Müəllim hər bir cəmiyyətin elitasıdır...
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
İndi hamı tərəfindən etiraf olunan tarixi həqiqətlərdən biri də budur: əslində xalqımızın milli dövlətçiliyinə gedən yol 1969-cu il 14 iyundan - ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildiyi dövrdən başlayır. Xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi missiyası o dövrdə millətin daxilində toplanan milli ruhu və ideyaları sovet rejiminin hücumlarından qorumaq, milli özünüdərkin və milli şüurun yüksəlişini təmin etmək olmuşdur. Təsadüfi deyildir ki, Heydər Əliyevin respubilka rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdərkin başlanğıcı kimi qəbul edilir.
Müəllim hazırlığına, ali təhsilli müəllimlərin sayının artırılmasına, kənd məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsinə o illərdə xüsusi diqqət verilirdi. 1969-cu il sentyabrın 1-i üçün Azərbaycan məktəblərində çalışan 74 min müəllimin yalnız 50 faizinin ali təhsili var idi. Heydər Əliyev bu sahədə vəziyyətin düzəldilməsi istiqamətində qətiyyətli tədbirlər sistemi hazırlayıb həyata keçirdi. Respublikanın ucqar rayonlarından gənclərin ali pedaqoji məktəblərə müsabiqədənkənar qəbulu sahəsində o vaxt ardıcıl işlər görüldü. 1981-ci ildə, Azərbaycanın maarif işçilərinə mükafatların təqdim olunma mərasimindəki çıxışında ulu öndər deyirdi ki, müəllim sənəti şərəfli və gözəl sənətdir. Qədimdən xalqımızın içərisində ən mötəbər və ləyaqətli adamları müəllim çağırmışlar.
Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrə qayğısını artırır, müəllimlərə böyük diqqət göstərirdi. Ulu öndər hakimiyyətə gələrkən, respublikada cəmi 13 ali məktəb var idi. Ötən əsrin 70-80-ci illərində həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanın ali məktəb sistemində böyük dəyişikliklər əmələ gəldi.
Naxçıvanda və Xankəndində Pedaqoji İnstitutun filialları açıldı. Politexnik İnstitutunun inşaat və arxitektura fakültələrinin bazası əsasında İnşaat Mühəndisləri İnstitutu yaradıldı. Rus dili və Ədəbiyyatı, Xarici Dillər institutları təşkil edildi. 1981-ci ildə Texnologiya İnstitutunun yaradılması ilə respublikada fəaliyyət göstərən ali məktəblərin sayı 18-ə çatdırıldı.
1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı zamanı erməni işğalçıları ölkə ərazisinin beşdə bir hissəsini işğal etmişdi. Azərbaycanda qaçqınlar və məcburi köçkünlər ordusu yaranmışdı. Dağıdıcı qüvvələr Azərbaycanı talan etmişdi. Ölkənin təhsil sistemi demək olar ki, bərbad hala salınmışdı. Cəmiyyətin və dövlət həyatının bütün sahələrini əhatə edən dərin böhran öz mənfi təsirini təhsil sistmində də göstərirdi. 1993-cü ildə Heydər Əliyevin qarşısında duran başlıca vəzifələrdən biri də təhsil sistemində böhranlı vəziyyətin tez bir zamanda aradan qaldırılması idi.
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilini inkişaf etmiş qabaqcıl dünya dövlətlərinin təhsil standartları ilə əlaqələndirməyə və həmin standartlara cavab verən mükəmməl milli təhsil proqramının ərsəyə gəlməsinə və həyata keçirilməsinə nail oldu. Azərbaycanın ali təhsil tarixində ilk dəfə 1993 - 1994-cü dərs ilindən etibarən ikipilləli ali təhsilə - 4 illik bakalavriat və 2 illik magistratura təhsil sisteminə keçildi. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev Azərbaycan təhsil sisteminin daha da inkişaf etdirilməsinə, onun ixtisas nomenklaturasının genişləndirilməsinə nail oldu. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Rəssamlıq Akademiyası, Dənizçilik Akademiyası, Ali Diplomatiya Akademiyası və s. ali təhsil müəssisələri yaradıldı.
Azərbaycan Müəllimlər İnstitutu da belə təhsil ocaqlarındandır. Həmin institutun respublikamızın bölgələrdəki filiallarından biri də Ağcabədi rayonunda fəaliyyət göstərir. 2009 - 2010-cu tədris ilində filialda 4 ixtisas üzrə 451 tələbə təhsil almışdır. Hazırda filialda 4 kafedra: "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat, fizika və onların tədrisi metodikası", "Humanitar fənlər" və "Ümumi elmi fənlər" kafedraları fəaliyyət göstərir.
Tələbələrin təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olur. Onlardan 1 nəfəri elmlər doktoru - professor, 8 nəfəri elmlər namizədi - dosent, 7 nəfəri elmlər namizədi, baş müəllim - 21 nəfəri baş müəllim, 1 nəfəri respublikanın əməkdar müəllimi, 11 nəfəri isə müəllimdir.
Etiraf etməyi lazım bilirik ki, 2007-ci ilə qədər filialda vəziyyət o qədər də ürəkaçan olmamışdır. Naharatlıq doğuran məsələ maddi-texniki bazanın bərbad halda olması idi. Məsələ burasındadır ki, filial keçmiş texniki-peşə məktəbinin binasında yerləşirdi. Uzun illər ərzində heç olmasa cari təmir edilməyən binada normal dərs keçmək mümkün deyildi. Əksəriyyəti qızlardan ibarət olan filialda auditoriyalar döşəməsiz-tavansız, pəncərələrin çoxu sınıq-salxaq idi. Göyün üzünə bulud gələn kimi sinif otaqları, fənn kabinetləri, dəhlizlər suyun içində olurdu. Qış aylarında auditoriyalar, demək olar ki, qızdırılmırdı.
Əlbəttə, belə vəziyyətə dözmək qeyri-mümkün idi. Ona görə də respubilika Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər İnstitutunun rəhbərlərinin yaxından köməyi ilə binanın əsaslı təmirinə başladıq. Bundan başqa, ayrıca xətt çəkildi, elektrik və istilik sistemi qaydaya salındı. İndi filialımızın binası öz görkəmini əsaslı şəkildə dəyişmiş, müasir, abad və yaraşıqlı təhsil ocağına çevrilmişdir.
Ali məktəb, əlbəttə, ilk növbədə, öz elmi potensialı, savadlı, səviyyəli və təcrübəli kadrları ilə fərqlənməlidir. Təəssüf ki, uzun illər ərzində filialda bu vacib məsələ diqqətdən kənarda qalmış, dissertasiya müdafiəsi, elmi axtarışlar yaddan çıxmışdır. Son illər isə vəziyyət əsaslı şəkildə dəyişmişdir. Belə ki, respublika mətbuatında filial əməkdaşlarının müxtəlif elm sahələrini əhatə edən 3 monoqrafiyası, 3 metodik tövsiyəsi, 1 dərs vəsaiti, 48 elmi-metodiki məqaləsi çap olunmuşdur. Əməkdaşlarımızdan əsərləri hətta xaricdə çap olunanı da var.
Bundan başqa 3 metodik vəsait və 26 məqalə çapa təqdim olunmuşdur. Ümumiyyətlə, 2009 - 2010-cu tədris ilində 4 kafedra üzrə müəllimlərin 49 elmi tədqiqat işi müəyyənləşdirilmişdir.
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Qarabağ bölgəsində yeganə ali təhsil ocağıdır. Ona görə də çalırışıq ki, filial nəinki Ağcabədi rayonunda, bütövlükdə bölgədə elmi-pedaqoji, ədəbi-mədəni və ideoloji mərkəzə çevrilsin. Bu məqsədimizə nail olmuşuq. Təsadüfi deyil ki, əsas siyasi hadisələrə, əlamətdar ildönümlərinə həsr olunmuş yığıncaq və konfranslar keçirilir, ədəbi-bədii görüşlər, diskussiyalar təşkil olunur.
Yeri gəlmişkən, mən burada respublika Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər İnstitutunun, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Filialda işin daha yaxşı təşkili üçün nə vaxt onlara müraciət etmişiksə dərhal müsbət həllini tapıb. Bu kömək və etimad, əlbəttə, bizə əlavə güc və stimul verir, daha yaxşı işləməyə ruhlandırır.
Bu gün Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar mühit mövcuddur. Filialın peşəkar müəllim heyəti, bütövlükdə kollektivimiz yeni dərs ilində əldə edilmiş uğurları daha da artıracaq, müəllim hazırlığı kimi məsul və şərəfli işdə, elmi-pedaqoji fəaliyyətdə yüksək nəticələr əldə edəcəklər.
{nl}
Xəqani MƏMMƏDOV, Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının direktoru, tarix elmləri doktoru, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.