Bakıda Avropa Tələbələr Birliyi idarə heyətinin 67-ci iclası keçirilir

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşkilatçılığı ilə noyabrın 30-dan dekabrın 6-dək Bakıda Avropa Tələbələr Birliyi (ESU) idarə heyətinin 67-ci iclası keçirilir.

AzərTAc xəbər verir ki, dekabrın 2-də dövlət qurumlarının, QHT-lərin nümayəndələrinin, azərbaycanlı və avropalı tələbələrin iştirakı ilə iclasın açılışı olub.

Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, iclasda Avropanın 30-dan çox ölkəsinin 120-dən artıq təmsilçisi iştirak edir. Nazir deyib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlarda gənclərin də rolu böyükdür. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışan Azad Rəhimov gənclər siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, müvafiq dövlət proqramlarının qəbul edildiyini vurğulayıb. Nazir Azərbaycanda çoxlu sayda gənclər təşkilatlarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Cəmiyyətdə gənclərin mühüm rol oynadıqlarını bildirən A.Rəhimov tələbələrimizin dövlət hesabına xaricdəki yüksək səviyyəli universitetlərdə təhsil aldıqlarını söyləyib. Nazir bu yaxınlada Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirildiyini xatırladıb. O, həmçinin qeyd edib ki, 5 il əvvəl yaranan ATGTİ Avropa Tələbələr Birliyinin fəal üzvlərindəndir.

Azad Rəhimov gənclərin ölkənin idman həyatında yaxından iştirak etdiklərini söyləyib. Nazir deyib: “Azərbaycan gələn il “Bakı-2015” ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz gənclər tərəfindən irəli sürülən layihələri dəstəkləyirik. Avropa Tələbələr Birliyinin iclası gənclərin bir yerə toplaşmaları baxımından Avropa ölkələri və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İclasda maraqlı müzakirələr aparılacaq, görüşlər keçiriləcək".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov ölkəmizin son illər inkişaf tempinə görə dünyada ən qabaqcıl dövlətlər sırasında olmasından, 10 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə artmasından danışıb. Qeyd edib ki, iqtisadiyyat sahəsində əldə edilən uğurlar gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə də imkan yaradıb. 

Tahir Süleymanov deyib ki, bu uğurların təməlində ictimai-siyasi sabitlik və dövlətimizin həyata keçirdiyi köklü islahatlar dayanır.

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan şöbə müdirinin müavini Avropa Tələbələr Birliyinin Bakıda keçirilən bu toplantısının önəmini qeyd edib.

T.Süleymanov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşərək hüquqlarının kobud şəkildə pozulduğunu, onların arasında gənclərin də olduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən avropalı tələbələrə Azərbaycanda elm və təhsilin inkişafına göstərilən diqqət və qayğı barədə danışan T.Süleymanov qeyd edib ki, məhz bunun nəticəsində son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edib.

Avropa Tələbələr Birliyinin sədri xanım Elizabet Gerken 2012-ci ildən ATGTİ və Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq etdiyini deyib. Diqqətə çatdırıb ki, bu iclas həm də gənclərin Azərbaycan haqqında məlumat əldə etmələrinə şərait yaradacaq. O, Azərbaycan Tələbələr Birliyinin və ATGTİ-nin Avropa Tələbələr Birliyinin iclaslarında fəal iştirak etdiklərini vurğulayıb.

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov müxtəlif ölkələrdən gəlmiş tələbələrin mövqeyinin ortaya qoyulması, qərarların qəbulu baxımından bu iclasın önəmini qeyd edilib.

ATGTİ-nin sədri Şahin İsmayılov qarşılıqlı təcrübə mübadiləsinin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi və gələcəkdə birgə fəaliyyətin qurulmasında Bakı toplantısının mühüm rol oynayacağını diqqətə çatdırıb.

Sonra avropalı qonaqlara Azərbaycan dövlətinin gənclər və təhsil siyasəti, tələbə QHT-lərinin fəaliyyəti haqqında məlumat verilib.

İclasda ölkəmizdə artıq formalaşmış tələbə hərəkatının inkişafı, tələbə haqları, tələbələrin mobilliyi və s. kimi mövzular müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Xatırladaq ki, Azərbaycan Tələbələr Birliyi 2009-cu ildən, ATGTİ isə 2012-ci ildən Avropa Tələbələr Birliyində təmsil olunur.

İdarə heyətinin iclaslarının keçirilməsində məqsəd ATB-yə tamhüquqlu üzv olan təşkilatları təmsil etdikləri ölkələrdə təhsil sahəsində gedən proseslər haqqında məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında