Azərbaycan Tibb Universiteti - 80

Stomatoloji klinika və Azərbaycanda stomatoloq kadrları hazırlanmasının perspektivləri
Azərbaycan Tibb Universiteti ölkəmizdə tibbi və əczaçı kadrların, eləcə də hərbi - tibbi kadrların hazırlanması sahəsində fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. Universitetin kollektivi bu ali təhsil müəssisəsinin mövcud olduğu illər ərzində özünün əsas vəzifəsinə sadiq qalmış, ölkəmiz üçün yüksək səviyyəli tibbi, əczaçı və hərbi - tibbi kadrlar hazırlamaq sahəsində böyük işlər görmüşdür. Hazırda Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən 7 fakültədən biri stomatologiya fakültəsi, 3 klinikadan biri stomatoloji klinikadır. Həm stomatologiya fakültəsi, həm də stamotoloji klinika hazırkı səviyyəyə qalxanadək çətin və şərəfli bir yol keçmişdir.
İnsan bütün həyatı boyu stomatoloqa - diş həkiminə ehtiyac hiss edir. Odur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da diş həkimləri - dontistlər fəaliyyət göstərmişlər. Vaxtilə bu işlə heç bir tibb təhsili görməmiş insanlar məşğul olur və onlar bitki ekstraktlarının dəmləmələrindən ağrıkəsici maddə kimi istifadə edirdilər. Dişlərin primitiv cərrahiyyə əməliyyatlarını, yəni dözülməz diş ağrıları olanda onların çəkilməsini, əsasən dəlləklər yerinə yetirirdilər. Onlar heç bir aseptik və antiseptika qaydalara riayət etmədiklərindən xəstələr tez-tez ağır fəsadlarla üzləşirdilər. Azərbaycanda orta və ali təhsilli diş həkimlərinin yetişdirilməsinə, əsasən, 1919-cu ildən, yəni Bakı Universitetinin tibb fakültəsi yarandıqdan sonra başlanmışdır. 1925-ci ildə Azərbaycanda ilk dəfə Diş Həkimliyi Texnikumu, sonra isə Diş Həkimliyi İnstitutu yaradılmışdır. İnstitutun direktoru bacarıqlı həkim Ağamehdi Əlizadənin rəhbərliyi altında burada o dövrün məşhur alimləri müxtəlif fənlər üzrə tədris işləri aparmışlar. Sonralar görkəmli anatom kimi şöhrət qazanmış professor Kamil Balakişiyev bu institutda anatomiya fənni tədris etmişdir. Lakin 1930-cu ilnin may ayının 9-da o vaxtkı Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Tibb İnstitutu yaradıldıqdan sonra Diş Həkimliyi İnstitutu ləğv edilmiş və ATİ-nin müalicə-profilaktika fakültəsi nəzdində diş həkimliyi şöbəsi təşkil edilmişdir ki, bu da diş həkimlərinə olan ehtiyacı ödəməyə imkan yaratmışdır. Diş Həkimliyi İnstitutunun direktoru Ağamehdi Əlizadə normal anatomiya kafedrasında fəaliyyətini davam etdirmiş, K.Balakişiyevin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir.
Lakin diş həkimlərinə, yüksək ixtisaslı stomatoloqlara olan tələbat mühüm bir problem kimi qarşıda durduğu üçün 1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində sərbəst stomatologiya fakültəsi təşkil edilmişdir. Həmin dövrdə ATİ-nin rektoru, professor Bahadur Eyvazov, tədris işləri üzrə prorektor professor Kamil Balakişiyev, yeni yaradılan fakültənin ilk dekanı isə tanınmış əczaçı professor Rüstəm Əliyev olmuşdur.
Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə ilk tədris ilində 50 nəfər qəbul edilmiş, sonrakı illərdə onların sayı tədricən artırılmışdır. İlk illərdə kadr qıtlığı üzündən terapevtik, ortopedik və cərrahi stomatologiya kafedralarına dosent Əhməd Həsənzadə rəhbərlik etmişdir. Sonralar cərrahi stomatologiya kafedrasının inkişafı operativ cərrahlıq, topoqrafiq anatomiya, eləcə də transplantologiya sahələrində məşhurlaşmış böyük Azərbaycan alimi, əməkdar elm xadimi, professor Gülbala Qurbanovun adı ilə bağlı olmuşdur. Müəyyən müddət ortopedik stomatologiya kafedrasına professor Əliağa Əhmədov, terapevtik stomatologiya kafedrasına isə dosent Rüstəm Mirzəyev rəhbərlik etmişdir.
Keçmiş SSRİ dövründə ATİ-nin klinik kafedraları Səhiyyə Nazirliyinin xəstəxana və poliklinikalarında yerləşirdi. Tədris otaqlarının azlığı və lazimi avadanlıqların olmaması müəyyən çətinliklər yaradırdı. Son illərdə Tibb Universiteti klinikalarının açılması bu problemin həlli yolunda atılan ən ciddi və məqsədyönlü addım oldu.
Azərbaycan Tibb Universitetinin stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində təşkil olunmuşdur. Bu klinikanın yaranması stomatologiya fakültəsinin açılma tarixindən - 1954-cü ildən bu günə qədər ən önəmli və yaddaqalan hadisələrdən biri oldu. Bu, Azərbaycan Tibb Universitetində açılmış ilk klinika idi. Stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Burada terapevtik, cərrahi, ortopedik, uşaq stomatologiyası kafedraları və müalicə, pediatriya, tibbi- profilaktika və hərbi-tibb fakültələrinin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. ATU-nun stomatoloji klinikasının hazırkı direktoru ortopedik stomatologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Alqış Səfərovdur. Stomatoloji klinikanın ilk direktoru isə bu sətirlərin müəllifi olmuşdur. Universitetin stomatoloji klinikasının əsas fəaliyyət istiqaməti yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidməti təmin etməkdən ibarətdir.
Bu məqsədlə 4 mərtəbəli tədris-klinik bina əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və başqa ölkələrdə istehsal olunan avadanlıq və yeni stomatoloji qurğularla təchiz olunmuşdur. Binada yeni tədris otaqları yaradılmış, köhnələri müasir stomatoloci klinikanın tələblərinə uyğun olaraq əsaslı təmir edilmişdir. Rentgen-diaqnostika və kompyuter tədris kabinetləri tələbələrin istifadəsinə verilmişdir. Sterilizasiya sistemi köklü surətdə dəyişdirilərək avtoklavlaşdırma sisteminə keçilmişdir. Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsulları ilə əvəz olunmuşdur.
Əgər müqayisəli təhlil aparsaq görərik ki, son 10 ildə Azərbaycanda tibbin ən çox inkişaf edən, ən çox elmi yeniliklərlə zənginləşən sahəsi stomatologiya sahəsi olmuşdur. Bu mərhələni stomatologiyanın sıçrayışlı inkişaf mərhələsi adlandırmaq olar. Bunun nəticəsində ölkədə müalicə-profilaktik işlərdə köklü dəyişikliklər baş vermişdir.
Azərbaycan Tibb Universitetinin 9 kafedrası və bir kursu stomatologiya fakültəsi dekanlığının rəhbərliyi altında fəaliyyət göstərir: 1. Terapevtik stomatologiya (kafedra müdiri professor Çingiz Paşayev), 2. Ortopedik stomatologiya (kafedra müdiri professor Elxan Kərimov); 3. Ağız və üz-çənə cərrahiyyəsi (kafedra müdiri professor Çingiz Rəhimov); 4. Uşaq stomatologiyası (kafedra müdiri professor Rəna Əliyeva); 5. Stomatologiya (müalicə-profilaktika, pediatriya, tibbi-profilaktika və hərbi-tibb fakültələri üçün - kafedra müdiri, professor Tamara Hüseynova); 6. Qulaq, burun, boğaz və qulaq xəstəlikləri (kafedra müdiri professor Əzizağa Talışinski); 7. Operativ jərrahlıq və topoqrafiq anatomiya (kafedra müdiri professor Loğman Məmmədov), 8. Xarici dillər (kafedra müdiri dosent Zenfira Məmmədova); 9. Bədən tərbiyəsi və idman (kafedra müdiri professor Kamal Kəbirlinski); 10. Həkim nəzarəti və müalicə-bədən tərbiyəsi kursu- stomatologiya fakültəsinin kafedralarında 270 nəfər professor-müəllim heyəti və köməkçi tədris personalı fəaliyyət göstərir. Dekan terapevtik stomatologiya kafedrasının dosenti Rizvan Məmmədovdur.
Stomatologiya fakültəsi elmi şurasının 25 üzvü vardır. Onlardan 12 nəfəri professor, 10 nəfəri dosent, 3 nəfəri tələbə təşkilatı fəallarıdır.
Azərbaycan Tibb Universiteti tarixində stomatologiya fakültəsi tədrisin kredit sistemi ilə məşğul olan sayca ikinci fakültə olmuşdur. Bundan bir il əvvəl həmin sistem tibbi - profilaktika və tibbi biologiya fakültəsində tətbiq edilmişdir ki, bu da universitetin bu sistemə bütövlükdə tədrici keçidi ilə ATU-da tədrisin boloniya prosesinin Avropa Kredit Sisteminə keçilməsi istiqamətində tədris proqramlarında müvafiq dəyişikliklər aparılır.
Yarandığı vaxtdan sonra stomatologiya fakültəsinin profil kafedralarındakı tələbələrin tədris ili üzrə ümumi sayı 50-də 1090 nəfərə qədər artmışdır. Xarici tələbələrin sayı isə 362- yə çatmışdır. Bu gün fakültənin 36 faizini 14 ölkədən - Finlandiya, ABŞ, Türkiyə, Əfqanistan, Səudiyyə Ərəbistanı, Filippin, Gürcüstan, İran, İrak, Pakistan, İordaniya, Fələstin, Suriya və digər ölkələrdən gəlmiş tələbələr təşkil edir. Bu, ölkəmizdə, o cümlədən ATU-da gedən inkişafın, demokratik mühitin və tolerantlığın nümunəsidir.
Tələbələrimiz təhsilini bitirdikdən sonra istədiyi ölkələrdə təhsillərini davam etdirmək və işləmək hüququna malikdirlər.
Ümumiyyətlə, stomatologiya fakültəsinin kafedralarında və klinikada 194 professor-müəllim heyəti çalışır ki, onlardan 8 nəfəri tibb elmləri doktoru, professor, 26 nəfəri dosent, 85 nəfəri tibb üzrə fəlsəfə doktoru, assistentdir. Stomatologiya fakültəsinin ilk buraxılışı 1959-cu ildə olmuşdur. O vaxtdan indiyə qədər burada 8 mindən çox həkim-stomatoloq hazırlanmışdır. Məzunlarımız ölkəmizdə, eləjcə də müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Azərbaycan Tibb Universitetində yaradılmış ikinci klinika onkoloji klinika olmuşdur və bu klinika da müasir avadanlıqlarla təchiz olunmuş yeni binada artıq 3 ildir ki, yüksək səviyyədə fəaliyyət göstərir.
Yubiley ərəfəsində yeni tədris ilində Azərbaycan Tibb Universitetinin müasir avadanlıqlarla təchiz olunmuş yeni terapevtik klinikası tələbələrin və müəllimlərin istifadəsinə veriləcəkdir. Cərrahi klinikanın tikinti işləri isə başa çatmaq üzrədir.
Beləliklə, Azərbaycan Tibb Universitetinin maddi-texniki bazalarının müasir tələblərə uyğun səviyyəyə çatdırılması, müxtəlif profilli yeni universitet klinikalarının açılması dövlətin insanların sağlamlığı keşiyində duran yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasına xidmət edən təhsil müəssisəsinə töhfəsidir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə və səhiyyəyə göstərdiyi yüksək qayğı və diqqətin bariz nümunəsidir.
ATU-nun ölkəmizdə yüksək ixtisaslı həkim -stomatoloq kadrları hazırlanmasında mühüm rol oynayan ilk klinikası olan stomatoloji klinikanın və stomatologiya fakültəsinin bütün əməkdaşları Azərbaycan Tibb Universitetinin 80 illik yubileyini yeni nailiyyətlərlə qarşılayırlar. Bu şərəfli yubiley münasibətilə həm stomatoloji klinikanın əməkdaşları və bu klinikanın bazasında yerləşdirilmiş bütün kafedraların professor-müəllim heyəti, həm də bütün stomatoloqlar adından ölkəmizin tibb işçilərini, Azərbaycan Tibb Universiteti kollektivini ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayıram.

{nl}

Zöhrab QARAYEV, ATU-nun ortopedik stomatologiya kafedrasının professoru, tibb elmləri doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında