"Təhsil millətin gələcəyidir"- İllər keçir, ulu öndərimiz Heydər Əliyevin bu müdrik kəlamı hər gün, hər saat, hər dəqiqə, həyatımızın bütün anlarında bizə gərəkli olur, məsuliyyətimizi artırır, gələcək fəaliyyətimizi istiqamətləndirir. Millətin gələcəyini təhsilin inkişafında görən ümummilli lider bu baxımdan daim müəllimə, müəllim əməyinə yüksək qiymət verirdi. On il əvvəl, 2000-ci il iyunun 13-də Azərbaycan Müəllimlər İnstitutunun və onun yerlərdə filiallarının yaradılması ilə əlaqədar ulu öndərin imzaladığı fərman bu qiymətin daha bir bariz nümunəsi idi.
Yaradılmış filiallardan biri də Gəncə filialı idi. Təbii ki, ilk vaxtlar çətinliklərimiz çox olurdu. Əslində, filialın elə bir güclü maddi-texniki bazası yox idi. Doğrudur, filial Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhərindəki təsərrüfathesablı Məişət Kollecinin bazasında yaradılmışdı. Amma onlar müasir tələbatı ödəmirdi. Bir müddətdən sonra bizə şəhər rəhbərliyinin, əlaqədar təşkilatların köməyi ilə yeni tədris korpusları verildi. Ciddi təmir-tikinti, abadlıq işlərinə başladıq. Bilirdik ki, layiqli müəllim kadrları hazırlamaq üçün ilk növbədə güclü maddi-texniki baza lazımdır. Çox keçmədi ki, yüksək səviyyədə təmir olunmuş laboratoriyalar, auditoriyalar, fənn kabinetləri tələbələrin ixtiyarına verildi. Həyət-bacada səliqə-sahman yaratdıq, ağac, gül kolları əkdik. Fəvvarələr, abidələr, barelyeflər düzəltdik. Bütün bu işlər haqqında daha geniş danışmaq istəmirəm. Çünki məsuliyyətli bir işi bizim kollektivə həvalə ediblərsə, onun öhdəsindən nəyin bahasına olursa-olsun gəlməliyik.
Bizim başlıca vəzifəmiz layiqli müəllim kadrları hazırlamaqdan ibarətdir. Sevinirik ki, son vaxtlar müəllim peşəsinə maraq daha da artıb. Bir vaxtlar Dövlət Tələbə Qəbulu Komissiyasının keçirdiyi test imtahanlarından sonra xeyli boş yerlərimiz qalırdı. İndi elə deyil. Axın çoxdur. Hətta 400, 500 və daha çox balla institutumuza qəbul olunan tələbələr var.
Bir faktı da qeyd etmək istəyirəm ki, professor Aqiyə xanım Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin edilən vaxtdan filiallarda, o cümlədən Gəncə filialında tədrisin keyfiyyəti, nizam-intizam xeyli yüksəlib, işə münasibət dəyişib, neqativ hallara qarşı mübarizə gücləndirilib. Yay və qış imtahan sessiyalarının obyektiv şəraitdə keçirilməsi üçün ən müxtəlif təsirli tədbirlərdən istifadə edirik. Valideynlərin də daxil olduğu xüsusi komissiya imtahan və laborator sessiyaların gedişinə ciddi nəzarət edir. Burada yaradılmış "qaynar xətt" işlək mexanizmə çevrilib. "Açıq qapı" günlər, yerli televiziya kanalları ilə edilən müraciətlər öz müsbət səmərəsini verir. Yay və qış imtahan sessiyaları nazirliyin əmrinə uyğun olaraq monitorinq yolu ilə həyata keçirilir. Onun gedişini baş institutun nümayəndələri də müşayiət edir və nəticələr birlikdə müzakirə olunur.
Biz əminik ki, mənimsəmə faizini formal şəkildə yüksəltməklə uzağa gedə bilmərik. Bu, gec-tez özünün tədrisin keyfiyyətində göstərəcək. Təkcə müəllimlərin mühazirələri, ədəbiyyat kifayət deyil. Əyaniliyə daha çox diqqət yetiririk. Tələbələr filialın korpuslarındakı monumental işlərlə hər gün qarşılaşırlar. Divarlara nəfis şəkildə həkk olunmuş hikmətli sözlər, "Dil xalqın sərvətidir", "Azərbaycanlıların soyqırımı" və sair bu kimi monumental abidələr və onların önündə keçirilən tədbirlər bu baxımdan mühüm rol oynayır. "Oxutmuram, əl çəkin" kompozisiyası istər-istəməz hamını düşünməyə vadar edir. Müxtəlif tarixi şəxslərin portretləri, deyimləri, dəyərli sözləri filialın görməli yerlərinə həkk olunmuşdur.
Filialımızda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlər xüsusi maraq doğurur. İnstitutun 750 yerlik akt zalı şəhərin ən böyük salonlarından biri sayılır. Burada tez-tez görkəmli şəxsiyyətlərin yubileyləri keçirilir, tanınmış yazıçı və şairlərlə, elm adamları, idmançılarla görüşlər təşkil olunur.
...Yeni dərs ili başlanır. Belə bir vaxtda Gəncənin bu günü haqqında söhbət açmamaq mümkün deyil. Çünki Azərbaycanın az qala bütün şəhər və rayonlarından olan tələbələrimiz üçün Gəncənin özü bir məktəbdir. Hər il olduğu kimi yenə də sentyabrın son günləri şəhər özünün yaşını qeyd edəcək. Artıq beşinci ildir ki, "Şəhər günləri" keçirilir. Bu dəfə Gəncə özünün 2504 yaşını qeyd edəcək.
Qədim Nizami yurdunun büsatı ilə hər birimiz fəxr edirik. Şəhərin dünəni, bu günü haqqında söhbət açmaq bir qəzet yazısına sığışmaz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxından dəstəyi və köməyi sayəsində tarixi abidələrə ikinci həyat verilmiş, irimiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. "Ay-Ulduz", "Şir-Günəş", "Gəncə gerbi", "Gəncə darvazaları" və sair tikilmiş, "Comərdi qəssab", "Cavadxan məqbərəsi" və digər abidələr bərpa olunmuşdur. Heydər Əliyev meydanı indi tamamilə başqa görkəmdədir. Günün istənilən vaxtı bura şəhər sakinlərinin sevimli istirahət guşəsidir. Ən kütləvi tədbirlər burada keçirilir və eyni vaxtda meydana on minlərlə adam toplaşır.
Şəhərdə çoxmərtəbəli yaşayış binaları, onlarca ticarət obyekti, mehmanxanalar tikilmiş, istirahət parkları, guşələri, yaşıllıq sahələri yaradılmış, çoxlu sayda nümunəvi məhəllələr, idman meydançaları salınmışdır. Parklarda, istirahət guşələrində obyektlərin bədii tərtibatı, vitrinlərin və bütün küçələrin necə işıqlandırılması, yenidən qurulması sahəsində işlər aparılmışdır. Müasir tələblərə cavab verən "Beşulduzlu mehmanxana" şəhərə xüsusi gözəllik verir. Gəncəçayın sağ və sol sahilləri əsl istirahət mərkəzinə çevrilmişdir. Hazırda "Xan bağı"nda böyük yenidənqurma işləri aparılır və o, tezliklə Azərbaycanın ən gözəl parklarından birinə çevriləcəkdir.
Şəhərdə təhsilə diqqət və qayğı durmadan artır. Gəncədə yeni məktəblərin tikilməsi, ali və orta ixtisas məktəblərinin əsaslı şəkildə təmir olunması, nümunəvi məktəbəqədər tədris müəssisələrinin yaradılması istiqamətində ardıcıl işlər aparılır.
Yeni dərs ilində də bu canlanma açıq-aşkar hiss olunur. Ötən il 13 saylı məktəbdə 960 şagirdlik bina tikilib istifadəyə verilmiş, bu il isə 38 saylı məktəbdə 480 yerlik yeni məktəb binası tikilib başa çatdırılmışdır. Gözəlliyi, müasirliyi, yaradılmış şəraiti adamı heyran edir.
Təhsildə aparılan islahatların keyfiyyətcə daha yüksək mərhələyə keçməsi ilə əlaqədar şəhərin ali və orta ixtisas ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir avadanlıqlar, informasiya texnologiyaları və fənn kabinetlərinin təchizatı istiqamətində tədbirlər görülmüşdür. Şəhərdəki ali və orta ixtisas məktəblərinə daxil olmaq arzusunda olanların sayı ilbəil artır ki, bu da yaradılmış şəraitlə bağlıdır.
Biz tələbələrimizi vaxtaşırı olaraq şəhərin görməli yerlərinə aparırıq. Onsuz da Gəncəyə gələn qonaqların sayı aybaay artır. Təsadüfi deyildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı çərçivəsində "Gəncə Azərbaycanın əfsanələr paytaxtı" elan olunmuşdur. Elə şəhərdə keçirilən "Azərbaycan xalqının tarixi", "Azərbaycan nağıl və dastanları", "Qədim Gəncə" adlı kitab sərgilərinin təşkili də bu tədbirlə bağlı həyata keçirilmişdir.
Gəncənin bütün idarə, müəssisə və təşkilatlarında, tədris ocaqlarında "Heydər Əliyev irsini öyrənirik" adlı bilik yarışları, müsabiqələr və digər tədbirlər gənc nəslin dünyagörüşünə, vətənpərvərlik tərbiyəsinə çox mühüm təsir göstərir.
Qeyd etmək lazımdır ki, şəhər icra hakimiyyəti istənilən dəyərli təşəbbüsləri, təklifləri daim müdafiə edir, onlara dəstək verir, həyata keçirilməsinə köməklik göstərir. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun təşkilatçılığı, yüksək zövqü, diqqət və qayğısı biz təhsil işçilərinin də məsuliyyətini xeyli artırmışdır. Hamımız çalışırıq ki, öz iş yerimizdə yüksək nizam-intizam yaradaq, abadlıq-quruculuq işlərinə daim fikir verək, şəhərin inkişafı üçün əlimizdən gələni edək.
Yeni dərs ilinin başlanması münasibətilə ölkəmizin, eləcə də Gəncənin bütün müəllim, tələbə, şagird kollektivlərini təbrik edir, onlara yeni nailiyyətlər arzulayıram.{nl}
Ramiz MƏMMƏDOV, Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının direktoru, əməkdar müəllim
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.