Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir.
Heydər ƏLİYEV
Ümummilli lider
1918-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikası bir sıra sahələrdə yeniliklərə imza atdığı kimi, elm və təhsil sahəsində də irəli gedərək Bakıda ilk ali təhsil ocağının əsasını qoydu.
Bakı Dövlət Universitetinin ilk rektoru görkəmli tibb alimi, ictimai xadim və maarifçi, əvvəllər Kazan, Saratov və Tiflis universitetlərinin rektoru işləmiş Vasili İvanoviç Razumovski olub. Professor V. Razumovski çıxışlarının birində demişdir: “Azərbaycan öz ali maarif ocağını yaratdı və bu, türk xalqının tarixinə yeni parlaq səhifə oldu... Sanki Avropa ilə Azərbaycanın qovuşuğunda yeni çıraq yandı”.
1919-1920-ci tədris ilində universitetin tarix-filologiya və tibb fakültələri təşkil olunur. Bu fakültələrə 887 nəfər tələbə, 217 nəfər isə azad dinləyici qəbul olunmuşdu. Universitetdə dərslər 1919-cu il noyabrın 15-də başlandı.
İlk tədris ilində Bakı Dövlət Universitetində 44 müəllim, o cümlədən, 12 professor, 4 dosent vardı. Universitetin akademik tərkibində 9 nəfər azərbaycanlı müəllim çalışırdı. Məhəmməd Əmin Rəsulzadə, Rəşid xan Kapiyanov, Həmid bəy Şahtaxtinski, Mustafa bəy Topçubaşov, Məmmədağa Şahtaxtinski və başqaları onların arasında idi. Universitetdə dərslər rus dilində aparılırdı.
Universitetin tarixində 2-ci mərhələ sovet dövrünü əhatə edir. Azərbaycanda sovet hakimiyyətinin ilk günlərindən universitetdə tədrisin həm rus, həm də Azərbaycan dillərində aparılması təşkil olunmuşdur. Universitetdə təhsili yaxşılaşdırmaq, onu günün tələbləri səviyyəsinə qaldırmaq üçün Rusiyadan, Şərqi Avropadan yaxşı tanınmış, yüksək ixtisaslı mütəxəssislər universitetdə dərs demək üçün dəvət olunmuşdular.
1926-cı ilə kimi bir neçə rus alimi - V.İ.Razumovski, İ.İ.Şirokoqorov, S.N.Davidenko, A.D.Qulyayev Azərbaycan Dövlət Universitetinin rektorları olmuşlar. 1926-cı ildə istedadlı publisist, yazıçı, pedaqoq Tağı Şahbazi universitetin ilk azərbaycanlı rektoru təyin edilmişdir.
Sovet hakimiyyətinin ilk günlərindən başlayaraq Xalq Maarif Komissarlığının göstərişi ilə Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji kadrların hazırlanmasına diqqət yetirilmişdir. 1923-cü ildə universitetdə tibb, tarix-filologiya, Şərq fakültələri fəaliyyət göstərirdi. 1928-ci ildə isə Şərq fakültəsinin bir şöbəsi kimi fəaliyyət göstərən hüquq şöbəsi müstəqil bir fakültəyə çevrildi.
1929-cu ildə universitetin fəaliyyətini yüksəltmək üçün Azərbaycan və rus dillərində qiyabi pedaqoji təhsil verən şöbələr açılmışdır. O dövrdə tələbələr üçün Azərbaycan dilində dərsliklər və dərs vəsaitləri hazırlanması müəllimlərə tövsiyə olunmuşdur.
1930-cu ilə kimi Azərbaycan Dövlət Universitetində M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, X.Cəfərov və başqaları dissertasiya müdafiə edərək elmlər namizədi və elmlər doktoru adlarına layiq görülmüşlər.
1930-cu ildə universiteti 300 nəfər gənc kadr bitirmişdir. Həmin il universitetin 10 illiyi təntənəli surətdə qeyd olunmuşdur.
1930-cu ildə universitetin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılmış və Xalq Səhiyyə Komissarlığının tabeliyinə verilmişdir.
Universitetin pedaqoji fakültəsi isə Ali Pedaqoji İnstituta çevrilmişdir. Habelə, hüquq fakültəsi Sovet Quruculuğu və Hüquq İnstitutuna çevrilərək, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyinə keçmişdir.
Universitetin iqtisad fakültəsi Ticarət—Kooperativ İnstitutuna, fakültənin sənaye-iqtisad şöbəsi isə Neft İnstitutuna verilməklə müstəqil fakültəyə çevrilir. Beləliklə, universitetdə parçalanma əmələ gəlir və BDU ləğv olunur. 1934-cü ildə Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlayır. Universitet bərpa olunduqdan sonra onun ilk rektoru Məmməd Kazım Ələkbərli olmuşdur. 1939-cu ildə universitetdə müstəqil filologiya fakültəsi yaradılmışdı. İllər bir-birini əvəz etdikcə fakültələrlə yanaşı, universitetdə yeni kafedralar da açılırdı. 1940-1941-ci tədris ilində universiteti bitirənlərin sayı 365 nəfər olmuşdur.
II Dünya müharibəsinin başlanması bütün sahələrdə olduğu kimi, universitetdə də təlatüm yaratdı. Müəllimlərin, tələbələrin, işçilərin çoxu müharibəyə səfərbər olundu. Müharibəyə ilk gedənlərdən biri universitetin rektoru C.Ələsgərov olmuşdur. Qısa bir müddətdə universitetdən 1385 nəfər, o cümlədən, 159 nəfər akademik işçi, 23 nəfər aspirant, 1203 nəfər tələbə səfərbər olunmuşdur. Cəbhəyə gedənlər arasında 200-dən çoxu qadın olmuşdur. 1941-1942-ci tədris ilində fəaliyyət göstərən Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Qiyabi Pedaqoji İnstitutu, Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi İnstitutu, Xarici Dil Müəllimləri İnstitutu universitetlə birləşmişdir.
1941-1942-ci tədris ilində Azərbaycan Dövlət Universitetində 9 fakültə, 54 kafedra, 42 kabinet və laboratoriya fəaliyyət göstərirdi. 1942-ci ildə universitetdə yeni geoloji-coğrafiya fakültəsi, fizika-riyaziyyat, kimya fakültələrinin qiyabi şöbələri açılmışdır. Eyni zamanda, universitetin yanında elmi-tədqiqat riyaziyyat və fizika institutları təşkil olunmuşdur.
II Dünya müharibəsi qurtardıqdan sonra universitetdə yeni canlanma əmələ gəlmiş, filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi, tarix fakültəsinin nəzdində isə fəlsəfə şöbəsi açılmışdır. Filologiya, tarix, hüquq, geoloji-coğrafiya fakültələrində təhsilin müddəti 5 ilə qaldırılmışdır. 1945-ci ildə isə şərqşünaslıq fakültəsi fəaliyyətə başlamışdır. II Dünya müharibəsindən qayıtmış müəllimlər və tələbələr universitetə bərpa edilmişdi.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılmışdı. Universitetin yüksək ixtisaslı alimləri və əlaçı tələbələri akademiyanın müxtəlif şöbələrinə işə qəbul olunmuşdu.
1964-cü ilin birinci yarısında universitet üçün yeni bina tikilib istifadəyə verildi.
1969-cu ildə universitetin 50 illik yubileyi təntənə ilə qeyd edildi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev universitetin 50 illik yubileyi mərasimində təntənəli surətdə bu təhsil ocağının bayrağına Qırmızı Əmək Bayrağı ordenini sancdı.
Heydər Əliyev çıxışında dedi: “Azərbaycan torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir... Azərbaycan Dövlət Universitetinin tarixi xidməti bir də ondadır ki, o, Azərbaycan xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır”.
Universitetin professor və müəllimləri 1969-79-cu illər ərzində 152 monoqrafiya, 318 dərslik, dərs vəsaiti, habelə yüzlərlə elmi məqalə yazıb çap etdirmişdilər. Bu dövrdə doktorların və elmlər namizədlərinin sayı da xeyli artmışdı.
Heydər Əliyev bütün fəaliyyəti dövründə Bakı Dövlət Universitetinə böyük qayğı ilə yanaşmışdır. Ulu öndər 1970-ci il dekabr ayının son günü universitetin IV partiya konfransında iştirak etmişdir. O, konfransdakı çıxışında demişdir: “Azərbaycan Dövlət Universiteti böyük və şərəfli tarixə malikdir... Universitet müəllimləri universitetdə tələbələrin təlim-tərbiyə və elmi işinin təkmilləşdirilməsində fəal iştirak etməklə yanaşı, öz borclarını müvəffəqiyyətlə həyata keçirirlər”.
Bakı Dövlət Universitetinə həmişə böyük qayğı göstərən Heydər Əliyev universitetin 50, 60, 75 illik yubileylərində yaxından iştirak etmiş və nitq söyləmişdir. Universitetin 75 illik yubileyində çıxış edərkən demişdir: “Xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyinin, 60 illik yubileyinin də iştirakçısı olmuşam. İndi universitetin 75 illik yubileyinin iştirakçısıyam”. Yubiley komissiyasının sədri olan Heydər Əliyev vurğulamışdır ki, “Azərbaycan Dövlət Universitetinin 75 illik yubileyi Azərbaycan xalqının böyük yubileyidir”.
Dünya ölkələrindən respublikamıza gəlmiş görkəmli dövlət və hökumət adamları, tarixi şəxsiyyətlər, adlı-sanlı alimlər də vaxtaşırı universitetin qonaqları olarkən universitetin fəxri doktoru adına layiq görülmüşlər. Ümumiyyətlə, 90-cı yubiley ilinə kimi universitetin 34 nəfərdən çox fəxri doktoru var idi. Onlar universitetin şan-şöhrətinin bütün dünyaya çatdırılmasında yaxından iştirak edən tarixi şəxsiyyətlərdir.
Bakı Dövlət Universitetinin fəxri doktorları arasında Heydər Əliyevin də adı vardır. Bakı Dövlət Universitetinin adını yüksəkliyə qaldırdığına görə universitetin böyük elmi şurası 1994-cü il 28 oktyabr tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyevə universitetin fəxri doktoru elmi adının verilməsi haqqında qərar qəbul etmişdir.
Uzun illər BDU-da dərs deyən müxtəlif ixtisaslı görkəmli alimlər, yazıçılar, dilçilər, kimyaçılar, fiziklər, bioloqlar, geoloqlar, hüquqşünaslar, filosoflar və digərləri universitetin adını həmişə ucaltmışlar. Mərhum Əziz Əliyev, Məmmədağa Şirəliyev, Məmməd Arif Dadaşzadə, Əli Quliyev, Həmid Araslı, Cümşüd Zülfüqarlı, Zülfəli İbrahimov, Zahid Xəlilov, Vahid Qəhrəmanov, Mir Cəlal Paşayev, Qoşqar Əhmədov, Faiq Bağırzadə, Məmməd Qaziyev, Mehdi Əliyev, Məmməd Xələfov, Mirəli Axundov, Fuad Qasımzadə, Həsən Şirəliyev, Arif Babayev, Həmid İmanov və onlarca başqalarını bu sırada göstərmək olar.
Universitetdə 70-ci illərdə Koreyadan, Çindən, Türkiyədən, İrandan, Polşadan, Birləşmiş Ərəb Əmirliyindən və s. ölkələrdən gəlmiş 1300-ə yaxın xarici vətəndaş 16 ixtisas üzrə təhsil almışdır. Təkcə onu qeyd edim ki, Vyetnam Sosialist Respublikasının xalq təsərrüfatı üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə Bakı Dövlət Universiteti 1978-ci ildə Vyetnamın “Dostluq Ordeni”nə layiq görülmüşdür.
Bakı Dövlət Universiteti dünya şöhrətli alimləri ilə fəxr edir. Yusif Məmmədəliyevin, Abdulla Qarayevin, Heydər Hüseynovun, Şəfaət Mehdiyevin, Zahid Xəlilovun, Əşrəf Hüseynovun, Məcid Rəsulovun, Mirəli Qaşqayın, İsmayıl Hüseynovun, Abel Məhərrəmovun və başqalarının adı respublikamızın hüdudlarından kənarda da fəxrlə çəkilir. Universitetin tanınmış alimləri ilə yanaşı, onun yetişdirmələri də dünyanın müxtəlif guşələrində - Rusiya Federasiyasında, Əfqanıstanda, Çində, Fransada, Almaniyada, İngiltərədə, ərəb dövlətlərində, Türkiyədə, İsraildə, Yaponiyada və digər ölkələrdə çalışırlar.
Bakı Dövlət Universiteti uzun illər boyu xalqımızın fəxri olan ictimai xadimlər, yazıçılar, şairlər, yaradıcı ziyalılar da yetişdirmişdir. Onların arasında zəmanəmizin böyük azərbaycanlısı, müasir dövrün görkəmli siyasi xadimi, ulu öndərimiz Heydər Əliyevin də adı vardır.
BDU dünyanın bir sıra ölkələrinin ali məktəbləri ilə əlaqələr yaratmışdır. Bu dostluq əlaqələri getdikcə genişlənir və artır. Müasir dövrdə bu əlaqələr ikitərəfli xarakter daşıyır. Universitetdən digər ali məktəblərə, onlardan isə universitetə tələbə mübadiləsi həyata keçirilir.
Bakı Dövlət Universitetinin 80 illik yubileyi 2000-ci ildə keçirilmişdir. Yubiley günündən bir gün əvvəl Heydər Əliyev Prezident sarayında universitetin bir qrup müəllimi və xarici ölkələrdən yubileyə gəlmiş qonaqlarla görüş keçirmişdir. Heydər Əliyev görüşdə universitetin ünvanına xoş sözlər söyləmişdir. Eyni zamanda, universitetin bir neçə müəllimini elm və təhsil sahəsindəki xidmətlərinə görə orden və medallarla, fəxri adlarla təltif etmişdir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ərəfəsində yeni korpusu tikilib istifadəyə verilmişdir. Bu korpusun tikilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox böyük rolu olmuşdur.
2008-ci il sentyabrın 15-də Bakı Dövlət Universitetinin yeni korpusunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Mən bu gün çox şadam ki, Bakı Dövlət Universiteti təzə korpusunun açılışı ilə tələbələrə, müəllimlərə yeni şərait yaradır. Bu binanın tikilməsi üçün illərdir ki, işlər aparılırdı. Ancaq görülən əlavə tədbirlər nəticəsində, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin hesabına bu korpusun tikintisi tezliklə başa çatmışdır və bu gün həm tələbələrin, həm də müəllimlərin ixtiyarına verilir”.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin fəsadları Bakı Dövlət Universitetindən də yan keçməmişdir. Universitetin yüzlərlə tələbəsi torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, cəbhədə 20 nəfərdən çox universitet tələbəsi şəhid olmuşdur. Şəhid olmuş tələbələrin adlarını əbədiləşdirmək üçün rektorun təşəbbüsü ilə universitetin həyətində şəhidlərin xatirəsinə abidə ucaldılmışdır.
2000-ci ildə Bakı Dövlət Universitetinə ulu öndər Heydər Əliyev tərəfindən özünüidarəetmə - muxtariyyət statusu verilmişdir. Bu status universitetdə təhsilin təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübələrinin universitetdə tətbiqi tədris-təcrübə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönümlü addımlar atılmasına kömək edir.
1999-cu ildən Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsində işləyir. Bu müddətdə BDU öz simasını başdan-başa dəyişmişdir. Universitetin 24-cü rektoru olan akademik Abel Məhərrəmovun rəhbərliyi ilə universitetdə böyük təmir-abadlıq işləri aparılmışdır. Son dövrlər universitetin həyətində yaradılmış yaşıllıqlar səliqə-sahman, gül-çiçək zövq oxşayır. Universitetin həyətində yaradılmış fəvvarələr, şəlalələr bu gözəlliyi daha da artırır. Universitetin bütün daxili forması da dəyişmişdir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli fərmanı ilə universitetin 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüd, orden və medallar verilmişdir.
Hazırda Bakı Dövlət Universitetinin 95 illik yubileyidir. Son 5 ildə universitetdə bir sıra digər yeniliklər də edilmişdir. Universitetdə ekologiya və torpaqşünaslıq fakültəsi yaradılmışdır. Bununla da universitet fakültələrinin sayı 17-yə çatmışdır. Hazırda universitetdə 18 mindən çox tələbə bakalavr və magistr pilləsi üzrə təhsil alır. Bir sıra xarici ölkələrdən — Türkiyə, İran, Misir, Yəmən, Asiya ölkələrindən, Almaniya, Polşa, İngiltərə, ABŞ... ümumiyyətlə, 22 ölkədən gəlmiş 475 tələbə universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya, tarix, jurnalistika, biologiya, coğrafiya, fizika, şərqşünaslıq... fakültələrində təhsil alır.
Universitetin rektorunun göstərişi ilə 100-ə yaxın iri auditoriyada kameralar quraşdırılmışdır. Bu kameralar birbaşa mərkəzdən idarə olunur. Auditoriyalarda keçirilən dərslərə mərkəzdən nəzarət olunur. Bu da müəllim və tələbələrin nizam-intizamına, keçirilən dərslərin kefiyyətinə, yazılı imtahanların keçirilməsinə, yazıların yoxlanılmasına düzgün riayət edilməsinə, şəffaflığa, əliəyriliyin olmamasına və s. gətirib çıxarır. Tədris Elektron Mərkəzinin yaradılması 95 ildə universitetdə ən böyük yenilik hesab edilə bilər.
Bakı Dövlət Universiteti böyük alimlər ordusuna malikdir. Universitetdə 2 mindən çox elmlər doktoru və elmlər namizədi çalışır. Təkcə onu qeyd edim ki, universitetin böyük alimlər ordusundan 30 nəfərdən çoxu Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvüdür.
Bakı Dövlət Universitetinin 95 illik yubileyində dünyanın bir sıra ölkələrinin universitetlərinin və ali məktəblərinin alimləri, elm və sənət adamları, dövlət və ictimai xadimləri bu gözəl məkana gələcək, bu elm və sənət məbədi ilə daha yaxından tanış olacaqlar. Yaxın günlərdə Bakı Dövlət Universitetinin 95 yaşını respublikamızın elm və sənət adamları, bütün vətəndaşlar təntənə ilə qeyd edəcəklər.
İsmayıl EYYUBOV,
Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.