Azərbaycan Tibb Universiteti - 80

Dövlət dilimiz tibb təhsilinin xidmətində
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan Tibb Universitetinin 80 illiyi respublikamızda geniş qeyd olunacaq. Yekun tədbirlərinin bu ilin payızında nəzərdə tutulan yubileyə universitetimizdə ciddi hazırlıq gedir: tədris binaları təmir edilir, tikintisi yenicə başa çatmış terapiya korpusunda tədris və müalicə üçün yeni avadanlıqlar, cihazlar quraşdırılır, "tibb şəhərciyi"nin mərkəzi meydanı yeni görkəmə salınır.
Bütün bunlarla yanaşı, kafedralarda da işlərə yenidən baxılır, tədrisin səmərəsini və keyfiyyətini yüksəltmək üçün daha əlverişli vasitələr axtarılır, dərslik, dərs vəsaiti, proqramlar nəzərdən keçirilir, mükəmməlləşdirilir. Bir sözlə, hər kəs yubileyə təzə əmək uğuru ilə getməyə çalışır. Universitetimizdə mövcud olan 80-ə yaxın kafedra arasında bizim Azərbaycan dili kafedrasının da özünəməxsus yeri var. Hazırda kafedrada 17,5 ştat vahidində 19 müəllim çalışır. Onlardan 1 nəfər professor, filologiya elmləri doktoru, 11 nəfər filologiya üzrə fəlsəfə doktoru (onlardan 6 nəfər dosent, 2 nəfər baş müəllimdir), qalan 7 nəfərdən isə 1 nəfəri baş müəllimdir. Bundan başqa 1 kabinet müdiri, 2 laborant, daha 4 nəfər yardımçı əməkdaşımız var. Məncə, bu əlamətdar hadisə ərəfəsində kafedramızın tarixinə qısa nəzər salmaq da oxucular üçün maraqlı olar. Universitetimizdə tədris olunan fənlər içərisində "Azərbaycan dili" fənni də ən qədim tarixi olanlardandır. Belə ki, 1919-cu ildə Bakı Dövlət Universiteti təşkil olunarkən kadr qıtlığı üzündən təhsil rus dilində aparılırdı, gələcək mütəxxəsislərin Azərbaycan əhalisinə normal xidmət göstərmələri üçün onlara türk (Azərbaycan) dili də öyrədilirdi. (Sonralar Azərbaycan və rus bölmələri təşkil olunanda Azərbaycan bölməsində rus, rus bölməsində Azərbaycan dili tədris olunmağa başladı). Yaxın onilliklərə qədər "Azərbaycan dili" fənninin də daxil olduğu kafedralar "Dillər" (Azərbaycan dili ilə yanaşı latın, rus, Avropa dilləri) və "Azərbaycan və rus dilləri" adlandırılmışdır. İlk illərdə Azərbaycan dili fənnini XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyev, dövrünün tanınmış ziyalıları - Qədim bəy Şahtaxtinski, Qulamrza Qasımbəyli tədris etmişlər. 1930-cu ildə müstəqil Tibb İnstitutu təsis olunanda müxtəlif dillərin tədrisi ilə məşğul olan kafedraya məhz Azərbaycan dili müəllimi Q.Şahtaxtinski rəhbərlik etmişdir. 1932-ci ildə isə kafedraya yenə Azərbaycan dili müəllimi dosent Q. Qasımbəyli müdir təyin edilmişdir. O, 1937-ci ilə kimi bu vəzifədə qalmışdır. 1937-ci ildə həmin vəzifəni A.Zeynallı yerinə yetirmişdir. 1938-ci ildə isə kafedraya Böyük Ağayev rəhbər təyin olunur. 1939-cu ildən isə kafedrada hər fənn üzrə bir müəllim məsul şəxs təyin edilir. 1937-1938-ci tədris ilindən Azərbaycan dili fənninin tədrisi 10 semestrdən 4 semestrə endirilir. 1943-1944-cü tədris ilində müstəqil Azərbaycan dili kafedrası təşkil olunur və onun müdiri yenidən dosent Q.Qasımbəyli seçilir. Sonradan birləşdirilmiş halda fəaliyyət göstərən kafedraya ("Azərbaycan və rus dilləri") 1946-1958-ci illərdə Nurməmməd Şahsuvarov, Böyük Məmmədov rəhbərlik etmişlər. 1958-1964-cü illərdə bu vəzifəni baş müəllim (yenə Azərbaycan dili müəllimi) Həsən Atakişiyev, 1964-1968-ci illərdə filologiya elmləri namizədi Məmməd Qasımov yerinə yetirmişlər (Məmməd Qasımov sonralar Azərbaycan dilinin terminologiyası üzrə filologiya elmləri doktoru, professor dərəcəsinə yüksəlmiş, AMEA-da, ali məktəblərdə müxtəlif rəhbər vəzifələrdə işləmişdir). Onu da qeyd etməyi lazım bilirik ki, bütün bu dövrlərdə kafedranın (Azərbaycan dili fənninin tədrisi nəzərdə tutulur) tədris-metodiki bazası zəif olmuş, tədris otaqları, müəllimlərin hazırlığı istənilən səviyyədə olmadığından ana dilimizin tədrisinin tarixi mərhələlərinə aid material, sənəd, demək olar, yox dərəcəsindədir. Kafedranın tarixi, onun müəllim heyəti, dərslik, dərs vəsaiti, proqram, metodik işləmələr, tələbələrin fəaliyyətinə aid materiallar və s. yalnız 1969-cu ildən sonrakı dövrə aiddir. 1969-cu ildə filologiya elmləri namizədi Səyyarə Mollazadə "Azərbaycan və rus dilləri" kafedrasına müdir seçilir. O bu vəzifəni təxminən 40 il şərəflə yerinə yetirmişdir (1968-ci ildə bir müddət kafedra müdirini əvəz etmişdir). Professor Səyyarə Mollazadə, hər şeydən əvvəl istedadlı dilçi alimdir. O, 1966-cı ildə mərhum professor, AMEA-nın müxbir üzvü Ə.Dəmirçizadənin rəhbərliyi ilə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1970-ci ildən dosent, 1988-ci ildən professordur. S.Mollazadə 7 monoqrafiyanın, 10 metodik vəsaitin, 170-ə qədər məqalənin müəllifidir. O, dialektologiya üzrə ilk azərbaycanlı qadın elmlər namızədi, toponimiya üzrə ilk azərbaycanlı qadın elmlər doktorudur. Professor S.Mollazadə, həmçinin, respublikada ilk dəfə çap olunan 584 səhifəlik "Azərbaycan toponimləri" ensiklopedik lüğətin həmmüəlliflərindəndir (1999). Professor S.Mollazadə 50-yə yaxın namizədlik və doktorluq işinin rəsmi opponenti olmuşdur. O, tələbələrə ən səmimi hisslərlə yanaşan bir müəllimdir. Professor S.Mollazadə hər şeydən əziz tutduğu doğma Azərbaycan dilini tələbələrə öyrətməklə kifayətlənmir, onlara Vətəni, onun tarixini, laylay qədər şirin olan dilini sevməyi aşılayır, bütöv, kamil insan olmaq üçün bunun misilsiz əhəmiyyətini dərk etdirir. Professor S.Mollazadə rəhbərlik etdiyi müəllimlərə öz yaxın adamları kimi baxmış, kafedranı isə özünün ailəsi hesab etmişdir. Ona görə də kafedranın əməkdaşları ona təkcə müdir olduğuna görə yox, bu böyük, səmimi ailənin başçısı, ağbirçəyi olduğuna görə dərin hörmət bəsləyirdilər. Onun rəhbərlik etdiyi dövrdə kafedranın tədris-metodiki, tədris-təşkilati və elmi-tədqiqat işləri, müxtəlif sənədlər, proqram, mövzu-təqvim planları sahmana salınmış, bunlar səliqəli qovluqlarda illər üzrə yerləşdirilmişdir. Həmin dövrdə müxtəlif mövzulu foto-sərgilər, yazıçılarımıza aid foto-albomlar tərtib olunmuş, bunlar sözün əsl mənasında, yaxşı bir muzey eksponatı kimi keçən illərin zəhmətinin danılmaz faktına çevrilmişdir. Hamımızın yaxşı yadındadır ki, kafedrada gənclərin mənəvi-əxlaqi tərbiyəsinə təsir göstərmək məqsədilə "Gənclik bir oyundur Günəşdən təmiz" adlı klubun məşğələləri necə coşqunluqla keçərdi. Professor S.Mollazadə dəfələrlə ATU rəhbərliyinin fəxri fərmanlarını almış, kafedranın aid olduğu fakültələrin Elmi Şurasının və ATU-nun Böyük Elmi Şurasının üzvü olmuşdur.
1984-cü ildən müstəqil olan "Azərbaycan dili" kafedrasında öz işinin ustası olan, ana dilimizi, ədəbiyyatımızı tələbələrə həvəslə öyrədən görkəmli ziyalılar işləmişlər. Filologiya elmləri namizədi, dosent Rafiq Vəkilov 1969-cu ildən kafedramızda fəaliyyət göstərmiş, özünün parlaq müəllimlik və gözəl ədəbiyyatşünaslıq bacarığı ilə müəllim yoldaşlarının və tələbələrin hörmətini qazanmışdır (o, 2006-ci ildə dünyasını dəyişmişdir). Kafedrada onun xatirəsi indi də daim əziz tutulur, xoş duyğularla yada salınır. Gənc filoloq alim İradə Vəliyeva çox erkən - ömrünün gözəl çağında həyatla vidalaşmış, sevimli ailəsinin, istəkli müəllim yoldaşlarının qəlbində xatirəyə çevrilmişdir. Kafedramızda az qala 50 il əmək sərf etmiş, bu yaxınlarda dünyasını dəyişmiş baş müəllim Dilrüba xanım Qiyasbəylinin adı daim hörmətlə yad edilir.
Kafedrada öz işinə məhəbbətlə yanaşan, dilimizı və ədəbi şəxsiyyətlərimizi, ümumilikdə xalqımızın maddi-mənəvi dəyərlərini tələbələrə cani-dildən öyrədən müəllimlərimiz də çoxdur, həmin əməkdaşların qüvvəsi ilə çox geniş tədris-metodiki işlər görülür. Azərbaycan dili universitetimizin rus və ingilis bölmələrində, Azərbaycan bölməsinin I-III kurslarında oxuyan xarici tələbələrə (müalicə-profilaktika, əczaçılıq və stomatologiya fakültələri) tədris olunur. Bunların hərəsi özünəməxsus tədris-metodiki cəhətlərə malikdir və xüsusi yanaşma tələb edir. Bundan başqa, hər il universitetimizin hazırlıq şöbəsinə xarici vətəndaşlar qəbul olunurlar. Onlara da təhsilə hazırlıq məqsədilə Azərbaycan dili əlifbadan başlayaraq tədris edilir. Azərbaycan, ingilis və rus bölmələrinə qəbul olunan, əksər hissəsi Cənubi Azərbaycandan, Türkiyədən və İraqdan (Kərkükdən) olan bu dinləyicilərə Azərbaycan dili tədrisinin də çox fərqli xüsusiyyətləri var və onları işimizdə mütləq nəzərə alırıq.
Kafedramız dərs yükünün miqdarına görə universitetimizdə orta mövqedədir (təxminən 12000-13000 akademik saat). Universitetimizdə digər qeyri-ixtisas fənləri kimi bizə də isti münasibət göstərilir. Kafedranın təchizatında, təmirində, dərs bölgüsündə, demək olar, heç bir ayrı-seçkilik hiss etmirik. ATU-nun rektoru, digər rəhbər şəxslər həmişə kafedramıza, onun əməkdaşlarına, doğma ana dilimizə dərin hörmət və qayğı ilə yanaşır, onun tədrisinin təkmilləşməsi üçün hər cür şərait yaradırlar.
Ümumiyyətlə, müstəqil ali məktəb kimi fəaliyyətinin 80 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Tibb Universitetinin illərin sınağından çıxmış özünəməxsus tədris və ictimai-təşkilati ənənələri var. Biz də bir humanitar təmayüllü kafedra olaraq bu ənənələrə sadiq qalmaq, daha da zənginləşdirmək üçün daim səylərimizi artırmağa çalışırıq.

{nl}

Akif MİRİYEV, ATU -nun Azərbaycan dili kafedrasının müdiri, dosent

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında