Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilmişdir

Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli iştirak etmişlər.

Nazirliyin informasiya şöbəsindən aldığımız məlumatda deyilir ki, elektron dərslik portalı barədə məlumat verən Emin Əmrullayev qeyd etmişdir ki, indiyədək bu resurslardan 5 mindən çox insan istifadə etmişdir. Bunların yarısından çoxu Bakıda yaşayanlardır. İstifadəçilərin 1000 nəfərə yaxını Azərbaycan dili dərsliyinə aid resursdan yararlanmışdır. Hələlik Azərbaycan bölməsinin yalnız 6-cı sinif üzrə elektron dərslikləri portala yerləşdirilmişdir. Yaxın zamanda VII sinif üzrə 10, II və III siniflər üzrə isə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.

2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə barədə məlumat verən Həsən Həsənli prosesin yekunlaşdığını bildirmişdir. Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olmuşdur. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilmişdir. Ümumilikdə, indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə oxumağa göndərilmişdir. Sektor müdiri bildirmişdir ki, gələn il də azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin 2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.

Təhsil Nazirliyinin müxtəlif istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat verən Cəsarət Valehov demişdir ki, noyabrın 8-də Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək. Yürüşdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ümumi təhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

Cəsarət Valehov Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirilən ikinci layihə müsabiqəsi barədə də məlumat vermişdir. Artıq yekunlaşan müsabiqəyə QHT və ayrı-ayrı təşəbbüs qrupları tərəfindən 100-dən çox layihə təqdim olunmuşdur. Qiymətləndirmə komissiyasının qərarına əsasən, onların arasından təhsil sahəsində icrası məqsədəuyğun hesab edilən 21 layihə seçilmişdir.

Digər bir layihə “Gələcək - müəllimin əsəridir” mövzusunda keçirilən telesüjet müsabiqəsidir. Jurnalistlər arasında keçirilən bu müsabiqənin məqsədi kənd məktəblərində işləyən gənc müəllimlərin fəaliyyətini işıqlandırmaq, ictimaiyyət arasında müəllim nüfuzunu yüksəltməyə töhfə verməkdən ibarətdir. Müsabiqəyə həm respublika miqyaslı, həm də regionlardakı telekanallarda nümayiş olunmuş süjetlər təqdim edilmişdir. Tədbirdə telesüjet müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırmışlar.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında