Yeni dərs ili başlandı

Ölkənin bütün məktəblərində yeni dərs ilinə start verildi. Bu dərs ili bir çox keyfiyyətlərinə görə əlamətdardır. Bu il 17434 şagird yerlik 49 məktəb binası, 10 mövcud məktəbdə 1418 şagird yerlik əlavə tədris korpusu, 3 məktəbəqədər təhsil müəssisəsinin inşası başa çatmışdır. Eləcə də 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 6 körpələr evi, uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 32 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir edilmişdir.
2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq. Yeni dərs ilində 1-ci siniflərə 120844 nəfər şagird qəbul olunmuşdur.
Ümumtəhsil məktəblərində şagirdlərin dərsliklərinin hazırlanması üçün ayrılmış 8 milyon manat vəsait hesabına bu il 127 adda 4641700 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Bütün bunlar yeni dərs ilinin ilkin məlumatlarıdır. Dünən başlanan yeni dərs ilini ölkənin bütün məktəbləri kimi, Bakıdakı 1 saylı ümumtəhsil məktəbinin kollektivi də böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Şəhərimizin mərkəzində yerləşən bu məktəb həmişə öncüllər sırasında olmuşdur. Tarixi ənənələri olan bu təhsil ocağında təhsil Azərbaycan və rus dillərində aparılır. Onun məzunları Azərbaycanımızın şöhrətini həmişə uca tutmuş, bu gün onlar ölkəmizin müxtəlif ixtisas sahələrində çalışırlar.
Bu məktəb həmişə öz ənənələri ilə fərqlənmişdir. Burada tez- tez müxtəlif tədbirlər keçirilir, uşaqların əl işlərinin sərgisi təşkil olunur və s. Sentyabrın 15-i isə adəti üzrə ilk dərs günü böyük bayrama çevrilir.
Budur, əllərində gül dəstələri tutmuş birincilər də məktəbin şagirdləri ilə bərabər dərsə gəlmişlər. Bu ilin əlamətdar hadisəsi budur ki, vahid məktəbli formasına keçidlə bağlı təhsil nazirinin əmrinin artıq icra olunduğu hiss edilir.
Hamı üçüncü mərtəbədəki zala yığışır. Müəllimlərin də, şagirdlərin də, elə valideynlərin də üzlərində təbəssüm var. Məktəbin direktoru Elida Rzayeva uşaqları təbrik edir. Estafeti qəbul edən 11-cilər danışır. Bir sözlə, bu gün məktəbdə əsl bayramdır.
Elida xanıma yeni dərs ilinin başlanması ilə bağlı müraciət edirik. O bildirir ki, bu il təhsildə islahatların sürətlə reallaşacağı il olacaq. Cənab Prezidentimiz İlham Əliyevin milli təhsilimizin inkişafına göstərdiyi qayğı biz müəllimlərin məsuliyyətini daha da artırır. Baxın, yeni dərs ili ərəfəsində müəllimlərin əməkhaqları artırıldı. Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfranslarında ötən ilə yekun vuruldu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Doğrudan da, təhsil islahatı uğurla həyata keçirilir. Təhsil işçisi kimi deyə bilərəm ki, son illər müstəqil Azərbaycanımızın təhsil sistemi əsaslı şəkildə yeniləşmişdir. Cənab Prezidentimiz 16-dan çox yeni Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Həmin proqramlar təhsilin bütün sahələrini əhatə edir. Orada təhsilin məzmunca yeniləşməsi, məktəb tikintisi, məktəblərin əsaslı və cari təmiri, həmçinin onların yeni avadanlıqlarla təmin olunması, məktəblərdə informasiya texnologiyalarının tətbiqi, yeni nəsil dərsliklərin yaradılması və s. əks olunmuşdur. Bu proqramlar vaxtından əvvəl reallaşdırılır.
Ümumtəhsil məktəbləri xüsusilə diqqət mərkəzindədir. Çünki bu sfera təhsilin əsasını təşkil edir. Təhsil naziri Misir Mərdanovun həyata keçirdiyi çevik, düşünülmüş tədbirlər nəticəsində təhsilimizin bu sahəsində çox uğurlu nailiyyətlər qazanılmışdır.
Biz görürük ki, cənab Prezidentimizin sərəncamı ilə keçirilən "ən yaxşı müəllim", "ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri necə şəffaf və demokratik qaydada keçirilir. Bizim məktəb Bakı şəhərində yerləşir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın gündəlik qayğısını bütün Bakı məktəbləri kimi biz də hiss edirik.
Nailiyyətlərimiz çoxdur. Ötənilki 74 məzunumuzdan 64 nəfəri yeni dərs ilində ali məktəblərdə oxuyacaq. Bu, bizi çox sevindirir. 600-dən yuxarı bal toplayan şagirdlərimiz var.
Yeni dərs ilinə kollektivimiz böyük ruh yüksəkliyi ilə başlamışdır. İnanıram ki, bu il nailiyyətlərimiz daha çox olacaq.
Çox keçmir ki, yeni dərs ilinin ilk zəngi çalınır. Uşaqlar və müəllimlər siniflərə tələsirlər. Qarşıda isə bütöv bir dərs ili durur.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında