Neft Akademiyası tələbələrinin elmi-texniki konfransı

Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinin Azərbaycanda “Sənaye ili”nə həsr olunmuş 63-cü elmi-texniki konfransı öz işinə başladı. Konfrans Azərbaycanda fəaliyyət göstərən “bp-Azərbaycan”, “Amec”, “Eni-Saipem” beynəlxalq şirkətlərinin sponsorluğu ilə keçirilir. Tədbirdə Müdafiə Sənayesi Nazirliyi Aerokosmik Agentliyinin baş direktoru Alçın Şirinzadə və AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev də iştirak edirdilər.

ADNA-nın tədris işləri üzrə prorektoru, professor Vaqif Qurbanov bildirdi ki, konfransın məqsədi bakalavriat və magistratura səviyyəsində elmi yaradıcılıq ilə məşğul olan gənclərin tədqiqat işlərinin nəticələrini müzakirə etmək, onların arasında informasiya mübadiləsini təşkil etmək və elm və texnikaya olan maraqlarını stimullaşdırmaqdır.

ADNA-nın elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov konfransın ölkədə böyük iqtisadi nailiyyətlər əldə olunduğu bir vaxtda keçirildiyini və “Sənaye ili”nə həsr olunduğu vurğuladı. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin inkişaf strategiyasının ana xətti neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalının formalaşdırılmasına yönəldilməsini təmin etməkdən ibarətdir. Dövlət başçısının Azərbaycanda inamla həyata keçirdiyi tədbirlər deməyə əsas verir ki, respublikamızın yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişafı heç də neft gəlirləri hesabına deyil, bilik, müasir informasiya texnologiyaları, elm tutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin ediləcəkdir. Yalnız yeni texniki-texnoloji biliklərə yiyələnmiş kadrlar sənayenin hərtərəfli inkişafına nail ola biləcəklər.

Professor Alçın Şirinzadə qeyd etdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “Sənaye ili” Azərbaycan iqtisadiyyatının inkişafı üçün önəmli tədbirlərdəndir. “Sənaye ili” çərçivəsində 2014-cü ildə sənaye müəssisələrinin yenidən qurulması, yeni emal sənayesi müəssisələrinin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanılmış, alternativ enerji avadanlıqlarının, müdafiə və mülki təyinatlı məmulatların istehsalı üzrə bir çox müəssisələr istifadəyə verilmiş, beynəlxalq məkanda tanınan sənaye potensialı formalaşmışdır. Son illərdə əldə edilmiş elmi-texniki nailiyyətlər bir sıra ölkələrdə təşkil edilmiş konfrans və forumlarda təqdim edlmiş, müxtəlif sərgilərdə, o cümlədən, Qafqazda ilk dəfə Bakıda keçirilən “ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş olunaraq mütəxəssislərin və xarici ölkə nümayəndələrinin diqqətini cəlb etmişdir.

AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev bildirdi ki, konfrans tələbələrin gələcəkdə istər istehsalatda, istərsə də elmi sahədə fəaliyyətlərində böyük rol oynayacaq. Fakültə dekanları, Tələbə Elmi Cəmiyyətin fəalları konfrans iştirakçılarına uğurlar arzuladılar. AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə qeyd etdi ki, konfrans 9 bölmədə öz işini davam etdirəcək, 432 məruzə dinləniləcək. Sonda maraqlı məruzələrlə çıxış edəcək tələbələr mükafatlandırılacaq.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında