Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatorunun təqdimatı

Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə İBİ-nin ofisində yaradılmış şəraitlə tanış olublar. Universitetdə İBİ üçün zəruri avadanlıqlarla təchiz edilmiş 4 ofisdə yaradılan şərait qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sektorunda ciddi islahatlar davam etməkdədir. Həmin strategiyada tələbələrin biznes biliklərinə və bacarıqlarına mükəmməl yiyələnməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib və tədbirlər planında öz əksini tapıb. ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubatoru ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir.

15 iyul 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə ADİU arasında İnnovativ Biznes-İnkubatoru yaradılması barədə müqavilə imzalanmışdır. Müqaviləyə uyğun olaraq, 15 iyul-1 dekabr tarixlərində İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulmuşdur. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startap artıq fəaliyyətə başlayıb.

Səriştəli kadrların hazırlanması baxımından inkubatorla yanaşı, növbəti layihə Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaradılmasına başlanılan Virtual Müəssisə (VM) layihəsidir. VM imkan verəcəkdir ki, tələbələr virtual məkanda praktiki biliklərini formalaşdıraraq təkmilləşdirsinlər. Bununla əlaqədar dünyada ildən-ilə biznes inkubatorun təkcə onun ərazisində yerləşən şirkətlərə deyil, həm də digərlərinə təklif etdiyi xidmətlərin sayı artır. Geniş müştəri dairəsinə xidmətlərin göstərilməsi biznes inkubatorun səmərəliliyinin artması və maliyyə sabitliyinə xidmət edir.

Universitetimizdə Biznes Mərkəzi, Elm və İnnovasiyalar Mərkəzi  yaradılmışdır ki, bunlar da Təhsil Nazirliyinin  yeni konsepsiyasına uyğun olaraq ADİU-da “tədris-elm-biznes” üçbucağının formalaşmasına müsbət təsir göstərəcəkdir. Rektor sonda qeyd edib ki, ADİU-da yüksək keyfiyyətli, əmək bazarının tələblərinə cavab verən şəxsiyyət və səriştəyönümlü kadr hazırlığının təmin edilməsi üçün bütün gücümüzü səfərbər edəcəyik.

Sonra nazir Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfə ADİU-da yaradılmış İnnovativ Biznes-İnkubatoru haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin ADİU-da yaradılması təsadüfi deyil. Çünki bura iqtisadi təfəkkürü, iqtisadi elmi, gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İnnovativ Biznes-İnkubatoru tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssilərində təhsil alan tələbələr də yararlanacaqlar.

Daha sonra çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunun gələcək perspektivlərindən danışıb. O deyib: “İnnovativ Biznes-İnkubatoru əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq. Ali təhsil müəssisələrində belə layihələrin həyat keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda, bu layihə gənclərin sahibkarlıq fəaliyyətlərinin önə çıxmasına kömək edəcək. Dövlət “Gənclər siyasəti haqqında” Qanunda gənclərin işlə təmin olunması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə ayrıca bənd ayrılıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu və həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəncliyin hərtərəfli inkişafına ayırdığı diqqətin bariz nümunəsidir".

Sonra ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, İnnovativ Biznes İnkubatoru “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına müvafiq yaradılıb. “İnnovativ Binzes-İnkubator” əsasən startaplar, təlim mərkəzi, biznes klinik və kovorkinq istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı icra etmək, ADİU-nun professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.

Sonra İBİ startaplarının – “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb” veb dizayn studiyasının təqdimatı olub.

 

Elnarə ÖMƏROVA

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında