Azərbaycan Dövlət İqtisad Universitetində “Elm günləri”nə start verilib

Noyabrın 11-dən Azərbaycan Dövlət İqtisad Universitetində “Elm günləri” ilk dəfə keçirilir. “Ümumdünya elm günü” çərçivəsində keçirilən və 3 gün davam edəcək  tədbirlərin əsas müzakirə mövzusu ali təhsil ocağının elm mərkəzinə çevrilməsi yollarıdır.

Universitetdə “Elm günləri” çərçivəsində simpozium, seminar, “dəyirmi masa”, təlim, master-klasslar, tanınmış alimlərlə görüş və elmi mühazirələrin keçirilməsi nəzərdə tutulub.

Tədbir iştirakçıları əvvəlcə ADİU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Universitetin rektoru, professor Ədalət Muradov tədbirin məqsədləri barədə məlumat verərək bildirib ki, əsas məqsəd  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm ictimaiyyəti qarşısında qoyduğu vəzifələrə ADİU-nun potensialı çərçivəsində dəstək vermək, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai elmlərin mövcud vəziyyəti və onun yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələri yerinə yetirməkdir.

Həmçinin qeyd olunub ki, “Elm günləri” çərçivəsində keçiriləcək tədbirlərin əsas müzakirə mövzusu ali təhsil ocağının elm mərkəzinə çevrilməsi yolları, eləcə də ADİU-da tələbə və müəllim elmi əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, universitetdə həyata keçirilən tədqiqatların ölkənin iqtisadi potensialının artırılmasına töhfə verməsidir.

Ali məktəbdə elmi tədqiqatlar apara biləcək alimlərin kifayət qədər olduğunu vurğulayan rektor, bu fəaliyyəti həyata keçirmək üçün ADİU-da institusional dəyişikliklərə başlanıldığını bildirib: “Bura ”Elm və innovasiyalar" və “Texnologiya transfer” mərkəzlərinin yaradılması daxildir. Əsas məqsədimizdən biri də odur ki, alimlərimizin kəşfləri, yenilikləri patentləşdirilərək marağı olan təşkilatlara təklif edilsin. Əminəm ki, qısa vaxt ərzində bu sahədə nailiyyətlər əldə edə biləcəyik. ADİU-da növbəti institusional dəyişikliklər sahəsində də işlər davam etdirilir. Bunun üçün, ilk növbədə, hər bir ixtisas kafedrasının nəzdində laboratoriyaların yaradılması lazımdır. Alimlərin elmi fəaliyyətə həvəsləndirilməsinə dair tədbirlər də nəzərdə tutulub. Bunun üçün universitetin 2015-ci il üçün hazırlanacaq büdcəsində elmi tədqiqatların stimullaşdırılması məqsədilə vəsait ayrılacaq".

Universitetin tələbələrinin intellektual yarışlardakı uğurlarını xüsusi vurğulayan rektor Ə.Muradov onların bu sahədə fəallığını daha da artırmaq üçün tələbələrdən ibarət komanda yaradaraq, onlara ADİU-nun müəllimlərindən ibarət məşqçilər təyin olunmasını təklif edib. Qeyd edilib ki, ADİU-da həyata keçirilən iqtisadi layihələrin keyfiyyətinin artırılmasına ciddi ehtiyac var. Həmçinin, ADİU-da həyata keçirilən elmi tədqiqat layihələrini maliyyələşdirmək istəyən təşkilatların sayının artırılması istiqamətində də işlərə başlanılıb.

Çıxışının sonunda rektor bildirib ki, universitetimizdə “Elm günləri”nin keçirilməsi ilə biz Azərbaycanın elm ictimaiyyətinə, elmi fəaliyyətlə məşğul olan təşkilatlara çatdırırıq ki, ADİU elmi fəaliyyətin təşkili istiqamətində ciddi ambisiyalarla bazara daxil olur. Bəyan edirik ki, bizim iqtisadçılar Azərbaycanda fəaliyyət göstərən iqtisadçı alimlər korpusunun əsasını təşkil edir və ADİU ilə əməkdaşlıq edəcək təşkilatlar universitetlə əməkdaşlıqdan bəhrələnəcəklər. Əminəm ki, 2015-ci ildə elmi fəaliyyətimizdə əldə edilən nailiyyətlər hamımızı sevindirəcək.

Sonra tədbir müzakirələrlə davam etdirilib.

 

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında