Bakıda rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfrans işə başlayıb

Oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) rus dilinin dəstəklənməsinə, bu dilin qorunub saxlanılması və tədrisi üzrə regional konfransın açılışı olub.

Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti tərəfindən dəstəklənən bu layihə BSU-nun fəal iştirakı ilə həyata keçirilir.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev konfransın məqsədi barədə məlumat verib, həmçinin rus dilinin işlənməsi, tədrisi və tədqiqi sahəsində Azərbaycandakı vəziyyət, qazanılmış nailiyyətlər barədə danışıb. Rektor ölkəmizdə rus dilinin tədrisi və istifadəsi üçün dövlət səviyyəsində bütün şəraitin yaradıldığını, orta və ali təhsil müəssisələrində tədris və tədqiq olunduğunu qeyd edib.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışında rus dili və ədəbiyyatının inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, rus dilinin istifadəsi üçün Azərbaycanda münbit şəraitin olduğunu söyləyib: “Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb və bunun üçün mübarizə aparmağa ehtiyac yoxdur. Çünki bu ölkədə rus dilinin yayılması və dinamik inkişafına kifayət qədər diqqət göstərilir”.

Konfransda, həmçinin Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Zlatoust” tədris-nəşriyyat mərkəzinin baş redaktoru Anna Qolubeva rus dilinin qorunub saxlanılması və tədrisi ilə bağlı məsələlərin aktuallığından, Azərbaycanın bu sahədə uğurlarından danışıblar.

İki gün davam edəcək elmi-metodiki konfransda rus dilini tədris edən mütəxəssislər fikir mübadiləsi aparacaqlar. Bakı Slavyan Universitetinin bazasında rusiyalı ekspertlərin, Azərbaycandan və Gürcüstandan olan müəllimlərin iştirakı ilə BSU-nun Məktəb-Lisey Kompleksində, həmçinin 160 nömrəli Klassik Gimnaziyada bölmə iclasları keçiriləcək. İclaslarda rus dilinin tədrisində yeni texnologiyaların istifadəsi, rus dili və ədəbiyyatının tədrisi prosesində milli-mədəni dəyərlərin qorunub saxlanılması məsələlərinə dair çıxışlar, diskussiyalar və təqdimatlar nəzərdə tutulur.

Konfransa Bakı şəhərinin ali və orta təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən (Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Şamaxı, Xaçmaz, Salyan, Göyçay, Tovuz, Şəmkir, Abşeron, Qusar, Quba, Lənkəran, Cəlilabad) nümayəndələr də qatılıblar.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında