ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb

Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin icraçı katibi xanım Şeri Tros imzalayıblar.

Bu sənəd ADT-nin müvafiq dəstəyi əsasında ADA Universiteti və təşkilata üzv dövlətlərdə yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.

Hafiz Paşayev imzalanmış sənədin dünyanın bu bölgəsini təmsil edən tələbələrin ADA Universitetinə daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını söyləyib. Rektor əlavə edib ki, ADT ilə əməkdaşlıq,  eyni zamanda, Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaq. Hafiz Paşayev ADT təmsilçilərini ADA Universitetinin fəaliyyəti haqqında məlumatlandırıb. Bildirilib ki, Azərbaycanın ən qabaqcıl və dinamik təhsil ocaqlarından olan ADA Universiteti təsis edildiyi gündən beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı və yeni tərəfdaşlıqların təsis edilməsinə davamlı şəkildə əhəmiyyət verib. Hazırda Universitet yüksək dünya standartlarına cavab verən təhsil proqramları tədris etməkdədir.

Amerika Dövlətləri Təşkilatının inkişaf üzrə icraçı katibi Şeri Tros və beynəlxalq münasibətlər üzrə katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrdən danışıb, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə verəcəyi töhfəni qeyd edib. O, əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT-yə üzv dövlətlərdə insan kapitalının inkişafına verəcəyi dəstəyin əhəmiyyətini vurğulayıb.  

1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT-nin 35 üzvü var. Təşkilat Amerika qitəsinin bütün müstəqil dövlətlərini özündə birləşdirir. Bu baxımdan ADA Universitetinin imzaladığı əməkdaşlıq sazişi Azərbaycan və geniş coğrafiyanı əhatə edən ADT-yə üzv dövlətlər arasında uzunmüddətli insan bağlarının qurulması baxımından mühüm rol oynayacaq. Saziş bir neçə ildən bəri ADA Universitetinin Amerika qətisi ölkələri ilə apardığı fəaliyyətləri daha da gücləndirəcək. Bu günədək Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təqaüdlər əsasında Meksika, Argentina, Ekvador və Baham adalarından olan tələbələr ADA Universitetində təhsil alıblar, bəzi Latın Amerikası ölkələrinin diplomatları isə qısamüddətli təlimdən bəhrələniblər. Universitet Argentina və Kolumbiya təhsil təsisatları ilə anlaşma memorandumları imzalayıb, Braziliya, Kuba və Argentinadan müəllim heyətini mühazirələr oxumağa dəvət edib və arzu edən tələbələrə ispan dilinin tədrisini təmin edib.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında