Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Parisdə səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov noyabrın 12-də Fransanın milli təhsil, ali təhsil və tədqiqatlar naziri xanım Najat Vallo- Belkasem ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

M.Cabbarov bildirib ki, hazırda Fransa-Azərbaycan əlaqələri, o cümlədən hər iki ölkənin təhsil qurumları arasında əməkdaşlıq inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Parisə, Fransa Prezidenti Fransua Ollandın Bakıya səfərlərini xatırladan nazir qeyd edib ki, onun bu səfəri də məhz dövlətlərimizin başçılarının tövsiyələrinə uyğun olaraq həyata keçirilib. Məqsəd təhsil sahəsindəki əməkdaşlığımızın inkişafına töhfələr verməkdir.

Najat Vallo- Belkasem təhsil sahəsindəki əlaqələrin sürətli inkişafından məmnunluğunu ifadə edib və bu əməkdaşlığın artıq konkret nəticələrinin olduğunu bildirib. O, bu məsələdə dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin də mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Fransalı nazir bir müddət əvvəl Azərbaycana etdiyi səfəri xatırladıb və deyib ki, təhsil istiqamətində əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyini bildirib və ali təhsil sahəsində əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinin önəmini vurğulayıb.

Sonda görüşün nəticələrinə dair protokol imzalanıb.

Həmin gün M.Cabbarov Azərbaycan Mədəniyyət Mərkəzində Parisdə və onun ətrafındakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə nazir deyib ki, hər bir azərbaycanlı tələbə oxuduğu ali məktəbdə təmsil etdiyi ölkəni tanıtmalı, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmalıdır.

M.Cabbarov xaricdə təhsil alan gənclərin qazandıqları uğurların Azərbaycanın uğurları kimi qiymətləndirildiyini, eyni zamanda, bu uğurların dövlətimizin və xalqımızın imicinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən Dövlət Proqramı barədə məlumat verən nazir bu sahədə qarşıda duran vəzifələrdən də danışıb.

Görüşdə iştirak edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tələbələri müstəqil dövlətimiz ətrafında daha sıx birləşməyə, ölkəmizlə bağlı həqiqətləri təhsil aldıqları ali məktəblərdə geniş təbliğ etməyə, təhsil göstəriciləri ilə Vətənimizin adını uca tutmağa çağırıb.

 Mikayıl Cabbarov görüşdə tələbələrin qayğıları ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında