Sankt-Peterburqda Azərbaycanlı Tələbələr Şurası yaradılması qərara alınıb

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu noyabrın 25-də “Ambassador” mehmanxanasında Azərbaycanın və Rusiyanın vətəndaşları olan, Sankt-Peterburqun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə və Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib.

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, baş konsul Elşad Qulamov görüş iştirakçılarını salamlayaraq İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlar, ölkəmizin bütün göstəricilər üzrə dünya miqyasında liderlər sırasına çıxması və öz mövqeyini möhkəmlətməsi barədə məlumat verib.

Diplomat qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi sahədə böyük irəliləyişə nail olub. Ölkənin dinamik inkişafı və vətəndaşların həyatının keyfiyyətini yaxşılaşdırmaq üçün hər cür şərait yaradılıb. Bu uğurların qazanılmasında rəqabət qabiliyyətli peşəkar kadrlar böyük rol oynayır.

Görüş çərçivəsində tələbələrin təhsildə uğurları, onların məişət problemləri, habelə Rusiya Federasiyası ərazisində olmağın qaydaları müzakirə olunub. Tələbələr arasında bu məsələlərə dair tərbiyəvi izahat işi aparılıb. Baş konsul Sankt-Peterburqda təhsil alan azərbaycanlı tələbələrin üzləşdiyi müxtəlif problemlərə də toxunub.

Sonra Rusiya Federal Miqrasiya Xidmətinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin rəis köməkçisi Vitali İlçenko görüş iştirakçıları qarşısında çıxış edib. O, miqrasiya siyasətinin müxtəlif aspektləri - sosial gərginlik yaranması, əcnəbi vətəndaşların Rusiya ərazisində qanunsuz olması ilə bağlı problemlər barədə danışıb, qeyd edib ki, bunun əsas səbəbi əhalinin Rusiya Federasiyası ərazisində olmaq qaydaları barədə məlumatının olmamasıdır. V.İlçenko miqrasiya qanunvericiliyinin pozulmasının bəzi səciyyəvi halları üzərində ətraflı dayanaraq bildirib ki, belə pozuntulara yol verən şəxslərin RF-yə gəlməsi qadağan edilir. O, tələbələrin bütün təhsil müddətində Sankt-Peterburq ərazisində maneəsiz olmalarının təmin edilməsi məqsədilə onları miqrasiya qanunlarına dəqiq riayət etməyə çağırıb.

Sankt-Peterburq İdarəçilik və İqtisadiyyat Universitetinin kafedra müdiri Vera Kutina qeyd edib ki, onun təmsil etdiyi ali məktəbdə çoxlu azərbaycanlı tələbə təhsil alır. Onlar tədris proqramını uğurla mənimsəyir və əsasən əla qiymətlərlə oxuyurlar.

“Azərbaycanın dostlarının “Naxçıvan” cəmiyyəti” ictimai təşkilatının sədri İdris Qəhrəmanov bu təşkilatın tələbələri dəstəklədiyini bildirib və onları bu və ya digər problemlər yarandıqda diaspor təşkilatlarına müraciət etməyə çağırıb.

Sonra Kirov adına Hərbi Tibb Akademiyasının dördüncü kurs tələbəsi Mehdi Əlizadə görüş iştirakçıları qarşısında çıxış edib. O, bütün tələbələrə müraciət edərək, onları tələbə təşkilatlarının ictimai işində fəal iştirak etməyə çağırıb.

Sankt-Peterburqda Azərbaycanlı Tələbələr Şurası yaratmaq ideyası irəli sürülüb. Görüş iştirakçıları bu təklifi dəstəkləyiblər. Nümayəndələri bu görüşdə iştirak edən ali məktəblərin hərəsindən bir namizədin Tələbə Şurasının tərkibinə daxil olunması təklif edilib. Tələbə Şurasının gələcək iş planının hazırlanması məqsədilə şura üzvləri ilə yığıncaq keçirilməsi haqda razılıq əldə edilib.

Tədbirin gedişində müasir Azərbaycana həsr olunmuş kitab və jurnallar sərgisi də keçirilib. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında