Dekabrın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin 95 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiklər, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm tablosuna, BDU-nun 95 illiyi ilə bağlı sərgiyə və qrafik filmə baxıblar.
Təntənəli mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” kəlamını xatırladıb. Universitetinin tarixindən, inkişaf mərhələlərindən danışan rektor bildirib ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri ölkədə dünyəvi ali məktəbin yaradılması olub. Bakı Dövlət Universitetinin maddi-texniki bazasının və kadr potensialının formalaşmasına Azərbaycan mesenatları da yaxından kömək göstəriblər.
Yarandığı ilk illərdə tarix-filologiya, fizika-riyaziyyat və tibb sahələrini əhatə edən BDU-nun əsas məqsədi Azərbaycanda maarifçiliyin, səhiyyənin inkişaf etdirilməsi və bunun üçün yüksək səviyyəli kadr hazırlamaqdan ibarət olub. Sonralar isə bütün fəaliyyəti dövründə bu ali məktəb xalqın milli şüurunun yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, tolerantlığın, elm və təhsilin inkişafı, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Universitetin kadr potensialı və elmi bazası əsasında bir sıra digər ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılıb. Bakı Dövlət Universitetində bir çox dünya şöhrətli alimlər çalışıblar.
BDU-nun inkişafında yeni keyfiyyət mərhələsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan akademik Abel Məhərrəmov ulu öndərin məzunu olduğu Bakı Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Qeyd olunub ki, bu diqqət və qayğı sayəsində universitet ötən əsrin 70-ci illərindən etibarən özünün intibah dövrünə qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan rektor dövlətimizin başçısının elm, təhsil sahəsi ilə bağlı təşəbbüslərindən və imzaladığı sənədlərin əhəmiyyətindən söz açıb. Bildirilib ki, inkişafının yeni mərhələsini yaşayan BDU-da məhz Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son beş ildə ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, idman kompleksi, 800 əməkdaş üçün üç müasir yaşayış kompleksi, tədris-təcrübə və istirahət mərkəzi tikilərək istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən klassik milli universitet missiyasını şərəflə həyata keçirən Bakı Dövlət Universitetində bu gün ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 20 minə yaxın tələbə təhsil alır. Gənclərin təlim-tərbiyəsi ilə 4 minədək əməkdaş, o cümlədən 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur. Onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri Milli Məclisin deputatı, 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. Hazırda universitetdə 17 fakültə, 127 kafedra, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş iki Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir. Universitetin 30-dək Elmi Tədqiqat Mərkəzi və laboratoriyası, 3 milyona yaxın fonda malik kitabxanası var. BDU-da 81 istiqamət üzrə dünya standartları səviyyəsində elmi-tədqiqat işləri aparılır. Son illər yeni fakültələr, mərkəzlər, laboratoriyalar açılıb.
Rektor bildirib ki, universitetdə kadr hazırlığı Bolonya prosesinin tələblərinə və Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Bütün fakültələrdə təhsil üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın 16 ölkəsindən minədək tələbə təhsil alır. BDU-da bu ildən başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirtmək məqsədilə yaradılan və 12 ixtisası əhatə edən “SABAH” qrupları fəaliyyət göstərir. Universitetin nəzdindəki “Gənc istedadlar” Liseyinin şagirdləri regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə əhəmiyyətli uğurlar əldə edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı institutlarında BDU-nun baza kafedraları, Elm və Tədris Mərkəzləri, müvafiq kafedraların filialları yaradılıb.
BDU 95 il ərzində yüz əlli mindən çox mütəxəssis, o cümlədən dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək ixtisaslı kadr hazırlayıb.
Hazırda dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq edən BDU Avrasiya, Xəzəryanı Ölkələr, Qara Dəniz Ölkələri, Avropa və Qafqaz Universitetləri assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom verilməklə birgə magistr hazırlığı həyata keçirir.
BDU-da Konfutsi İnstitutu, Abay, Koreya, Yunis Əmrə mərkəzləri, Rus Evi, Türk Odası, xarici dillərin daha dərindən öyrənilməsi üçün linqafon kabinetləri fəaliyyət göstərir. Universitetdə 14 Qərb və Şərq dövlətlərinin dilləri öyrədilir və yüksək səviyyəli kadr hazırlığı həyata keçirilir. Azərbaycandan Tomson Reyter agentliyi tərəfindən indekslənən yeganə beynəlxalq elmi jurnal Bakı Dövlət Universitetində nəşr edilir.
Akademik A.Məhərrəmov gənclərin elmə, təhsilə marağının ildən-ilə artması nəticəsində Bakı Dövlət Universitetinin bundan sonra daha böyük nailiyyətlər qazanacağına əminliyini bildirib.
Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik Bakı Dövlət Universitetinin 95 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, bu gün BDU-nun məzunları Azərbaycan elminin inkişafına və çiçəklənməsinə dəyərli töhfələr verirlər.
Nazir qeyd edib ki, universitet ilk gündən elmi-tədqiqat mərkəzinə çevrilərək Azərbaycan Milli Elmlər Akademiyasının və onun institutlarının təşkilində, digər ali məktəblərin təşəkkülündə, kadr potensialının formalaşmasında xüsusi rol oynayıb.
Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladan M.Cabbarov bu dahi şəxsiyyətin Azərbaycan elminin və təhsilinin inkişafına daim böyük qayğı göstərdiyini, onun ideyalarının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli sərəncamına əsasən qocaman jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunduğunu bildirən nazir ali dövlət mükafatını yubilyara təqdim edib.
Professor Ş.Hüseynov çıxış edərək yüksək dövlət mükafatına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Bakı Dövlət Universitetinin elm, təhsil sahəsində önəmli xidmətlərini vurğulayıb, dahi şəxsiyyət Heydər Əliyevin bu ali məktəbin məzunu olduğunu xatırladıb. Görkəmli dövlət xadimi Heydər Əliyev ilə dəfələrlə görüşdüyünü bildirən V.Sadovniçi ulu öndərin elmə, təhsilə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
BDU-nun mühüm nailiyyətlər qazandığını qeyd edən rusiyalı akademik bu ali məktəb ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əlaqələrindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, elmin, təhsilin, milli təfəkkürün, mədəniyyətin, inkişafında mühüm rol oynayan Bakı Dövlət Universitetinin yaranması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindəndir. Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU-nun 95 ildə zəngin, şərəfli inkişaf yolu keçdiyini qeyd edən akademik A.Əlizadə vurğulayıb ki, bu universitetin, eləcə də Azərbaycanda elm və təhsilin inkişafının keyfiyyətcə yeni mərhələsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. BDU-nun məzunları arasında bir çox dünya şöhrətli alimlər, ictimai-siyasi xadimlər yetişib.
İnformasiya cəmiyyətində mükəmməl bir sistemin tərkib hissələri kimi elmin, təhsilin və istehsalatın inteqrasiyasının inkişafın mühüm formullarından hesab olunduğunu diqqətə çatdıran AMEA-nın prezidenti akademiya ilə BDU arasındakı sıx əməkdaşlıqdan söz açaraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, ölkəmiz bölgənin elm mərkəzinə çevrilməlidir. Bu, Azərbaycan alimləri və təhsil işçiləri üçün böyük bir çağırışdır”.
Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetləri Şəbəkəsinin prezidenti, professor Ramazan Korkmaz müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, universitetlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bakı Dövlət Universitetinin elmə, təhsilə böyük töhfələr verdiyini vurğulayan natiqlər Azərbaycanın bu nüfuzlu ali təhsil müəssisəsinə yeni nailiyyətlər arzulayıblar.
Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadi, Albaniyanın Tirana Texniki Universitetinin rektoru, akademik Yorqaq Kaçani, İvane Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, akademik Vladimer Papavaya, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazli Rabadanov çıxış edərək elmin, təhsilin inkişafında Bakı Dövlət Universitetinin xidmətlərini yüksək qiymətləndirib, pedaqoji kollektivi yubiley münasibətilə təbrik ediblər.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski, Çinin Anhoy Universitetinin rektoru, professor Çex Xua, Türkiyənin İstanbul Universitetinin rektoru, professor Yunus Söylət, Belarus Dövlət Universitetinin rektoru, akademik Sergey Oblameyko və başqaları videobağlantı vasitəsi ilə Bakı Dövlət Universiteti barədə fikirlərini söyləyib, yubiley təbriklərini çatdırıblar.
“Gənc İstedadlar” Liseyinin məzunu, Kanadanın Vaterloo Universitetinin tələbəsi Orxan Həsənli, BDU-nun hazırda təhsilini Yaponiyada davam etdirən tələbəsi Aida Məmmədova da videobağlantı vasitəsilə doğma universitetin 95 illik yubileyi münasibətilə kollektivə xoş arzularını bildiriblər.
Sonda universitetin yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.