Texniki peşə təhsili: islahat uğurla davam edir

Bu günlərdə Bakıdakı 7 saylı Texniki Peşə Liseyində respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı keçirildi. Yüksək fəallıq şəraitində keçən konfransda təhsil naziri Misir Mərdanov ötən il qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə əlaqədar təqdimat-məruzə etmişdir. Qeyd olunmuşdur ki, respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Bu proqramın texniki peşə təhsilinin inkişafına yeni stimul verdiyi xüsusi olaraq vurğulanmışdır. Texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin strukturunun təkmilləşdirilməsi, hər bir iqtisadi rayonda əhalinin texniki peşə təhsilinə olan tələbatını ödəmək üçün mövcud peşə məktəbləri və peşə liseylərinin bazalarınlda peşə təhsili mərkəzlərinin yaradılması, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, normativ hüquqi bazanın yeniləşdirilməsi və digər məsələlər proqramda başlıca vəzifələr kimi irəli sürülür.
Proqram qəbul edildiyi 2007-ci ildən sonra Təhsil Nazirliyi bir sıra uğurlu tədbirlər həyata keçirmişdir. Natiq əyani şəkildə, cədvəllər və diaqramlar əsasında son illər görülmüş işləri konfrans iştirakçılarının diqqətinə çatdırdı. Göstərildi ki, 2009-2010-cu tədris ilində Təhsil Nazirliyi tabeliyində 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərmişdir ki, onlarda da 25200 şagird təhsil almışdır. Onlardan 47-si peşə liseyi, 60-ı peşə məktəbi, 1-i peşə tədris mərkəzidir. Texniki peşə təhsili sistemində təhsil həm dövlət vəsaiti hesabına, həm də ödənişli üsulla həyata keçirilir. Bu, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
Sonra natiq ilk peşə ixtisası təhsili müəssisələrinin kompyuter avadanlıqları ilə təminatı məsələsinə toxundu. Qeyd olundu ki, əgər 2009-cu il yanvarın birinə olan məlumata görə, bu məktəblərdə 66 kompyuter otağı var idisə, 2010-cu ildə onların sayı 91-ə, kompyuterlərin sayı 2008-ci ildə 194 ədəd idisə, 2010-cu ildə onların sayı 494-ə çatdırılmışdır. Hazırda isə ilk peşə təhsili müəssisələrində 1800-dən artıq kompyuterə ehtiyac olduğu da xüsusi olaraq nəzərə çatdırıldı.
2010-cu ildə texniki peşə təhsili sahəsində bir sıra sənədlər qəbul olunmuşdur. Nazirlər Kabinetinin 23 aprel tarixli "İlk peşə ixtisas təhsili pilləsinin dövlət standartları və proqramı (kurrikulum)", 29 aprel tarixli "Təhsil haqqında dövlət sənədlərinin nümunələrii və onların verilməsi qaydaları", 4 iyun tarixli "Təhsil Proqramlarının (kurrikulumlarının) yerinə yetirilməsi müddəti" adlı qərarları mühüm əhəmiyyətə malik sənədlərdir.
Məzunların işlə təmin edilməsi sahəsində də xeyli iş görülmüşdür. Belə ki, 3 nömrəli Bakı Peşə Məktəbi ilə Bakı Tikiş Evi arasında əldə edilmiş razılaşmaya əsasən, məktəbin şagirdlərinin müəssisədə istehsalat təcrübəsi keçməsinə və müəssiədə şagirdlər üçün xüsusi sexin yaradılmasına qərar verilmişdir. Əməkdaşlıq nəticəsində "Modelçi-dərzi" ixtisası üzrə 2009-2010-cu tədris ilində məzun olan 30 nəfər şagirddən 20-si artıq müəssisədə işlə təmin edilmişdir. "Azal" Səhmdar Cəmiyyətinin dəstəyi ilə 12 nömrəli Bakı Peşə Liseyində "Aviasiya cihazlarının təmiri üzrə mexanik" ixtisası üzrə təlim-tədris mərkəzi yaradılmışdır. Ağdam 50 nömrəli peşə məktəbi, Tovuz peşə liseyi, 6, 16 saylı Cəlilabad peşə məktəbləri, Gəncədəki nömrəli peşə məktəblərində İKT sinifləri yaradılmışdır. Sumqayıt 4 nömrəli peşə liseyində "Avtomobil kran maşinisti", "Dülgər, xarrat" ixtisasları üzrə emalatxana, idman meydançası və əlavə tədris otaqları tikilmişdir.
Peşə təhsili müəssisələrindəki yeniliklərdən danışan natiq bildirmişdir ki, Lənkəran peşə liseyində "Ofisiant, barmen" ixtisası üzrə tədris sinfi, 11 və 12 nömrəli Bakı peşə liseylərində "Aşpaz, qənnadıçı" peşəsi üzrə tədris otaqları və emalatxanalar, Biləsuvar peşə liseyində "Kompyuter üzrə operator" və "Tikiş ustası" ixtisasları üzrə yeni tədris otaqları, 4 nömrəli Bakı peşə liseyində "Dülgər, xarrat", "Elektrik qaz qaynaqçısı" və "Mebel ustası" peşələri üzrə emalatxanalar yaradılmışdır. Abşeron rayonunun Ceyranbatan peşə liseyində "Avtomobil kranı maşinisti" ixtisası üzrə tədris bazası yenidən qurulmuşdur. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi başa çatmışdır.
Bundan başqa, Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət və təhsil nazirinin rəhbərliyi ilə İdarəetmə Şurası yaradılmışdır.
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, işəgötürən təşkilatlarının nümayəndələri, beynəlxalq və milli ekspertlərin birgə səyi nəticəsində "Aşpaz", "Turizm agenti", "Ofisiant", "Otel nəzarətçisi" ixtisasları üzrə peşə standartları hazırlanmışdır.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsində bu sahəyə aid statistik məlumatları əks etdirən məlumat bazası yaradılmışdır. İlk dəfə olaraq 2010-2011-ci dərs ilindən başlayaraq "Aşpaz", "Ofisiant", "Barmen", "Səyahət agenti" və "Otel nəzarətçisi" ixtisasları üzrə İsmayıllı peşə məktəbi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi, 11 və 12 nömrəli Bakı peşə liseylərində modul proqramı üzrə kadr hazırlığı həyata keçiriləcəkdir.
Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilən islahatlara dəstək və bu islahatın Avropa Qonşuluq Siyasətinə uyğunluğunu nəzərə alaraq Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Avropa Təlim Fondunun İdarəetmə Şurasında təmsil olunmaq hüququ qazanmışdır.
Misir müəllim kadr təminatı məsələlərinə də toxundu. Qeyd etdi ki, bu sahədə ümumi işçilərin sayı 6480 nəfərdir. Son beş il ərzində 665 nəfər ixtisasartırma kursundan keçmişdir.
Sonra natiq 2009-2010-cu illərdə ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrini nəzərə çatdırdı.
Eyni zamanda, peşə təhsili sahəsində həyata keçirilən yeni, mütərəqqi layihələr barədə də məlumat verildi. İlk peşə ixtisas təhsili sahəsində mövcud olan problemlər barədə də konfransda ətraflı məlumat verildi. Məsələn, qeyd olundu ki, bu gün peşə təhsili müəssisələrində 111 kompyuter sinfi yaradılmasına ehtiyac var. Bəzi peşə təhsili müəssisələrinin əraziləri qanunsuz olaraq zəbt olunmuşdur. 71 peşə təhsili müəssisəsinin əsaslı təmirə ehtiyacı var. Əyani və texniki vəsaitlərin bir qismi mənəvi və fiziki cəhətdən köhnəlmişdir. Yataqxanalarda qaçqınların və məcburi köçkünlərin məskunlaşması ciddi problemlər yaradır.
Qarşıda duran vəzifələrdən danışan natiq bildirdi ki, bu sahədə ixtisas və ixtisasartırma klassifikatorunun hazırlanması vacib məsələdir. Eyni zamanda, 100 peşə üzrə yeni kurikulumların hazırlanması və onun tətbiq edilməsi, dərs və dərs vəsaitlərinin yeniləşməsi, Lənkəran, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarının əmək bazar tələbatının öyrənilib, peşə ixtisası sahəsi üçün perspektiv inkişaf planının hazırlanıb Təhsil Nazirliyinə təqdim edilməsi və s. məsələlər qarşıda durur.
Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin rəhbəri xanım Ann Castis, Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin əlaqələndirmə şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs ediblər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında