Şriftin ölçüsü:
19.09.2010 02:56 | Oxunma sayı: 782
Sentyabrın 18-də "Kaspi" Təhsil Mərkəzinin yaradılmasının üçilliyinə, onun nəzdindəki abituriyent şöbəsinin isə ikiillik hesabatına həsr olunmuş tədbir keçirilmişdir. Ənənəvi olaraq hər il keçirilən hesabat tədbirinin məqsədi isə tədris ili ərzində görülən işlər, qarşıda duran vəzifələrlə bağlı məlumat verməkdir. Hesabat abituriyent hazırlığı, xaricdə təhsil, xarici dil tədrisi üzrə istiqamətləri əhatə edir.
"Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva tədbirdə çıxış edərək mərkəzin fəaliyyəti, gördüyü işlər və uğurları barədə danışmışdır. Şura sədri bildirmişdir ki, mərkəz 2007-ci ilin mayında təhsil sahəsinə yeniliklər gətirmək və beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaq məqsədi ilə qurulmuşdir. Mərkəz öz işləri, uğurları barədə müntəzəm surətdə mətbuat vasitəsilə cəmiyyəti məlumatlandırır. Təhsil, tədris elə bir sahədir ki, bununla hər kəs məşğul ola bilməz. Bu işi görən şəxs təhsilə münasibətdə maarifçi olmalıdır. Təhsil, maarif işi ilə məşğul olan hər bir şəxsin məqsədi gələcəyi quran savadlı vətəndaşlar yetişdirməkdir. Mərkəzin əsas vəzifələri gənc vətəndaşların maarifçi təfəkkürünün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsi, tarixi "Kaspi" adının qorunub saxlanılmasıdır. "Kaspi" Təhsil Mərkəzi savadlı müəllim kollektivi, münbit dərs şəraiti, zəngin avadanlığa malik sinif otaqları ilə təmin olunmuşdur. Mərkəzdə dərslərin keyfiyyətinin artırılması məqsədi ilə xüsusi laboratoriyalar və kabinetlər abituriyentlərin istifadəsindədir. Bundan əlavə, mərkəzin minlərlə kitaba, DVD və CD-lərə malik zəngin kitabxana və oxu zalı da vardır. Mərkəzdə hər rüb ərzində mütəmadi olaraq sınaq imtahanları və hər ay valideynlər iclası keçirilir.
Mərkəz daim inkişafdadır və uğurları ildən-ilə artır. 2008-2009-cu tədris ilində mərkəzdə təhsil alan abituriyentlərin 84 faizi ali məktəblərə daxil olmuş, 20 nəfər isə xaricdə təhsil almağa göndərilmişdir. 2009-2010-cu tədris ilində isə mərkəzin abituriyentlərinin 94 faizi tələbə adını qazanmışdır. Qəbul olanların 10 faizi 600-700, 40 faizi isə 500-550 bal toplamışlar. Bu il mərkəzin xarici dil kursunu bitirən 32 nəfər Avropanın nüfuzlu ali məktəblərində təhsil alacaqdır.
2009-2010-cu tədris ilində "Kaspi" Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq "Abituriyent" təqaüdləri təsis etmişdir. Bu layihənin məqsədi istedadlı tələbələrin üzə çıxarılması və onların təhsilə olan marağının artırılmasıdır. "Kaspi" təqaüdçüləri mərkəzin ikimərhələli qəbul imtahanının və sınaq imtahanlarının nəticələrinə əsasən təyin olunur. "Kaspi" təqaüdləri tam, natamam və yarım təqaüd paketlərindən ibarətdir. Tam təqaüd paketini alan abituriyentlərə 50 manat pul verilir və onlar təhsil haqqından azad olunurlar. Natamam və yarım təqaüd paketlərini alan abituriyentlər isə 100 və 50 faiz olmaqla təhsil haqqından azad edilirlər.
Sona Vəliyeva cari tədris ilində mərkəzin fəaliyyət istiqamətləri haqqında da ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ilk olaraq yalnız xarici dil kursu ilə fəaliyyətə başlayan "Kaspi" Tədris Mərkəzi indi xarici ölkələrin nüfuzlu ali məktəblərinə yüksək səviyyəli tələbələr də hazırlayır. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiya və s. ölkələrin müxtəlif universitetlərində təhsil alırlar.
Hazırda "Kaspi" Təhsil Mərkəzində xarici dillər, kompyuter kurslarının, 7-12 yaşarası uşaqlar üçün xüsusi ingilis dili proqramlarının, TOEFL və DAAD proqramlarının, magistraturaya hazırlıq kurslarının fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır. Kurslar bütün fənlər üzrə Azərbaycan və rus bölmələrində qrup şəklində aparılır.
Mərkəzdə təhsil sahəsində yeni layihələrin hazırlandığı vurğulanmışdır. Belə ki, 5-6 yaşlı uşaqlar üçün əyləncəli və yay ingilis dili kurslarının, magistr və bakalavr səviyyəsində xaricdən dəvət olunmuş müəllimlərin hazırlıq kurslarının təşkili nəzərdə tutulur. Bundan əlavə, bu il mərkəz 2 beynəlxalq təhsil sərgisi keçirəcəkdir. 2011-ci ildən isə Azərbaycanda ilk dəfə olaraq "Kaspi" Təhsil Mərkəzində valideynlə mərkəz arasında "on-line" sistemi qurulacaqdır. Bu sistem vasitəsilə valideynlər övladlarının təhsili haqqında ətraflı məlumat ala biləcəklər.
Kursları bitirmiş və hazırda burada təhsil alanlar bildirmişlər ki, onların hədəfi xarici dilləri mükəmməl öyrənmək, kompyuter biliklərini genişləndirmək və beynəlxalq təhsil sisteminə inteqrasiya etməkdir.
Sonda kursları yüksək nəticələrlə bitirənlərə hədiyyələr təqdim olunmuşdur. Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.