Azərbaycanın tanınmış alimi, coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının professoru Neron Babaxanovun 75 yaşı tamam olur. Neron müəllim Qazax rayonu, Ağstafa bölgəsinin Yenigün kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Ziyalı demişkən, görkəmli şairimiz Hüseyn Arifin müəllimi olmuş və şeirlərində böyük hörmətlə anılan Aslan müəllim Neron Babaxanovun atası idi.
Orta məktəbi əla qiymətlərlə bitirən Neron Babaxanov 1957-ci ildə o zamankı Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil olmuş və 1962-ci ildə ali təhsilini başa vuraraq iqtisadi coğrafiya ixtisası almış və ömrü boyu bu vicdanla qulluq göstərmişdir. Əvvəlcə Azərbaycan Dövlət Universitetinin laborantı işləmiş, sonra əyani aspiranturasına daxil olmuş və Moskva Dövlət Universiteti SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının məqsədli aspiranturasında təhsilini davam etdirmişdir. O zamanlar respublikada suvarılan ərazilərin genişləndirilməsi, yeni torpaq sahələrinin mənimsənilməsi, Kür-Araz ovalığı və Mil-Muğan düzlərində əhalinin məskunlaşması problemləri aktuallaşmışdı. Belə bir mürəkkəb problemin həllini N.Babaxanov özünün namizədlik dissertasiyasında qarşıya qoyur və görkəmli sovet alimi N.Y.Kovalskayanın rəhbərliyi ilə müdafiə edərək 1970-ci ildə elmlər namizədi alimlik dərəcəsi alır, 1973-cü ildə isə kafedranın dosenti olur. 1966-1989-cü illərdə professor N.Babaxanov Azərbaycan Xalq Təsərrüfatı və Leninqrad Maliyyə – İqtisad İnstitunun Bakı filalında çalışmışdır.
Keçmiş SSRİ-də təbii fəlakətlər və onların törətdiyi fəsadlar haqqında açıq mətbuatda məlumat vermək, demək olar ki, yasaq edilmişdi. Belə bir şəraitdə Moskva Dövlət Universitetinin əyani doktorantı olan N.Babaxanov özündə cəsarət taparaq Azərbaycanda həmin problemlərin elmi həlli ilə məşğul olmağa başlayır. “Təbii fəlakətlərin iqtisadi-coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları (Azərbaycanın timsalında)” mövzusunda doktorluq dissertasiyasını 1986-cı ildə Leninqrad (indiki Sankt – Peterburq) Universitetinin Elmi Şurasında müdafiə edir və bir il sonra 1987-ci ildə coğrafiya elmləri doktoru alimlik dərəcəsinə, 1990-cı ildə isə professor adına layiq görülür. Onun müdafiə etdiyi doktorluq dissertasiyası SSRİ Ali Attestasiya Komisiyasının qərarına ilə 1987-ci ilin mühüm elmi işi kim qeydiyyata alınmışdır. Onu da demək lazımdır ki, o zamanlar keçmiş SSRİ məkanında və həmçinin respublikamızda təbii fəalkətlərin iqtisadi coğrafiyasına həsr olunmuş çox az sayda işlərdən biri də məhz Neron Babaxanovun apardığı tədqiqat idi.
Professor N.Babaxanov uzun illərdən bəri elmi-pedoqoji sahədə müvəffəqiyyətlə fəaliyyət göstərir. 1966-1989-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı və Sankt-Peterburq (keçmiş Leninqrad) Maliyyə – İqtisad institutlarında iqtisadi coğrafiya kursları üzrə mühazirələr oxumuşdur. 1989-cu ildən müsabiqə yolu ilə Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri vəzifəsinə seçilir, 1989-1991-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Həmin illərdə onun rəhbərliyi altında müqavilə əsasında Azərbaycanda orta təhsil və texniki peşə məktəblərinin coğrafi şəbəkəsini əks etdirən orijinal xəritə hazırlanmışdır. O, həmçinin bir müddət Dağlıq Qarabağa ezamiyyə olunur və orada təhsil şəbəkələrinin yenidən qurulmasında, Xocalı Rayon Maarif Şöbəsinin təşkilində yaxından iştirak edir və bütün bu fəaliyyətinə görə nazirlik tərəfindən mükafatlandırılır. Yenidən Bakı Dövlət Universitetinə qayıdan professor N.Babaxanov 1991-1992-ci illərdə iqtisadi məsələlər üzrə prorektor olmuşdur. 1992-ci ildən indiyədək iqtisadi və sosial coğrafiya kafedrasının professoru vəzifəsində çalışır.
Təbii fəlakətlərin iqtisadi və sosial coğrafiyasının öyrənilməsi sahəsində keçmiş Sovetlər Birliyində və Azərbaycanda ilk tədqiqatçı alimlərdən Neron müəllimin şəxsi təşəbbüsü ilə BDU-nun coğrafiya fakültəsində ilk dəfə olaraq təbii fəlakətlərin iqtisadi-coğrafiyası ixtisas kursu tədris olunmağa başlanmışdır.
Daim axtarışda olan alimin qələmindən çıxan 200-ə qədər elmi əsəri, o cümlədən 5 monoqrafiyası Azərbaycanda və Müstəqil Dövlətlər Birliyi ölkələrində işıq üzü görmüşdür.
Bütövlükdə, professor Neron Babaxanov Azərbacanda təbii fəlakətlərin iqtisadi və sosial coğrafiyasının öyrənilməsində mühüm nailiyyətlər qazanmışdır və indi də bu sahədə yüksək ixtisaslı kadrlar hazırlığına rəhbərlik edir. O, Azərbaycanın regionlarında baş verən təbii fəlakətlər, onların növləri, yayılmasının coğrafiyası, əsas səbəbləri və törətdikləri dağıntılar və s. haqqında aparılan tədqiqatların müəllifidir. Bu hadisələri əks etdirən kompleks xəritələrin hazırlanması sahəsində apardığı tədqiqatlardan, topladığı təcrübədən respublikanın müvafiq təşkilatları tərəfindən istifadə olunması dağıntıların təsirinin xeyli dərəcədə azaldılmasında, əhalinin və onların təsərrüfatlarının sığortalanmasında əhəmiyyətli rol oynaya bilər. Onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. O, hazırda da magistrant, dissertant və fəlsəfə doktorlarının dissertasiya işlərinə rəhbərlik edir. 2002-ci ildə professor N.Babaxanovun akademik Budaq Budaqovla Moskvada çap etdirdikləri “Təbii dağıdıcı hadisələr və onların iqtisadi nəticələri (Azərbaycan Respublikasının timsalında)” elmi məqaləsi 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Yer elmləri bölməsində ilin mühüm elmi işi kimi qeydiyyata alınmışdır.
Neron məllim həm də peşəkar mühazirəçi və təcrübəli pedaqoqdur. Onun mühazirələri bir qayda olaraq, tələbə auditoriyalarında maraqla qarşılanır. Onun Kür çayında baş verən daşqınları və onun fəsadlarını gözləri ilə görmələri üçün tələbələri Salyan, Neftçala, Sabirabad və s. rayonların ərazilərinə çöl təcrübəsinə aparması ənənə şəklini alır və maraqla qarşılanır. Professor bakalavr pilləsində oxuduğu “Təbii fəlakətlərin iqtisadi-coğrafiyası”, magistratura pilləsində “Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf problemləri” fənlərinin proqram və metodiki göstərişlərini çap etdirmişdir.
O, coğrafiya fakültəsinin nəzəri seminarlarında təbii fəlakətlər və onların Azərbaycan iqtisadiyyatına, regionlara vurduqları ziyanlar və buna qarşı mübarizə tədbirləri haqqında tez-tez məruzələrlə çıxış edir. Həmçinin, Azərbaycanın dövlət qəzetlərində elmi-publisistik məqalələrini dərc etdirir, müxtəlif televiziya kanallarında bu mövzuda çıxışlar edir.
Professor Neron Babaxanov respublikanın elmi həyatında da fəal iştirak edir. Bir çox konqres, beynəlxalq simpozium, konfrans və qurultaylara nümayəndə seçilib, məruzələrlə çıxışlar edib. Hazırda AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Coğrafiya üzrə Problem Şurasının sədr müavini, BDU-nun coğrafiya fakültəsi Elmi Şurasının üzvüdür. Görkəmli alimin xidmətləri universitet rəhbərliyi və digər təşkilatlar tərəfindən müxtəlif fəxri adlar və mükafatlarla təltif edilmişdir. Neron müəllimi 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
F.İMANOV,
Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin dekanı, professor,
T.HƏSƏNOV,
iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.