dövrdə bu göstərici 1000 şagirdə bir kompyuter nisbətində idi. Təkcə keçən dərs ilində rayonumuzun 36 məktəbində 315 dəst müasir kompyuter avadanlığı quraşdırılaraq şagirdlərin istifadəsinə verilmişdir.
Azərbaycan müəllimlərinin quruitayında hörmətli nazirimiz Misir Mərdanov belə bir vacib məqama diqqəti cəlb etmişdi ki, məktəblərə kompyuterlərin verilməsi işin yalnız bir tərəfidir. Daha mühüm məsələ şagirdlərin və müəllimlərin onlardan səmərəli istifadə etməsinə nail olmaqdır. Bu mənada dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" məhz həmin məqsədə xidmət edir. Bu proqramın tələbinə uyğun olaraq nazirliyin təhsil sisteminin informasiyalaşdırılması idarəsi "Mədəd" humanitar təşkilatı ictimai birliyi ilə bərabər müəllimlərin həftəlik təlim kurslarını təşkil etmişdir. Kurslarda rayonumuzdan 645 müəllim və 91 rəhbər pedaqoji işçi iştirak edərək müvafiq sertifikat almışdır.
Təhsil islahatı proqramının başlıca tələblərindən biri ümumi keyfiyyətin yüksəldilməsi və real tələbata uyğunlaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlərin, o cümlədən "Kurrikulum islahatı"nın icrasına nail olmaqdan ibarətdir. İslahatın başlanmasından ötən müddətdə təhsilin məzmununun müasir tələblər zəminində yeniləşdirilməsinə xüsusi diqqət yetirilmiş, kurrikulum siyasətinin əsası qoyulmuşdur. Bununla əlaqədar Nazirlər Kabinetinin təsdiq etdiyi konsepsiya sənədində dövlətin ümumi təhsillə bağlı siyasəti, cəmiyyətin ehtiyac və tələbatı, eləcə də şagirdlərin maraqları üzvi şəkildə əlaqələndirilmişdir. Ötən dərs ilindən etibarən 1-ci siniflərdə kurrikulumlarla təhsilə başlanmış və beləliklə də ümümi təhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur. Yeniliyin tətbiqi ilə bağlı rayon təhsil şöbəsi tərəfindən çoxsaylı tədbirlərin icrası təmin edilmişdir. Yeri gəlmişkən, ümumi təhsil konsepsiyasının həyata sıx daxil olmasında hörmətli nazirimizin redaktoru olduğu "Kurrikulum" jurnalının rolu böyükdür. Beynəlxalq standartlara inteqrasiya ilə əlaqədar həyata keçirilən tədbirlər biliyin qiymətləndirilməsinin stimullaşdırıcı və tərbiyəedici xaraktrinə müsbət təsir göstərir. Orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması milli təhsilin uğurlarındandır. Buraxılış imtahanlarında rayonumuz üzrə 1134 şagirddən 1001-i iştirak etmiş və 806 məzun bütün fənlərdən müsbət qiymət alaraq attestat, 195 nəfər isə təhsil kursunu başa vurmaq barədə müvafiq arayış almışdır. Ümumi müvəffəqiyyət 82,42 faiz təmin edilmişdir. Bu göstərici Biləsuvarın kənd rayonları arasında ön sırada qərarlaşmasına səbəb olmuşdur. Əsas təhsil bazasından isə imtahanda iştirak edən 1378 şagirddən 1091-i müvəffəq qiymət almışdır (79,7 faiz).
Onu da qeyd edim ki, xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə həyata keçirilən tədbirlər, fənn olimpiadalarının təşkili, yarış və müsabiqələrin keçirilməsi uğurların daha da möhkəmləndirilməsini təmin etmişdir.
Məktəbin üzərinə düşən vəzifələrdən biri də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsindən ibarətdir. Biləsuvarlı gənclərdən 117 nəfəri ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Yüzlərlə gənc müharibə əlili və veteranı adını daşıyır. Orduda qulluq edən həmyerlilərimiz borclarını şərəflə yerinə yetirirlər. Bütün bunlar məktəblərdə aparılan vətənparvərlik tərbiyəsinin nəticələridir.
Rayonumuzun Əliabad kənd orta məktəbinin məzunu, Milli Ordunun hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimovun bu il iyun ayının 19-da düşmənin həmləsini dəf edərkən göstərdiyi igidlik Azərbaycan əsgərinin Vətənə məhəbbət hissinin hər şeydən yüksəkdə dayandığının, ana torpağın hər qarışı uğrunda ölümə belə getmək rəşadətinin təntənəsidir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həmyerlimizə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı vermişdir. Biz Mübarizin adı ilə ürəkdən fəxr edir, ölməz ruhu qarşısında ehtiramla baş əyir və onun qəhrəmanlığını gənclərimizə nümunə göstəririk. Artıq rayonumuzda Mübariz İbrahimovun adına küçə var, lisey fəaliyyətə başlayıb. Əminik ki, xalqımızın qəhrəmanlıq ənənələri bundan sonra da davam edəcək.
Ali məktəblərə qəbul təhsilin əsas keyfiyyət göstəricilərindəndir. Bu il tələbə adını qazanan biləsuvarlı məzunların sayı əvvəlki illərdən çox olmuşdur. Belə ki, 147 təmsilçimiz müxtəlif nüfuzlu universitetlərə daxil olmuşdur. Onlardan 29 nəfəri 500 baldan, 5 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Yenicə başlanmış dərs ilində qarşımızda daha mühüm vəzifələr durur. Təhsilin dinamik inkişafı gündəlik qayğımızdır. Elə etməliyik ki, vətənə layiqli, intellektual və müasir tələblərlə ayaqlaşa bilən, sözün əsl mənasında sabahımızın sahibləri olacaq gənclər yetişdirək. Bundan ötrü hər cür imkan və şəraitimiz, potensialımız vardır.

{nl}

Balaqardaş KAZIMOV, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında