Elmimiz: bu gündən sabaha doğru Azərbaycan alimlərinin birinci qurultayı qarşısında qeydlər

Çağdaş dünyada elmi-intellektual potensial davamlı inkişafın əsas meyarına çevrilmişdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. İqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm amillərdən biri də məhz elmin, təhsilin, nanotexnologiyaların inkişaf səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə güclü insan kapitalının formalaşdırılmasıdır.

Bəşəriyyət və elm

Bəşər övladı çox-çox sonralar fəhm etdi ki, sivilizasiyanın ən erkən çağlarında, ibtidai səviyyəsində belə təsadüf  hesab etdiklərimiz, mənbəyini, səbəbiyyatını dərk etməkdə çətinlik çəkdiyimiz çox şeyin təməlində elə elm dururmuş. Sadəcə, şüur və idrakın dərketmə gücü bunu isbatlamaqda acizdi.

 Zamanında istər Qərbdə, istərsə də Şərqdə dinin həm felən, həm də ruhən həqiqi anlamını, ali təyinat və məqsədini inkar edib sxolastikaya, cəhalət girdabına yuvarlananlar elmi, onun bəşər sivilizasiyasına bəxş etdiyi töhfələri danmış, elm və irfan adamlarını şaqqalayıb odlara yaxmışlar.

Müqəddəs kitabımız Qurani-Kərimin ilk ayələri “oxu”, “qələm” və “öyrətmək”  sözləri ilə başlayır. Quran bilənlə bilməyəni fərqləndirir: “De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar.”

Hz. Məhəmməd (s.ə.s.) buyurmuşdur : “Elm oxumaq üçün bir saat oturmaq Quranı on iki min dəfə xətm etməkdən üstündür”, yaxud  “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.

Gəlin, bu gün elmin inkişaf etdiyi coğrafiyanı nəzərdən keçirək; Qərbi   Avropa, Uzaq Şərqdə ötən yüzilliyin 70-80-ci illərində sənayeləşmədən sürətlə bilik iqtisadiyyatına keçən Yaponiya, üçüncü minilliyin fenomenlərindən Cənubi Koreya, Sinqapur, Çin... okeanın o tayında ABŞ, Braziliya. Bu sırada Afrika boyda nəhəng bir qitədən neçə ölkənin adını çəkmək mümkündür? Yoxsulluq və səfalət girdabında boğulan, əhalisinin əksəriyyətinin bir qarın çörəyə möhtac olduğu bir coğrafiyada ciddi elmi araşdırmalardan və kəşflərdən bəhs etmək yəqin ki, ən çılğın təxəyyülün belə qarşısında aciz qaldığı reallıqdır. 

Elm cəmiyyətə bəşəri dəyərlər, yeni kəşflər, rasional düşüncə sistemi gətirdiyinə və məhz seçilmişlərin “fəaliyyət sahəsi” olduğuna görə müxtəlif qüvvələr tərəfindən bəşər tarixinin İntibah dövrünə qədər çox ciddi şəkildə təqib olunmuşdur. Ptolemeyin nümayəndəsi olduğu İsgəndəriyyə elmi məktəbi 640-cı ildən sonra ərəblər tərəfindən bu şəhərin işğalı zamanı məşhur İsgəndəriyyə kitabxanasının yanması ilə süqut etdi.

1428-ci ildə Əmir Teymurun nəvəsi və Teymurilər sülaləsinin başçısı olan Uluqbəy tərəfindən tikilmiş observatoriya ölümündən sonra dini fanatiklər tərəfindən yerlə yeksan edildi.

Nə qədər təəccüblü olsa da eyni zehniyyət sahibləri XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda da peyda oldular. Dünya elm xəzinəsinə qədərincə düha bəxş etmiş bir ölkədə hakimiyyətdə olduğu bir il ərzində bircə “düstur” belə həll edib  laboratoriya üçün bircə kolba belə almamış bədnam AXC-Müsavat iqtidarı Elmlər Akademiyasını ləğv etmək barədə düşünürdü. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın elm məbədini “milli Herostrat”ların cinayətkar qəsdindən xilas etdi.

  AMEA-nın 2011-ci il aprelin 26-da keçirilmiş illik yığıncağında çıxış edən Prezident İlham Əliyev həmin günləri xatırlayaraq deyirdi: “... Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı”.

Bugünün elmi özündə nələri ehtiva edir? Bu meydanda təkbaşına mücadilə etmiş Tusi, əl Biruni, Bruno, Lomonosov, Faradey, Maksvell və başqalarının dövranı artıq geridə qalıb. Müasir elm dövlət büdcəsindən ayrılan az sayılmayacaq vəsait hesabına fəaliyyət göstərən böyük alimlər kollektivi, müasir qurğu və avadanlıqları olan təcrübə-sınaq zavodları və laboratoriyalar deməkdir. Müasir “elmi sistemlərin” formalaşması sahəsində əldə edilən nailiyyətlər artıq lokal coğrafiyaları aşaraq bir neçə dövlətin büdcə vəsaitlərinin təmərküzləşməsi hesabına baş verir. Və elə təkcə bu fakt onu göstərir ki, artıq yeni biliklərin əldə edilməsi yönündə çəkilən xərclər ayrılıqda götürülmüş bir ölkənin imkanları xaricindədir.

 AMEA – ölkənin intellektual elitası

Azərbaycan Prezidentinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun (işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi 2020-ci ilədək əsas istiqamətlərdən biri olacaqdır. Bununla əlaqədar elmin inkişafı onun ölkəmizdəki tarixinə və dünyada gedən meyillərə əsasən prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcəkdir. Elmi infrastruktur təkmilləşdiriləcək, elmin maddi-texniki bazası müasirləşdiriləcək və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin ediləcəkdir. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da nəticə etibarilə  elmi fəaliyyətlə məşğul olan insanların sosial müdafiəsini gücləndirməklə “beyin axını”nın qarşısını alacaqdır. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq olaraq aparılması məqsədilə zəruri mexanizmlər yaradılacaqdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı böyük məbləğdə investisiya tələb edir. Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini, “nou-xau” texnologiyalarını dərindən mənimsəyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirir. Müqayisə üçün bildirək ki, 2003-cü ildə elm xərclərinə cəmi 16,6 milyon manat vəsait ayrıldığı halda, 2015-ci ildə bu rəqəm 142,5 milyon manat təşkil edəcəkdir. 2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 milyon manat, elmi-tədqiqat təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait ayrılması nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, müəyyən problemlərə, çətinliklərə, əsaslı və əsassız tənqidi yanaşmalara baxmayaraq, son 11 ildə Azərbaycan elminin böyük inkişaf və tərəqqi yolu keçdiyi danılmaz reallıqdır. 

Azərbaycan Prezidenti İlham Əliyev Elmlər Akademiyasındakı məlum çıxışında demişdir ki, ölkənin əsas elm müəssisəsində Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.

... Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir.

 “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Milli Strategiya əsasında son illərdə Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi, dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili, iqtisadi inkişafda elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmini, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır.

Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkmişdir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son illərdə Mərkəzi Elmi Kitabxana, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi üçün yeni inzibati binalar inşa edilmiş, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində,  AMEA-nın Rəyasət Heyətinin binasında, habelə akademiyanın əsas binasında təmir işləri başa çatdırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Tarix Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri və yeni avadanlıqların alınması, Arxeologiya və Etnoqrafiya İnstitutuna arxeoloji qazıntıların davam etdirilməsi, əşyaların bərpası və yeni materialların alınması üçün Tarix Muzeyinə vəsait ayrılmışdır.

XXI əsr bilik iqtisadiyyatı əsridir

Ötən əsrin 50-60-cı illərində ABŞ iqtisadçılarının tədqiqatlarında insan kapitalı nəzəriyyəsi önə çıxdı. İşçi qüvvəsinin formalaşdırılması problemləri, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas hədəfləri kimi müəyyənləşdirilmişdir. Həmin dövrdən başlayaraq elm və təhsilə yönəldilən vəsaitlər ictimai-siyasi proseslərin qaçılmaz məsrəfləri kimi deyil, davamlı inkişafın təmin edilməsi üçün mühüm investisiyalar kimi qəbul edilməyə başlanmışdır.

Son onillikdə elmi biliklərin daha sürətli inkişafı müşahidə edilir və bu mənada, XXI əsri haqlı olaraq “bilik iqtisadiyyatı əsri” adlandırırlar. Bu gün dünyanın inkişaf etmiş ölkələri yeni iqtisadiyyat – biliklərə əsaslanan iqtisadiyyat qururlar. Burada başqa göstəricilər, yəni elmi, innovasiyaları, intellektual mülkiyyəti və mədəniyyəti xarakterizə edən indekslər əsas götürülür. 

Hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin 60-80 faizini insan kapitalının təşkil etməsi də elmin inkişafının, başqa sözlə, bilik iqtisadiyyatının təzahürüdür. ABŞ iqtisadçısı və sosioloqu D.Bell haqlı olaraq, gələcəkdə əhalinin (xalqların) yüksək sosial təbəqəyə aid olan və aid olmayan hissələrə bölünməsini onların maddi vəziyyətlərinə görə deyil, intellektual potensialı - yeni bilik daşıyıcıları “knowledge stratum” ilə müəyyən olunacağını qeyd edir. Təcrübə göstərir ki, cəmiyyətdə baş verən hər bir tərəqqi əsasən iki mərhələdən: birincisi, elmin inkişafı və elmi nəticələrin istehsala tətbiqindən; ikincisi, insana kapital qoyuluşunun səmərəliliyindən ibarətdir.

Müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıca məqsəd bu sərvətləri cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etmək olmalıdır. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Dünya Bankının apardığı tədqiqatın nəticələrinə əsasən, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar yalnız 2 faiz təşkil edir.

Dünya bazarında neftin qiymətlərinin siyasi konyunktur əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu gələcəyi, ilk növbədə, elmin, təhsilin inkişaf səviyyəsi ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev də haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Ölkəmiz neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi neftdən sonrakı inkişafın təməlini yaratmaqdır.

Ona görə də təsadüfi deyildir ki, son illər Azərbaycanda gerçəkləşdirilən milli layihələr insana, onun həyat keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin səciyyəvi xüsusiyyəti, ilk növbədə, onların innovasiya yönümlü olmasındadır. Dövlət inkişafın elə bir istiqamətlərini dəstəkləyir ki, onlar qabaqcıl texnologiyalardan istifadə və bu texnologiyaların sənayedə tətbiqi ilə bağlıdır.

Ölkənin innovativ inkişafa keçidinin zəruriliyi insan kapitalının reallaşdırılmasına və ümumi rifah səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın hazırlanmasını zərurətə çevirmişdir. Doğrudur, son illərə qədər belə hesab edilirdi ki, texnologiyaların, əmək vasitələri və alətlərinin prinsipial yenilənməsinə əsaslanan texnoloji istehsal üsulları ictimai inkişaf dövrlərinin dəyişməsində həlledici rol oynayır. Bu gün isə ümumi qənaət bundan ibarətdir ki, insan kapitalı olmadan ictimai istehsalın bundan sonra da davamlı, dinamik və səmərəli inkişafı, sabit iqtisadi yüksəliş, artan ictimai tələbatın təmini ilə bağlı hər hansı problemləri həll etməyə qabil deyildir. Başqa sözlə, müasir reallıqda fokus nöqtəsi insana, onun intellekt və vərdişlərinə, innovativ sistemlər yaratmaq qabiliyyətinə, gələcəyini kreativ əsasda modelləşdirmək və qurmaq bacarığına yönəlmişdir.

Çətin, uzun, doğru yol

Ötən illərdən bəri AMEA sistemində həyata keçirilən islahatlar son bir ildə daha geniş vüsət almış, bu məqsədlə konrket fəaliyyət konsepsiyası hazırlanmışdır. AMEA-da aparılan struktur islahatlarında məqsəd akademiyanın fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiya və elmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların hədəflərindəndir. Bu məqsədlə AMEA Rəyasət Heyətində müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni akademik bölmə və şöbələr yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. İdarəetmədə çevikliyin və aparılan islahatların səmərəsinin artırılması, elmi müəssisələr üçün aktual məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının tapılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. AMEA-da magistratura pilləsinin açılması ilə yanaşı, hazırda doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində tədbirlər də davam etdirilir. 

Yüksək ixtisaslı gənc alim və mütəxəssislərin yetişdirilməsi, onların intellektual səviyyələrinin yüksəldilməsi üçün AMEA-da gənc alim və mütəxəssislər şuralarının təsis olunması mühüm yeniliklərdən biridir. Həmçinin, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması əldə olunan elmi nəticələrin praktikada tətbiqi istiqamətində aparılan islahatların uğurlu davamıdır. AMEA biznes təşkilatları və QHT-lərlə innovativ fəaliyyətini genişləndirmək, təcrübə-sənaye zavodunun işinin gücləndirmək istiqamətində tədbirləri də diqqət mərkəzində saxlayır.

Gənc alimlərinin zəhmətinin stimullaşdırılması son dərəcə vacib məsələlərdən biridir. 2014-cü ildə Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçı Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilmişdir. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimlərin yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis olunması da mühüm yeniliklərdən biri olacaqdır. Bundan başqa, hazırda AMEA əməkdaşlarının mənzil problemlərinin həlli, müasir tələblərə cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin yaradılması istiqamətində də mühüm işlər həyata keçirilir.

Noyabr ayında keçirilmiş Elm festivalı ölkənin elm təsərrüfatının cari durumunu nümayiş etdirməklə qalmamış, potensial imkanlar və perspektiv gözləntilər, elmi axtarışların prioritet və trendləri barədə də müfəssəl təsnifat vermişdir.  Bu günlərdə Azərbaycan alimlərinin I qurultayı keçiriləcəkdir. Bu tədbir elm sahəsində mövcud vəziyyətin təhlili və qarşıda duran strateji vəzifələrin düzgün müəyyənləşdirilməsi baxımından vacib hadisədir. Qurultay ərəfəsində “Azərbaycan alimləri” adlı bələdçi kitabın hazırlanması da mühüm yeniliklərdən biridir. Bundan başqa, qurultayda “Elm Günü”nün təsis edilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciətin qəbulu gözlənilir.

Əlbəttə, əldə olunan mühüm uğurlarla yanaşı, hazırda elm sahəsində həllini gözləyən müəyyən problemlər də var və bu, ən yüksək səviyyədə etiraf edilir. Bu baxımdan diqqət, əsas problemlərdən biri kimi, elmin maliyyə təminatının lazımi səviyyədə olmaması faktına yönəldilir. Ümumiyyətlə, elmin strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olub-olmaması, ilk növbədə, hər bir ölkənin ümumi daxilil məhsulunda (ÜDM) elm sahəsinə ayrılan maliyyə vəsaiti əsasında müəyyənləşir. Müqayisə üçün bildirək ki, bu göstərici Avropa Birliyi ölkələrindən İsveçdə 3,9 faiz, Finlandiyada 3,5 faiz, Almaniyada 2,5 faiz, Fransada 2,1 faiz, Böyük Britaniyada 1,7 faiz, İspaniya və İtaliyada isə 1,1 faizdir.

Azərbaycanda 1980-1990-cı illəri əhatə edən dövrdə büdcədən elmə ayrılan xərclərin ÜDM-də payı 0,3-0,5 faiz hüdudlarında idisə, 2005-2010-cu illər ərzində bu rəqəm 0,5 faiz təşkil etmişdir. Hazırda bu göstərici qismən yüksəlsə də, bu artımla dünya miqyasında texnoloji sıçrayış etmək  çətindir.

Elmi işin təşkili ilə məşğul olan mütəxəssislər tərəfindən müəyyənləşdirilmiş və müxtəlif ölkələrin inkişafı timsalında öz tədqiqini tapmış normativ bir qənaət var: əgər hər hansı ölkədə elmin maliyyələşdirilməsi ÜDM-in 1 faizini təşkil edirsə, elm o ölkə üçün olsa-olsa sosial-mədəni funksiyanı yerinə yetirə bilər. Yəni, bu halda elm həmin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi və ictimai-siyasi həyatında proseslərə ciddi təsir göstərmək imkanına malik olmayan dekorativ fon statusunda mövcud olur. Əgər maliyyələşmənin həcmi ÜDM-in 2 faizini təşkil edirsə, elm bilik istehsal edər, 3 faizini təşkil edirsə, sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilər. Bu, dünyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrinin timsalında təsdiqini tapmış faktdır.

Elmin maliyyələşdirilməsi sahəsində əsas problem büdcədən maliyyələşdirmə sisteminin və mövcud mexanizmlərin müasir tələblərə cavab verməməsidir. Hazırda elmin maliyyələşdirilməsi akademik, sahəvi və ali məktəblərin mövcud elmi-tədqiqat subyektlərinin, ştat vahidlərinin, elmlər doktorlarının, elmlər namizədlərinin və digər kontingentin sayı baxımından həyata keçirilir. Elmin maliyyələşdirilməsində ünvanlılığın və prioritetliyin təmin edilməsinə ciddi ehtiyac var. Bunun üçün AMEA-da kadr və struktur islahatlarının davam etdirilməsi, bir-birinin təkrarlayan elmi-tədqiqat institutlarının birləşdirilməsi də səslənən təkliflər sırasındadır. 

Azərbaycanda elmin özünümaliyyələşdirmə sisteminə keçidinin təmin edilməsindən danışmaq hələ tezdir. Ola bilər ki, tətbiqi və fundamental elmlərlə bağlı elmi-tədqiqat institutları beynəlxalq qrant və patentlər əsasında yeni maliyyə mənbələri əldə edə bilirlər. Amma bunu ictimai və humanitar yönümlü elmi-tədqiqat institutlarına şamil etmək çətindir.

Ümumiyyətlə, bəşəriyyətin misli görünməmiş tərəqqi yolu keçdiyi ötən əsrdə sənayeləşmə, elmi-texniki, hərbi modernləşmə, kosmik tədqiqatlarla bağlı daha çox fundamental elmlər önə çıxmışdısa, XXI əsrin obyektiv reallıqları ictimai və humanitar elmlərin ictimai həyatdakı rolunu əhəmiyyətli dərəcədə yüksəltmişdir. Əslində, söhbət qarşısıalınmaz qloballaşma prosesi fonunda hər bir xalqın milli kimliyinin qorunub saxlanması vacibliyindən, bu mürəkkəb prosesdə ictimai və humanitar elmlərin rolunun əhəmiyyətli dərəcədə artmasından gedir.

Akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı  məqaləsində də bu məqamlar ciddi təhlil süzgəcindən keçirilərək göstərilir  ki, ictimai və humanitar elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etməklə dövlətin suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti, həmçinin, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını təşkil etmişdir.

Problemi aktuallaşdıran həm də odur ki, XXI əsrdə qarşısıalınmaz qloballaşma prosesləri tarixən özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq olmuş hər bir xalqı yad təsirlərə, yabançı “dəyərlər”in, ictimai düşüncədə həzm olunmayan “ənənələrin” hücumuna məruz qoyur. Ayrı-ayrı xalqların qəlibləşmiş milli mənəvi-əxlaqi dəyərlərini, mədəniyyətini sıradan çıxarmağa yönələn belə “kosmopolit” dəyərlərin təbliği daha geniş vüsət almışdır. Sivilizasiyalarası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, transmilli korporasiyaların sərhəd tanımayan fəaliyyəti kontekstində dünya iqtisadiyyatının sürətlə qloballaşması, nanotexnologiyaların inanılmaz templə inkişafı bəzən kiçik xalqların milli mədəniyyətinə, mənəvi dəyərlər sisteminə potensial təhdid qismində çıxış edir. Bəşəri və milli ideallar, zəngin dəyərlər ifrat praqmatikləşmiş sosial münasibətlər fonunda müəyyən aşınmaya məruz qalır, total mədəniyyət təzahürləri hakim mövqeyə keçir. Belə bir şəraitdə xalqın milli “Mən”inin, mənəviyyatının, mədəniyyətinin, adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin, ziyalıların, ümumən cəmiyyətin intellektual kəsiminin qarşısında yeni vəzifələr qoyur, onları neqativ meyillərə qarşı səfərbərliyə çağırır.

*  *  *

Elm - təhsil, bilik, müasirlik, savad, gələcəyə açılmış qapı deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda elm və təhsil sahəsində özünü göstərən qlobal problemlər əsaslı surətdə aradan qalxacaq, milli elmimizin keyfiyyət göstəricisi daha da yüksələcəkdir.

Xalid NİYAZOV,
Əməkdar jurnalist

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında